Zəngəzur tarixdən bu günə - ARAŞDIRMA

Ermənilər digər ərazilərdə olduğu kimi Zəngəzura da ara-sıra hücumlar edirdilər, hədəflədiyi ərazilərdə qırğınlar törədirdilər. Tamamilə eyni ssenari ilə havadarları olan Rus hökumətinin təşkil etdiyi köçürmə siyasəti ilə əraziyə köçürülürdülər. Proseslərin davamı olaraq Rus hökuməti onlara hər cür imtiyaz və mühafizə vəd edirdi. Bu ənənə Pyotr zamanında qoyulmuşdu. Onun varisləri isə Pyotrun irsinə sahib çıxıb, Türk torpaqlarına göz dikir, bura erməniləri köçürdürdülər. Onlar demək ki, həmişə eyni səhnələri qururdular. Bölgədəki ermənilər qətllər törədir və yerli əhalinin cavabı ilə qarşılaşırdılar. Beləliklə özlərini yazıq duruma salıb rus hökumətinin diqqətini cəlb edirdilər. Bunlar da bəs etmədikdə, soyqırıma məruz qaldıqları barədə nağıllar yazırdılar.

Zəngəzur digər türk torpaqları ilə birgə, Çar Rusiyasının işğalı altında olarkən, Yelizavetpol quberniyasına aid idi. 1905-ci ildən başlayaraq, 1914-1920-ci illərdə silahlı erməni birləşmələrin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali öldürülüb. Həmin illərdə Zəngəzurda yüzlərlə müsəlman kəndi tamamilə yer üzündən silindi. On minlərlə əhali öldürüldü. Müəyyən bir müddət Osmanlı ordusu köməyimizə çatsa da 1918-ci ildə bağlanmış Mudros müqaviləsinə görə, Osmanlı öz ordusunu geri çəkmək məcburiyyətində qaldı.

Daha sonra ingilis hökuməti də AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdı, belə ki, Zəngəzur qəzası da bura daxil idi. AXC-in göndərdiyi ordu Zəngəzura doğru irəlilədi. Dığ yaxınlığında qalib gəlsələr də yenicə yaranmış ordu geri çəkilməyə məcbur oldu.

Azərbaycanda sovet hökuməti yarananda bölgənin böyük hissəsi ermənilərdə idi. Qarabağın dağlıq hissəsinə və Zəngəzura da hücumlar olurdu. Sovet hakimiyyəti Azərbaycanda qurulduqdan sonra Zəngəzurda ermənilər, yüz illərdir öyrəşdiyi kütləvi köçürmə və sahiblənmə prosesinə burada da başlayırlar. XX əsrin 20-ci illərində Azərbaycan SSRİ-nin natolarına baxmayaraq ermənilərin həyata keçirdiyi proses tam axarında davam edirdi. Zəngəzurun Ermənistana verilməsi ilə 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarda vətənimizi bölən daha bir qərar verildi. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi və Şərqi Zəngəzur qəzasına bölmək təklif edildi. Beləliklə Zəngəzur ikiyə bölünərək, yarısı Ermənistan SSRİ-yə verildi.

Nəriman Nərimanov isə öz çıxışında bildirir “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar. Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün açır".

Zəngəzur 1933-cü ildə rayonlara bölünərək öz adını da itirdi. 1992-1993-cü illərdə isə digər Zəngəzur torpaqları da işğal olundu.

İllər sora ikinci Qarabağ savaşında, Şanlı Ordumuz tarixi torpaqlarımızı qaytardıqdan sonra növbə qədim türk torpağı olan Zəngəzura çatdı.

Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında deyib: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün...”.

N. Nərimanovun da çıxışında Ermənistanın xeyri haqqında danışılırdı. Cənab Prezidentin nitqində isə qazanan tərəf biz oluruq. Bəlkə elə Ali Baş Komandanımız həm də N.Nərimanovun Zəngəzurun verilməsi ilə bağlı çıxışından xəbərdar olanların ürəyində qoyduğu alova su sərpmək üçün bu cümləni demişdi. Yəni Ermənistanın xeyri yalnız bizim ərazi bütövlüyümüzdən sonra düşünülə bilər.

Zəngəzur torpaqlarının dəyəri və əhəmiyyəti bütün dünya siyasətçiləri və liderlərinin fikrinə görə böyükdür. Baxmayaraq ki, türk heç vaxt öz torpağına dəyər verə bilməz. Qiymət yalnızca satılan mövhumlara şamil edilir. Həmvətənlərimizin, qanımızdan olanların qanının töküldüyü hər yer vətəndir. O torpağa dəyər qata biləcək tək şey şəhidlərimizin qanı və üçrəngli bayrağımızın kölgəsidir. Bu bayrağın kölgəsini tezliklə Zəngəzurda və başqa işğal olunmuş, bölünmüş torpaqlarda görmək ümidi ilə.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə