Sosial yönümlü dövlət anlayışı özünü inkişafın Azərbaycan modelində göstərir

“Sosial dövlət nədir və yaxud da sosial dövlət necə olmalıdır sualı bir çox ictimai-siyasi və sosial mühitlərdə ciddi müzakirəyə səbəb olan suallardır. Əlbəttə, hər bir insan fərddir və onun bu məsələyə öz yanaşması ola bilər. Lakin mən düşünürəm ki, sosial siyasət həyata keçirən hər bir dövlət modeli məhz hər halda və bütün vəziyyətlərdə xalqının yanında olan, vətəndaşları ilə həmrəy olan dövlət modelidir. Müstqəilliyimizin 30-cu ildönümü hələ bu il tamam olacaqdır. Həqiqət müqayisədə meydana çıxır, lakin vurğulamaq lazımdır ki, bu otuz il ərzində Azərbaycan böyük çətinliklərdən, müharibələrdən, ixtişaşalardan keçərək dövlətini və dövlətiçiliyini inkişaf etdirmişdir. Bir milyona yaxın qaçqın və məcburi köçkün, Birinci Qarabağ müharibəsində şəhid olanların ailələrinin təminatı, əlillərin və veteranların qayğıları gənc dövlətimizin ağır yüklərindən idi. Lakin xoşbəxtlikdən istər 90-cı illərin əvvələrində, istərsə də sonralar Azərbaycan xalqı müdrik qərarlar və seçimlər edərək öhdəsinə düşən problemlərin həllinə praqmatik bir pəncərədən baxmağa zəmin yaratmışdır”. Bu fikirləri “Səs” qəzetinə acıqlamasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev bildirib.

Birinci Qarabağ müharibəsində iştirak edənlərə göstərilən diqqət və qayğı Vətən müharibəsində könüllü iştirak edənlərinn həm sayını artırdı, həm də cəmiyyətdə vətənpərvərlik hisslərini yüksəltdi, deyən Ə.Haqverdiyev diqqəti Şuşada Cənab Ali Baş Komandanın söylədiyi bir məqama yonəldərək dövlət başçısının “son on yeddi ildə yetişən gəncliyin Vətən Müharibəsində iştirakı və rolu müstəsnadır” fikrini xatırlatdı.: “Gəlin bir anlıq təsəvvür edək ki, gənc yetişərkən görür ki, yaxınında olan əmisi, dayısı, qonşusu şəhid ailəsidir və ya veterandır, əlildir və dövlətdən heç bir qayğı, diqqət görmür. Sual olunur, belə bir gənc İkinci Qarabağ müharibəsində iştirak edərdimi? Bu məntiqlə vəziyyət reallaşsa idi fərarilərin sayı düşmən ölkədə olduğundan da çox olmalı idi. Lakin bizdə bir nəfər də olsun fərari olmamışdır. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq. Onların igidliyi hərb məktəblərində hələ uzun illər öyrəniləcəkdir. Bu qəhrəmanlıq nümunələri bir tərəfdən millətin cəsarəti və şücaətidirsə, digər tərəfdən də dövlətin diqqəti və qayğısının təzahürüdür. Baxın, otuz il kimi qısa bir zamana biz həm də milli təfəkkürün formalaşdırılması kimi vacib bir məsələni sığdıra bilmişik”.

Azərbaycan xalqı müdrik xalqdır. O, tarixin bütün mərhələrindən alnıaçıq, üzüağ çıxmağı bacarmışdır. Bu gün baş verən hadisələr də bir daha göstərir ki, xalqımızın qələbələrinin arxasında böyük xalq və iqtidar birliyi dayanır. Ə.Haqverdiyev dövlətin vətəndaşa qayğısı və vətəndaşın dövlətə etimadının böyük zəfərimizin əsas səbəblərindən biri oldugunu bildirib: “25 fevral 2021-ci il tarixdə Ramanıda şəhid ailələri və qazilər üçün tikilmiş yaşayış binalarının təhvil verilməsi bir daha dövlətin vətəndaşına olan qayğısıdır. Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin diqqət mərkəzindədir. Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarətdir. Yaşayış kompleksi bütün zəruri sosial infrastrukturla təmin olunub. Əhalinin həssas təbəqəsi üçün məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunmuşdur. Möhtərəm Prezident tərəfindən cari ilin yanvarında təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Vətən Müharibəsindən sonra dövlət başçısı məcburi köçkünlərin üçün tikilən evlərin, binaların şəhid ailələri və Vətən Müharibəsi əlillərinə veriləcəyi ilə bağlı açıqlaması bütün cəmiyyətimiz tərəfindən sosial ədalət nöqteyi-nəzərindən məqbul hal kimi qəbul olunmuşdur. Dövlət öz öhdəliklərini böyük sürət və məsuliyyət hissi ilə həyata keçirir. Ramanı qəsəbəsindəki şəhərcikdə binaların hamısı müasir görünüşlü və yüksək keyfiyyətlə tikilib. Sakinlər üçün uşaq bağçası, 1200 yerlik məktəb və digər obyektlərin inşası canı və qanı hesabına vətənini qoruyanların heç bir sosial problemlə qarşılaşmamasına xidmət edir. Yəni yaşayış üçün bütün imkanlar var.

Bəli, biz möhtəşəm bir qələbə qazanmışıq. Biz bütün dünyadan bəlkə də birdəfəlik erməni faşizmini silib atmışıq. Ərazi bütövlüyümüzü tam təmin etmişik. Bizim müharibəmiz azadlıq savaşı idi, ədalət uğrunda mübarizə idi. Ermənistanın işğalçılıq siyasəti isə onu məhf etdi. Dünya birliyi susmuşdu. Lakin haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Lakin müharibənin öz qanunları var. İtkilərimiz də vardır. Biz öz yaralarımızı sarımağa başlamışıq. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilmişdir”.

Bildiyiniz kimi, keçən il bütün dünya bir cəbhədə vuruşarkən dövlətimiz iki cəbhədə birdən müharibə aparmaqda idi. Vahidliyimiz və qətiyyətimiz nəticəsində hər iki savaşdan qalib kimi çıxırıq. Əlbəttə, fiziki, maddi və mənəvi itkilərimiz olub və var, deyən Ə.Haqverdiyev bunun qaçılmaz oldugunu bildirib: "Lakin maksimum az itki ilə biz qalib gəlmişik. Bütün problemlərə baxmayaraq, Azərbaycan öz sosial siyasətinə sadiqdir. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Rəqəmlər və statistika doğrudan da dövlətimizin gərgin əməyinin öz nəticəsini verdiyini sübut edəcək qədər böyükdür. Belə ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Ən çətin il olan 2020-ci ildə 1572 mənzil təhvil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilmişdir. İndi belə bir sual meydana çıxır. Hansı dövlətin öz vətəndaşına yanaşmasını Azərbaycanla müqayisə etmək olar? Sosial dövlət deyəndə ölkəmizlə hansı dövlət müqayisə apara bilər? Bilirəm ki, artıq bu sualların cəmiyyətdə cavabları var. Cənab Prezident İlham Əliyevə olan etimad məhz bu suallara da cavab hesab olunmalıdır. Xalq - iqtidar birliyinin əsasında dayanan sosial yönümlü dövlət anlayışı özünü inkişafın Azərbaycan modelində göstərir.

Şəhid ailələrinin və qazilərin kifayət qədər böyük sayda problemləri var. Çünki müharibə yeni bitmişdir. Dövlət sürətlə və növbəli şəkildə müharibənin nəticələrini aradan qaldırır. İndi ciddi məsələlərdən biri də qazilərin müalicəsi və müasir protezlərlə təminatıdır. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstərilir. Əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də qazilərə tibbi yardım bundan sonra da göstəriləcəkdir. Ölkəmizdə olan digər müalicə mərkəzləri kimi Şağanda yerləşən mərkəz də qazilərin ixtiyarına verilmişdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcəkdir. Sonda bir məqamın vurğulanması vacibdir. Biz sosial siyasətlə yanaşı ordu quruculuğu işinə də peşakarlıqla yanaşırıq. Cənab Prezident də qeyd etmişdir ki, biz dayanmamışıq. Ordumuzu ən müasir silahlarla silahlandırmağa davam edirik. Ordumuz bundan sonra da güclənəcək. Yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınıb gətirilir. Dünyada hansı müasir silah varsa, onların alınması üçün də müqavilə imzalanıb. Müharibə eyni zamanda ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Əlbəttə, bu müharibə dünyaya sübut etdi ki, “beşinçi nəsil” silahlarla biz savaşda qalib olduq. Lakin islahatlara ehtiyac var və aparılacaqdır. Orduda islahatlar daha çevik, daha döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır. Dəmir yumruq yerindədir ifadəsi hesab edirəm ki, Ermənistan ordusunu yenidən canlandırmaq istəyənlərə ən gözəl cavabdır”.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə