“Rusiya təhlükə yaradır” Tod Uolters

Rusiya ABŞ və müttəfiqləri üçün təhlükə yaradır. SİA ölkənin Müdafiə Nazirliyinin saytında dərc olunan məlumata istinadən xəbər verir ki, bu sözləri ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının komandanı və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı general Tod Uolters deyib.

General Rusiya ABŞ və müttəfiqlərini qorxutmaq, parçalamaq üçün xüsusi hərbi kampaniyalar təşkil etdiyini söyləyib. O, Moskvanın Sovet dövründəki təsir dairəsini qorumağa çalışdığını və qonşu ölkələri məcbur etmək üçün güc tətbiq etdiyini də qeyd edib.

Uolters əlavə edib ki, Rusiya hakimiyyəti Avropadakı, eləcə də dünyadakı vəziyyəti sabitləşdirmək istiqamətində zərərli hərəkətlər edir.

Xatırladaq ki, bir qədər əvvəl Pentaqon Rusiyanın bütün NATO ölkələri üçün bir təhdid olduğunu bildirmişdi. Ümumiyyətlə, ABŞ rəsmilərinin Rusiya haqqında sözylədikləri fikirlər bir çox məqamlara aydınlıq gətirir. Xüsusilə, Rusiyaya qarşı ABŞ hökumətinin antipatiya hissi açıq-aşkar hiss olunur. Doğrudur, onsuz da bu zamana qədər də ABŞ və Rusiya arasında münasibətlər arzuolunan səviyədə, yaxşı istiqamətdə olmayıb və əzəli rəqiblər olduğu sirr deyildi. Amma, etiraf edək ki, son zamanlar bu iki ölkə arasında yaranan “soyuqluq”, hətta ABŞ-ın ittihamlar fonunda “kəskin iradları”, əks mövqeyi heç zaman bu səviyyədə müşahidə edilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə