XİN başçısı Beynəlxalq Türk Akademiyasının prezidenti arasında telefon danışığı olub

19 oktyabr 2020-ci il tarixində qarşı tərəfin təşəbbüsü əsasında Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumat verdi.

O, Ermənistan silahlı qüvvələrinin ikinci humanitar atəşkəsə baxmayaraq ötən gün Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu, eləcə də gün ərzində Tərtər bölgəsində yerləşən pambıq emalı zavodu daxil olmaqla mülki infrastrukturu atəşə tutduğunu bildirdi. Nazir Ceyhun Bayramov Azərbaycanın Gəncə şəhərinə Ermənistan tərəfindən edilən raket hücumu və mülki şəxslərin hədəf alınmasını müharibə cinayəti olduğunu və Ermənistan rəhbərliyinin bu cinayətə görə məsuliyyət daşıdığını vurğuladı.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli mülki şəxslərin həyatını itirməsi ilə əlaqədar görə Azərbaycana başsağlığını ifadə etdi. O, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin məqsədyönlü şəkildə raket atəşinə tutulmasını qəti şəkildə pislədi və mülki şəxslərin və infrastrukturun hədəf almağın qəbuledilməz olduğunu vurğuladı. Darxan Kıdırəli münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini qeyd etdi.

Nazir Ceyhun Bayramov Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyi üçün Beynəlxalq Türk Akademiyasının prezidentinə təşəkkürünü bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...