"Rəsmi Bakı Tehranın bu təşəbbüslərinə etinasız yanaşacaq" ÖZƏL-MÜNASİBƏT

"İran Qarabağ münaqişəsində vasitəçilik etmək üçün Azərbaycana xüsusi nümayəndə göndərib və "Həll varianti" hazırlayıb. İran Cənubi Qafqazda öz maraqlarını təmin etmək və bu münaqişə zəminində proseslərdə aktiv olmaq üçün həll varianti irəli sürməsi, yalnız öz maraqlarına əsaslanır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, rəsmi Tehran ilk günlərdə Rusiyadan Ermənistana silah ötürülməsində aktiv rol oynayırdı və Azərbaycanın Qarabağ bölgəsini, xüsusilə, İranla sərhədi tam nəzarətə alması, Tehranı ciddi narahat edir: "Çünki Tehran daima Qarabağ məsələsində Ermənistana dəstək verməklə, Azərbaycana müəyyən təzyiqlər edirdi və məhz öz ordusunu Zəngilan istiqamətində yerləşdirməklə bölgədə "mən də varam" mesajını verdi.

Tehranın Zəngilanla sərhəddə hərbi fəaliyyəti Türkiyə və Azərbaycana qarşıdır. Artıq İranın bir neçə gün bundan əvvəl verdiyi müəyyən konstruktiv bəyanatlar dəyişməkdədir. Hətta Prezident İlham Əliyev də İranın Ermənistana silah ötürmədiyini qeyd etmişdi. Amma İran Rusiyanın tapşırığı ilə yenidən öz qeyri-konstruktiv mövqeyinə qayıtdı və irəli sürdüyü həll variantı Moskva və Yerevanla razılaşdırılmış bir plandır.

İranın aktivləşməsi, əsasən, regionda Türkiyənin artan mövqeyi ilə bağlıdır. Çünki Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi İranın regional müstəvidə təsirlərini azaltmaqla yanaşı, Mərkəzi Asiya istiqamətində də siyasi planın qarşısını alacaq. Məhz bu aspektdə Tehran çalışır ki, Qarabag danışıqlarında yer alsın və regionda balansı saxlasın.

Qeyd edim ki, İran prezidenti Həsən Ruhaninin "Ermənistan qonşu, Azərbaycan qardaş ölkədir" bəyanatı İran hərbi komandanlığı tərəfindən qəbul edilmədi. Bu, onu göstərir ki, İranda hərbi elita Azərbaycana qarşı kəskin mövqeyə malikdir.

İran tərəfi konstruktiv mövqe ortaya qoymadığı üçün rəsmi Bakı Tehranın bu təşəbbüslərinə etinasız yanaşacaq. Çünki İran hazırda Ermənistana dəstək verməklə, Zəngilan istiqamətində hətta kəşfiyyat məlumatları ilə təmin etməsi istisna deyil. Çünki İran uzun illər işğal olunmuş ərazilər üzərindən silah qaçaqmalçılığı və terrorçu qrupların, xüsusilə, PKK -nın burada fəaliyyəti üçün yeni imkanlar açmışdır.

İranın Qarabağ məsələsində təqdim etdiyi "Həll varianti" birmənalı olaraq Ermənistanın maraqlarına cavab verir. Yoxsa İranın bu təşəbbüsü Ermənistan mediasında razılıqla qarşılanmazdı.

İran bulanıq suda balıq tutmaq istəyir və Azərbaycanın apardığı beynəlxalq hüquqa uyğun hərbi əməliyyatlarını durdurmaq üçün bir çox planlar hazırlayır. Amma təsir imkanları zəif olduğu üçün reallaşdıra bilməyəcək.
İran XİN hazırladığı "həll variantı" Azərbaycan üçün məqbul deyil və rəsmi Tehranın vasitəçiliyi yalnız erməni işğalına zəmin yaratmağa xidmət edir.

Artıq İran hərbi komandanlığı Qarabağda Azərbaycan tərəfindən təfrikçi qrupların olması barədə böhtançı açıqlaması və regionda Ermənistanın maraqlarına xidmət edəcək hərəkətliliyi ilə artıq rəsmi Tehranın vasitəçiliyinə və həll planını fiaskoya uğratdı.

Azərbaycan Tehranın bu məsələdə səmimiliyinə etibar etməyəcək və İranın Qarabağla bağlı ayırdığı xüsusi nümayəndə heyətinə "zəhmət çəkib bu məsələdə kənar durun, ya da beynəlxalq hüququn yanında olun" cavabını verməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə