Putinin kuklası və rusların marioneti TƏHLİL

Koçaryan Rusiyanın marioneti kimi qaldığını bir daha sübut etdi və Kremlin köməyi ilə Ermənistanda hakimiyyəti ələ keçirmək niyyətində olduğunu da ortaya qoydu. Robert Koçaryanın Rusiya KİV-ləri üçün verdiyi mətbuat konfransı, onun Ermənistanda hakimiyyətə iddialı olduğunu təsdiqləyir.
Əgər bu günə qədər Ermənistanda belə kimsə Koçaryanın müxalifət qüvvələrinin arxcasında durduğunu, ən azından onlara qoşulduğunu, onlarla eyni ideyanı bölüşdüyünü düşünürdüsə, indi ikinci prezidentin Paşinyanın yerinə göz dikməsi hamıya bəlli oldu. Üstəlik, onun Rusiyanın və dost adlandırdığı Vladimir Putinin köməyi ilə hakimiyyəti ələ keçirmək planları nəinki bəlli oldu, o bunu demək olar ki, açıq şəkildə bəyan etdi.
Ola bilsin, kimsə Koçaryan barədə, onun hakimiyyətə, Paşinyanın yenə iddialı olduğu fikirlərinə şübhə ilə yanaşa bilər və bunu qərəz də hesab edər. Amma bu şübhələri bir sıra məqamlar təbii ki, alt-üst edir. Belə ki, Koçaryanın Ermənistanda və ermənilər üçün deyil, Rusiyada və eyni zamanda Rusiya mətbuatı üçün mətbuat konfransı çağırması, keçirməsi diqqəti cəlb etməyə bilməz. Bir ölkənin eks-prezidenti öz ölkəsində deyil, başqa qonşu dövlətdə, özü də hər zaman ətəyindən tutaraq sığındığı, kömək umduğu, yeri gələndə yalvardığı bir ölkədə mətbuat konfransı keçirir, həmin ölkənin kütləvi informasiya vasitələri qarşısında fikirlərini bildirirsə, buna nə ad vermək olar? Koçaryanın bu şəkildə davranışını qeyd olunandan başqa hansı şəkildə və necə izah etmək olar? Yoxsa, eks-prezident öz ölkəsinin vətəndaşlarına sözünü başqa ölkədə keçirdiyi mətbuat konfransından çatdırmalı idi və buna hansısa ehtiyac duyulurdu? Ən azından o hakimiyyətə iddialı olduğunu və Paşinyanın yerinə gəlmək, daha doğrusu, baş nazir postunu ələ keçirmək istəyini, məqsədini Ermənistan vətəndaşları, ermənilər qarşısında bəyan edə bilərdi, özü də birbaşa. Təbii ki, Ermənistan vətəndaşlarına, erməni seçicilərinə, ölkə əhalisinə güvənən bir siyasətçi və hakimiyyətə iddialı kəs belə edərdi. Amma, nəinki ermənilər, başda elə ruslar olmaqla, bütün dünya bunun şahidi oldu ki, Koçaryan belə etmədi və deməli, heç də ermənilərə, Ermənistan vətəndaşlarına güvənərək hakimiyyət arzusuna düşməyib.
Əgər Koçaryan düşüncələrini, yaxud erməni cəmiyyəti üçün seçki proqramını potensial seçicilərinə, təbii ki, onlar varsa, çatdırmaq istəyirdisə, ilk növbədə rus jurnalistləri ilə deyil, erməni jurnalistləri ilə görüşə bilər, onlara izah edə bilərdi. Amma bunun əksi müşahidə olundu. Özü də, naşı bir siyasətçinin davranışında deyil, bir zaman işğalçı ölkənin rəhbəri, prezidenti olmuş birinin hərəkətlərində gözləntilərin əksi gözə çarpdı. Maraqlıdır, nədənsə, siyasətdə və "saray oyunlarında" Koçaryan qədər təcrübəli, eləcə də hiyləgər bir adam bunu guya anlamadı və bu təzahür heç də inandırıcı deyil. O, bunun yanlış olduğunu da, ermənilərdə ikrah doğuracağını da gözəl bilirdi, özü də əvvəlcədən. Belə olan halda, özü də hakimiyyəti ələ keçirmək iddiasında olduğu bir zamanda xalqının nifrətini hesablamadı yoxsa Robert? Xeyir, hesabladı, amma saya, hesaba almadı. Çünki, işğalçı ölkənin ikinci prezidenti hakimiyyəti ələ keçirmək üçün erməni xalqına, Ermənistan cəmiyyətinə deyil, Rusiyaya, şəxsən Rusiya prezidentinə sığındı. Bununla da hamıya, ələlxüsus ermənilərə də özünün Rusiyanın bir adamı, həmin ölkənin başçısının kuklası, marioneti olaraq qaldığını bir daha göstərdi.

Koçaryanın Rusiya kartından necə məharətlə istifadə etdiyinə, eləcə də bu istiqamətdə oyunlarına diqqət yetirəndə də çox məqamlar aydın olur. Xatırladaq ki, Paşinyanı 2018-ci ildə hakimiyyətə "yerləşdirən" və o vaxtdan bəri Ermənistanı idarə edən bədnam Soros Fondunu Koçaryan hər zaman kəskin tənqid edib. "Sorosun rəhbərlik etdiyi təşkilatın və bu kimi digər strukturların fikirləri və dəyərləri Ermənistanı məhvə aparır", fikirləri Koçaryana məxsusdur. Mübahisə etmək niyyətində deyilik və əslində, "Şər İblisi" ləqəbli Soros kimi biri barədə söylənilən fikirlərdə, bu iblisin fondunun əməllərinin çirkin niyyətli, hərhansı ölkəni məgvə apardığı fikri söyləyərkən hər kəs haqlıdır. Bunun bütün dünya şahididir və bir gün ərzində Britaniya banklarını çökdürən bir hiyləgər barədə bütün dünya artıq çıxdan məlumatlıdır. Üstəlik, bu iblisin ölkələrin daxili işinə qarışması, öz çirkin niyyətlərini həyata keçirmək üçün elə çirkin planlar qurduğu, bəzən də onu reallaşdıra bildiyi də sirr deyil. Amma, məsələ burasındadır ki, Koçaryan kimi bir hiyləgərin bu ifadələri işlətməsi heç də ədalətli, doğru yanaşmanın təzahürü deyildi. Bu fikirlər sıradan ifadələr də deyildi və işğalçı ölkənin ikinci prezidenti tərəfindən əvvəlcədən hiyləgərcəsinə söylənilən sözlər idi və Rusiyanın, eləcə də bu ölkənin prezidenti Putinin xoşuna gəlməsinə hesablanmışdı. Koçaryan bu sözlərini həm də Paşinyanın "yol vermədiyi" Rusiya tərəfdarlarının qulağına xoş gəlsin deyə dövriyyəyə buraxdığı indi də özünü təsdiqləyir.
Yeri gəlmişkən, Koçaryanın mətbuat konfransından dərhal sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Ermənistanın ikinci prezidenti Robertin Rusiyaya dost bir siyasətçi olduğunu elan etməyə tələsdi. Əgər hətta belədirsə, onda niyə belə bir açıqlama vermək lazım idi? Bu hansı xəbərdarlıq mesajıdır ermənilər üçün? Bəlkə, Peskov demək istəyir ki, ermənilərin nə düşündüyü, necə planlaşdırdığı onların heç vecinə də deyil? Ən azından Rusiya prezidentinin mətbuat katibi erməniləri xəbərdar edir ki, Rusiya Federasiyası Koçaryanla qarşılıqlı əlaqələrini inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəkdir.
Kimdir Robert Koçaryan və o, indi niyə mələk donuna girib, ən azından, "hakimiyyətə layiq siyasətçi" siması, sifəti niyə alıb? Bəlkə onun hansı cinayətlər törətdiyi barədə bilməyən var? Yoxsa, həmin o cinayətlərin müəllifi olan Koçaryan indi layiqli siyasi rəqibə çevrildi? O, prezident olduğu illərdə olduğu kimi qanlı cəllad olaraq qalır. Hansı üzlə belə bir insan yeni bir obrazda ermənilərin qarşısına çıxmağa çalışır? Görünür, elə bu üzsüzlüyünə görə öz xalqına arxalana bilmir və onun, Rusiyanın, şəxsən prezident Vladimir Putinin marioneti kimi siyasi meydana atılmaq və hakimiyyəti ələ keçirmək taktikası dərhal bəlli olur.
Lakin diqqətə çatdıraq ki, Rusların köməyi ilə Koçaryan hakimiyyətə iddia edə bilər və hər zamankı kimi erməniləri, Ermənistan vətəndaşlarını gözardına da alar. Ancaq unutmamalıdır ki, bütün ermənilər 2018-ci ildə Ermənistandakı çürümüş sistemi dağıtmağa qalxmışdılar, hərçənd Nikol Paşinyan da bundan sui istifadə edərək hakimiyyəti zəbt etməyi bacardı və indi onun da məsələsi meydanlarda həll olunur. Yəni, ələyi ələnib, xəlbiri də göydə fırlanır Paşinyanın. Koçaryan unutmamalıdır ki, Rusiyanın istəklərinə zidd olaraq Sarkisyan rejimini, eləcə də onun özünü də ermənilər 2018-ci ildə tarixin zibil qutusuna atıblar.
Koçaryanın Rusiyada, rus jurnalistləri üçün keçirdiyi mətbuat konfransından o da bəlli oldu ki, eks-prezident hakimiyyətə qayıdaraq, Ermənistanı "Rusiyanın peyki" etmək, başda özü olmaqla, erməniləri də təkrarən rusların ayaqları altına atmaq niyyətindədir. Təki, özünə hakimiyyət qazansın deyə hər şeyə hazır olan Koçaryan, rusların, şəxsən prezident Vladimir Putinin kuklası, marianeti kimi özünü görür. Ancaq səhv edir. Ermənistan vətəndaşları ikinci, hətta üçüncü prezidentin dövründəki ermənilər deyil və onlar Paşinyan kimi hiyləgərin belə sifətsizliyini, ikiüzlülüyünü görüb yaxşıca dərs alıblar. Onların bir daha Koçaryan tələsinə düşmək kimi bir arzusu nə ola bilməz, nə də buna kimsə ümid etməsin. Onu da diqətə çatdıraq ki, meydanlarda Paşinyana istefa tələbi səsləndirən idarəedilməz kütlənin qəzəbini Koçaryana ünvanlaması an məsələsidir. Bu cinayətkarın yeri Ermənistan hökumətinin idarəetmə aparatında, baş nazir kürsüsündə deyil, həbsxanadadır və bunu da ermənilər yaxşı başa düşürlər. Başa düşürlər ki, Putinin kuklası və rusların marioneti Ermənistan üçün lazım olan rəhbər deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə