"Aİ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir, çünki..." - POLİTOLOQ AÇIQLADI

“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və Azərbaycanın xarici siyasətində Avropa İttifaqının (Aİ) xüsusi rolu var. Həmçinin Azərbaycanın xarici ticarət partnyorları ilə ticarət dövriyyəsi, iqtisadi münasibətlərdə Aİ ilə ticarət həcmi kifayət qədər böyükdür və eyni zamanda burada neft-qaz faktoru da mühüm rol oynayır. Azərbaycanın enerji ixrac etdiyi tərəfdaşlarından ən böyüyü Avropa İttifaqıdır. Ötən ilin sonlarında çox uğurla istifadəyə verilmiş Cənub Qaz Dəhlizi xüsusi rol oynayır. Bununla Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu bir qədər də artırdı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, Cənub Qaz Dəhlizi çətin və mürəkkəb sistemlərdən ibarətdir: “Beləki, 3 seqmentdən ibarət olması onun xüsusi özəlliyidir. İlk mərhələdə Şahdəniz 2 yatağından hasil olunan qazın Cənubi Qafqaz Qaz boru kəməri ilə nəqlini daha sonra TANAP və TAP ilə birləşdirilməsi nəzərdə tutulur. Bu layihə birmənalı şəkildə Azərbaycanın siyasi iradəsi sayəsində mümkün olub. Bu layihə ilə paralel bir neçə layihə də var idi, lakin sırf Azərbaycan, Gürcüstan və Türkiyənin birgə siyasi iradəsi və vizyonu sayəsində baş tutub. Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verildiyi ilk çağlarda onun adı Bakı-Tbilisi-Ərzurum qaz kəməri idi, daha sonra isə TANAP-ın çəkilməsilə bağlı mühüm qərar qəbul olundu və bütün Türkiyə ərazisi boyunca Trans-Anadolu qaz boru kəməri istifadəyə verildi. Daha sonra 2007-ci ildə bu qaz kəmərinin Yunanıstana çıxışı təmin olundu. İtaliyada qazpaylayıcı şəbəkəyə qoşulmaqla Azərbaycan Avropanın bir sıra dövlətlərini, eləcə də Balkan ölkələrində olan qaz istifadəçilərini mavi yanacaqla təmin edəcək. Bu həm də Aİ-nin enerji strategiyasına maraqlarına cavab verən bir layihədir. Xüsusilə, 2014-cü ildə Avropada qəbul olunmuş enerji strategiyasına müvafiq olaraq bu layihə enerji diversifikasiyasına da uyğundur. Buna görə də layihənin həm ABŞ Dövlət Departamenti, eləcə də Avropa Komissiyası tərəfindən siyasi dəstəyi də mühüm əhəmiyyət kəsb edir”.

İ.Hüseynov vurğulayıb ki, bu layihə eyni zamanda iqtisadi bir layihədir: “Enerji tədarükü bu gün ən prioritet məsələlərdəndir. Bu nöqteyi-nəzərdən də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri və rolu Avropa üçün də mühümdür. Aİ-nin region dövlətləri ilə prioritet layihəsi olan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də münasibətlər yüksələn xətlə inkişaf edir. Burada demokratik institutların inkişaf etdirilməsi, təhsil və insfrastruktur ilə bağlı mühüm layihələr icra olunur. Bu gün Azərbaycan öz gücü sayəsində nəqliyyat infrastrukturunun, dəmiryol xəttlərinin, avtomobil yollarının yenidən qurulması işini həyata keçirir ki, bu da Avropa İttifaqının ümumi siyasi konsepsiyasına uyğun fəaliyyətlərdir və burada xüsusi əhəmiyyət kəsb edən məsələ Azərbaycanın nəqliyyat qovşaqlarında hər keçən gün artan roludur. Azərbaycan Şimal-Cənub eləcə də Şərq-Qərb nəqliyyat dəhlizlərində mühüm rol oynayır. Eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Zəngəzur dəhlizinin çəkilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət də Avropa İttifaqı tərəfindən təqdir olunmalıdır. Bəzi qaranlıq məqamlar, uzlaşmayan bəzi fikirlər olsa belə bunların da siyasi danışıqlar yolu ilə çözülməsi digər aktuallıq kəsb edən məsələdir. Düşünürəm ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfəri çərçivəsində də bu tipli məsələlərə aydınlıq gətirilib”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə