Qarabağ probleminin həlli kimlərə və niyə sərf etmir? - ANALİZ

Fövqəldövlətlərin "nə sülh, nə müharibə" siyasətinin arxasında hansı maraqlar dayanır?

Ermənilərin Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqlərini artilleriya atəşinə tutması və mülki şəxslərin həlak olması Azərbaycanda müharibə çağırışlarını artırıb. Son günlər həm yerli, həm də xarici mətbuatda Qarabağda müharibənin başlaya biləcəyi haqda məlumatlar yayılır. Artıq bıçaq sümüyə dirənib. Bu problem nəhayət həll ediməlidir.

İşğal probleminin sülh yolu ilə həll cəhdləri tükəndi

Ermənistan Helsinki Yekun Aktının 3 əsas prinsipinin daha 2-sini kobud surətdə pozub. Güc tətbiq edib və Azərbaycanın ərazi bötüvlüyünü pozub. 3-cü prinsipi isə hələ XX əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində öz müqəddaratını təyin edərək dövlət yaratmaqla pozub.
Ermənistanı himayə edən iri dövlətlərin mövqeyi problemi bu şəkildə uzatmaqla Azərbaycanı gec və ya tez reallıqla barışmağa vadar etməkdir. Özləri də yaxşı bilirlər ki, konkret bu situasiyada həmin 3 prinsipin tətbiqi bir arada mümkün deyil.
Əslində, bu prinsiplərlə həll modelini Azərbaycan çoxdan təklif edib, amma nə Ermənistan, nə də həmsədr ölkələr razılaşmayıblar. Bu modelə görə, güc tətbiq etmədən sülh yolu ilə əraziləri boşaldır, keçmiş DQMV ərazisində ermənilərə yüksək muxtariyyət statusu verilir. Yəni, hər 3 prinsip yerinə yetirilmiş olur. Lakin bu, ermənilərə və onların havadarlarına sərf etmir. Münaqişənin həll olunmaması həm Amerikanın, həm Avropanın, həm də Rusiyanın xeyrinədir. Bununla onlar hər iki dövlətə təzyiq göstərə bilirlər.
30 ildir deyilir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Amma, ortada bir fakt var ki, danışıqlar bir nəticə vermir, artıq bütün variantlar tükənib, çünki ermənilər hətta dünyada ən yüksək muxtariyyətə, yarımmüstəqil dövlətə belə razı deyillər. Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan böyük dövlətlər bunun üçün Yerevana heç bir təzyiq göstərmirlər.

Rusiyanın münaqişədə maraq və mövqeləri

Məlum olduğu kimi, Ermənistan KTMT, Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı və sair təşkilatlarda üzvdür. Üstəlik, Rusiyanın cənubda NATO-ya qarşı ən böyük bazası da Ermənistan ərazisindədir. Kreml bu baza vasitəsilə NATO-ya qarşı cənub-qərb istiqamətindən müdafiə sistemi qurub, eyni zamanda bu ərazidən 4 ölkəyə (Türkiyə, İran, Azərbaycan, Gürcüstan) birbaşa çıxış üçün plasdarm əldə edib. Bu faktorlardan Ermənistan həmişə öz maraqları üçün istifadə etməyə çalışır. Düzdür, Rusiya Azərbaycanla yaxşı əməkdaşlıq və normal münasibətlərə malikdir, amma yuxarıda göstərilən səbəblərdən Ermənistan əleyhinə hər hansı bir addım ata bilmir.
Müharibənin Rusiyaya sərf etməməsi açıq-aşkar ortadadır. Status-kvonun qalması şəraitində Moskva hər iki respublikanı öz təsiri altında saxlayır. Müharibə başlayarsa, Azərbaycan qısa müddətdə işğal olunmuş torpaqlarını azad edə bilər, sonra isə Rusiyadan asılığını ləğv edər və Qərb ölkələrinin yanında yer alar.
Əgər Rusiya müharibəyə birbaşa müdaxilə etsə, onda beynəlxalq mövqelərini xeyli zəiflədərdi. Onsuz da Gürcüstan və Ukrayna hadisələrindən sonra Qərb bütün dünyada Rusiya əleyhinə ictimai rəy formalaşdıra bilib. Heç bir variantda Rusiya müharibədən qazanclı çıxmaz.
Ümumiyyətlə, Rusiya müharibəyə birbaşa müdaxilə edə bilərmi? Fikrimizcə, müharibə başlasa, belə müdaxilə olmayacaq, əvvəla ona görə ki, buna hüquqi əsası yoxdur, ikincisi ona görə ki, Moskvanı neytrallaşdırmadan Bakı anti-terror əməliyyatlarına başlamayacaq.
Azərbaycan öz işğal olunmuş ərazilərində anti-terror əməliyyatına başlasa, o zaman Rusiya KTMT çərçivəsində və ikitərəfli razılaşmalara əsasən Ermənistana yardım göstərməyəcək. Bunu açıq şəkildə dəfələrlə bəyan ediblər. Yalnız birbaşa Ermənistan ərazisinə hər hansı bir ölkə hücum eləsə, o zaman Rusiya KTMT-dəki öhdəliyi üzrə yardım göstərə bilər. Qarabağ isə rəsmi tanınmış Azərbaycan əraizisidir.
Lakin qeyd etməliyik ki, problemin həllində Rusiya təkbaşına rol oynaya bilməz. Rusiya münaqişənin həllinə səmimi olaraq girişsə belə, Qərb dövlətləri buna maneçilik törətmək üçün əlindən gələni edəcəklər. Onların da Yerevana təzyiq rıçaqları var və bundan yararlanacaqlar.

Qarabağın azad edilməsi Qərbə niyə sərf etmir?

Paşinyan Amerika tərəfindən təşkil olunan rəngli inqilab nəticəsində hakimiyyətə gələndən sonra, bütün rusiyayönümlü məmurları vəzifədən azad edərək yerinə amerikayönümlüləri təyin etdi və nəticədə Ermənistan hakimiyyəti tam heyətdə Amerikanın nəzarətinə keçdi. Düzdür, Ermənistan Rusiyadan müəyyən asılılıqları olduğundan Vaşinqton hələlik Paşinyan hakimiyyətini Rusiya əleyhinə proseslərə çox da cəlb edə bilmir, lakin onu Azərbaycanın üstünə qısqırtmaqla həm Rusiyaya mesaj verir, həm də Azərbaycana güclü təzyiq vasitəsi əldə edir.
Dərin planda baxsaq, bu münaqişəni elə tabeliklərində olan erməni lobbisinin əli ilə Qərb dövlətləri qızışdırıb. Bununla, onlar SSRİ-nin daxildən etnik münaqişələr zəminində dağılmasına nail oldular. İndi bu münaqişə onların müxtəlif missiyalar vasitəsi ilə Qafqaza rahatca "burnunu soxmaları" üçün şərait yaradır. Bu münaqişə qaldıqca Qərb hər iki ölkəyə təsir imkanlarını saxlayır. Ona görə də, münaqişənin həllini istəmirlər, Azərbaycanın hərbi güc tətbiq etməsinə də imkan vermirlər.
Belə olmasaydı, Azərbaycan Prezidentinin "biz öz torpaqlarımızı istənilən yolla azad edəcəyik" bəyanatları Qərbdə qısqanclıqla yanaşmaz, "bu problemin həllinin hərbi yolu mümkün deyil" kimi anormal reaksiyalar verməzdilər.
Necə yəni güc tətbiq etməmək? Axı, sülh yolu ilə işğal olunmuş ərazilər boşaldılmır. ABŞ və Avropanın bu mövqeyini anlamaq mümkün deyil. Həm demokratiyadan, hüquqdan-filandan danışırlar, həm də aşkar ikili standartlar tətbiq edirlər.
ABŞ və Fransa (onun timsalında Aİ) konkret olaraq, həmişə erməniləri dəstəkləyib. Baxmayaraq ki, Ermənistan Paşinyan hakimiyyətə gələnədək daha çox Rusiyanın yanında yer alıb və bir sıra təşkilatlarda onun müttəfiqidir, Rusiya isə ABŞ-ın düşmənidir. Azərbaycan isə daha çox Qərblə inteqrasiyadadır və iqtisadi əlaqələri da əsasən qərblədir. Bu halda, məntiqlə, ABŞ Azərbaycanın tərəfində olmalıdır, lakin məntiqin ziddinə olaraq əksinədir, xristian təəssübkeşliyi hər şeyi arxa plana atır.

Müharibə başlasa vəziyyət necə ola bilər?

ATƏT Minsk qrupunun həmsədrləri olan dövlətlərin rəsmiləri Azərbaycanın Ermənistanın terrorçu dəstələri tərəfindən işğal altında saxlanan ərazilərini hərbi yolla azad etməsinin yolverilməz olduğunu açıq bəyan edirlər. Xristian həmrəyliyi nümayiş etdirərək Ermənistanı müdafiə edən bu fövqəldövlətlər problemin sülh yolu ilə həlli üçün isə qəsdən heç nə etmirlər.
Lakin sülh danışıqları dayanıb, cəbhə bölgəsində də vəziyyət gərginləşir, həm bu ermənilər tərəfindən edilir. Biz ermənilərin mülki əhalimizə qarşı terror aktlarının qarşısını almaq üçün təsirli cavab tədbirləri həyata keçirməliyik. Misal üçün, hər dəfə erməni terrorçuları bizim mulki şəxsi öldürəndə, ermənilərin həmin istiqamətdə yerləşən hərbi hissələrinə və komanda qərargahlarına ağır zərbələr endirilməlidir. Son vaxtlar elə belə də edilir.
Son 15 ildə Azərbaycan Silahlı Qüvvələri həm texniki arsenal, həm də peşəkar şəxsi heyət cəhətdən xeyli dərəcə güclənib. Ordumuz ən müasir hərbi texnologiyalara malikdir, üstəlik, vətəni azad etmək üçün son damla qanınadək döyüşəcək peşəkar hərbçilərlə zənginləşib. Ermənistanda isə vəziyyət bunun tam əksinədir. Müharibə başlasa, Azərbaycan ordusu qısa bütün işğal olunmuş ərazilərimizi terroristlərdən azad edə bilər. Bunu dünyanın əksər strateji institutları və hərbi tədqiqat mərkəzləri bildirirlər.
Azərbaycan xalqının əzmi torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq, gec-tez bu beynəlxalq riyakarlıqdan bezərək problemi adekvat yolla həll edəcək. Hələlik isə, dövlət və xalq bu istiqamətdə birgə fəaliyyət göstərməli, son məqsədə çatmaq üçün səbrli olmalı, düşünülmüş addımlar atmalı və o günə hazırlıqlı olmayılıq. O günə isə lap az qaldı. Ədalət bizim tərəfimizdədir, qələbə də bizim tərəfimizdə olacaq.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...