Milli-mənəvi dəyərlərə söykənən təhsil siyasəti ANALİTK

İlham Əliyev: "Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq"

Azərbaycan Prezidenti İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində çox maraqlı məqamlara toxunulub. SİA olaraq, həmin məqamların analitik şərhini təqdim edirik.

3700 məktəb tikilib və ya əsaslı təmir edilib

İlk öncə, ölkə başçısı qeyd edib ki, son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa etmişik: "Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib".

Qeyd etməliyik ki, bu göstəricinin dünya miqyasında analoqu yoxdur. Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam əsaslı təmir edilib və ya yenidən tikilib. Belə bir hala heç bir ölkədə rast gəlmək mümkün deyil.

Əlavə edək ki, cəmi 1 il ərzində 3 ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Bu da dövlətin ali təhsil sektoruna verdiyi dəyərin göstəricisi sayıla bilər.

Dövlət başçısı həmişə dediyi fikri bir daha qeyd edib: "Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz "qara qızıl"ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik".

Ölkə rəhbərinin bu fikri faktlara söykənir. Son illərdə bu siyasətin nəticələri özünü daha aydın göstərir. Artıq çox böyük kadr bazası, mütəxəssis ordusu yaranıb. Yeni yaradılan texnoloji müəssisələrdə artıq xaricdən mütəxəssis dəvət etməyə ehtityac qalmayıb, öz mütəxəssislərimiz kifayət qədərdir.

147 məktəbin 45-ni Heydər Əliyev Fondu tikib

Dövlət başçısı deyib ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində həll olunub.

Qeyd edək ki, Fondun bu sahədə gördüyü iş təhsilin müasirləşməsi və inkişafı üçün böyük zəmin yaradıb. Müasir, geniş, texniki imkanlara malik məktəblərdə təhsil almaq şagirdlərdə elmə, təhsilə marağı artırır.

Bundan başqa, Fondun bu fəaliyyəti dövlətin təhsil sektorundakı yükünü azaldır, üstəlik ona böyük dəstək olur. Ümummilli liderin adını daşıyan Fond əksər humanitar sahələrdə fəaliyyət göstərsə də, təhsilə xüsusi yanaşır və ölkəmizdə dünya standartlarında təhsil şətraiti yaradılması üçün çalışır.

Onu da bildirməliyik ki, Fondun təhsilə veridiyi dəstəyi təkcə ölkəmizlə məhdudlaşmır, bu sahədə dünya miqyasında da tanınır. Müxtəlif ölkələrdə məktəblərin tikintisini təşkil edən Heydər Əliyev Fondu bununla həm həmin ölkələrin ictimaiyyətində ölkəmizə, xalqımıza qarşı rəğbətin yaranmasına səbəb olur, həm beynəlxalq aləmdə Azərbaycanın humanist prinsiplərə malik bir ölkə olduğunu göstərir.

"Məktəblilər milli dəyərlərlə tərbiyə edilməlidirlər"

Prezident milli-mənəvi dəyərlərlə bağlı dövlət siyasətini bir daha açıq ifadə edib: "Bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər- ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər".

Dövlət başçısının bu fikirləri təkcə dövlətimizin təhsil siyasətinin hansı zəmin üzərində qurulmasını deyil, həm də gələcək nəsillərin vətənpərvər, mənəvi dəyərlərə söykənən bir baza üzərində formalaşdırılmasının vacibliyini özündə ehtiva edir. Əlbəttə ki, təhsil müasir tələblərə uyğunlaşmalıdır, yeni metodlarla zənginləşdirilməlidir, lakin bütün bunlar milli-mənəvi dəyərlər bazası üzərində formalaşdırılmalıdır. Müasirlik, savadlılıq heç də milli-mənəvi dəyərlər sisteminin əekyhinə olan faktor deyil, tam əksinə Prezidentin dediyi kimi mənəvi dəyərlər elmi dəyərlərlə birgə olmalıdır. Bunun bir çox ölkələrdə əyani numinələrini görürük- məsələn mühafizəkar Yaponiyanı və ya Çini misal gətirmək olar.

Respublika rəhbərinin bu sözlərini təhsildə proqram konsepsiyası kimi qəbul etmək olar. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər.

Müasir dövrün təhlükəli texnologiyaları: necə qorunuruq?

Prezident İlham Əliyev müasir dövrdəki bəzi təhlükələrə də toxunub: "Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük- gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq".

Müstəqil dövlətçiliyin təməl prinsiplərdən biri də onun vətəndaşlarının, xüsusən də gənclərin mənəvi-psixoloji bazasıdır. Savadlı, məlumatlı, geniş dönyagörüşə malik insanları o ölkənin, dövlətin xarici düşmənləri tələyə sala bilmir, müxtəlif, etnik dini, siyasi və sosial zəmində qarşıdurmalarla üz-üzə qoya bilmir, çünki onlar belə tələlərə düşəcək səviyyədə deyillər. Belə olmayan ölkələrdə isə faciələr yaranır- misal üçün Yaxın Şərq ölkələrini, Ukraynanı göstərmək olar.

Azərbaycanda isə əhalinin savadlılıq səviyyəsi dünya üzrə ilk yerlərdədir. Məhz buna görə, ölkəmizdə ictimai-siyasi zəmində problemlər yaranmır, düşmən dairələr saxta informasiyalarla heç nəyə nail ola bilmirlər. Dövlətlə xalqın bir olduğu ölkələri çökdürmək mümkün deyil.

Elçin BAYRAMLI

Bütün xəbərlər Facebook səhifəmizdə