Azərbaycan Prezidenti Andorra Knyazlığının xarici işlər nazirini qəbul edib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyeni qəbul edib. Nazir Gilbert Saboya Sunye Andorra hökuməti adından Azərbaycana ilk rəsmi səfərə gəlməsindən şərəf hissi keçirdiyini deyib. O, Azərbaycanı yaxından tanımaq və Andorranın ölkəmizdə tanınması baxımından bu səfərin yaxşı imkan yaratdığını bildirib. Xalqlarımızın qədim tarixə malik olduğunu vurğulayan Gilbert Saboya Sunye Azərbaycanın yaxşı inkişaf perspektivlərinin olduğunu qeyd edib.

Prezident İlham Əliyev ölkələrimizin bir-birini yaxından tanıması üçün bu cür səfərlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı səfər zamanı ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yaradılması ilə bağlı imkanların müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə