"Rusiya XİN-in Qarabağ və KTMT ilə bağlı açıqlamaları beynəlxalq hüquqa zidd və qəbuledilməzdir" - ŞƏRH
"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanın Qarabağ bölgəsi və KTMT mexanizmlərinin tətbiqi doqmatikasına dair səsləndirdiyi fikirlər beynəlxalq hüququn təməl prinsiplərinin mahiyyətcə təhrifi olmaqla yanaşı, diplomatik hüquq müstəvisində qəbuledilməz metodoloji xətaya əsaslanan yolverilməz mövqedir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, beynəlxalq hüququn imperativ normalarına və BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, dövlətlərin suverenliyi və ərazi bütövlüyü üçüncü dövlətlərin – o cümlədən işğalçı tərəfin – birtərəfli subyektiv siyasi iddialarından, tanıma və ya tanımama aktlarından asılı deyildir:
"Qarabağ bölgəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də Rusiya Federasiyasının imzaladığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr də daxil olmaqla, beynəlxalq hüquq subyektləri tərəfindən Azərbaycan Respublikasının suveren ərazisi kimi təsbit olunmuşdur. Hətta 44 günlük müharibədə yaranan yeni geosiyasi konfiqurasiya şəraitində, Rusiya və Azərbaycan arasında 22 fevral 2022-ci il tarixində imzalanmış "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyanat"ın 1-ci maddəsində Rusiya Federasiyası Azərbaycan Respublikasının müstəqilliyini, dövlət suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tam dəstəklədiyini rəsmən bəyan edib. Bu baxımdan, Rusiya XİN nümayəndəsinin KTMT mexanizmlərinin işə düşməməsini İrəvanın bu əraziləri "müstəqil" və ya "özününkü" kimi tanımaması şərtinə bağlaması aşkar hüquqi nihilizmdir. Görünən odur ki, Zaxarovanın timsalında Moskva bilərəkdən belə bir konyunktur təqdimatla işğal faktına dolayısı ilə hüquqi bəraət qazandırmaq və ya KTMT-nin tətbiq olunmamasını yalnız Ermənistanın daxili siyasi qərarı kimi göstərmək manipulyasiyasına əl atır.
Şübhəsiz ki, hətta Ermənistan Qarabağı tanısaydı belə, Azərbaycan ərazisində KTMT mexanizminin tətbiqi beynəlxalq hüquq baxımından suveren bir dövlətə qarşı təcavüz aktı hesab olunacaqdı. 1992-ci il Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə görə, kollektiv müdafiə mexanizmi yalnız üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinə xarici təcavüz olduqda işə düşə bilər. Azərbaycanın öz suveren ərazilərində işğala son qoyması və ərazi bütövlüyünü bərpa etməsi BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təmin edilən fərdi və kollektiv özünümüdafiə hüququnun aliliyinin təsdiqidir. Buna görə də, Azərbaycanın öz suveren hüquqlarını icra etdiyi ərazilərə münasibətdə üçüncü bir hərbi-siyasi blokun mexanizmlərinin müzakirə mövzusu edilməsi beynəlxalq hüququn suveren bərabərlik və daxili işlərə karışmamaq prinsiplərinin kobud pozuntusudur. Lakin dəyişməyən bir reallıq var ki, cənab İlham Əliyevin qətiyyəti ilə Azərbaycanın 2020–2023-cü illərdə həyata keçirdiyi hüquqi və hərbi tədbirlərlə keçmiş münaqişəni tam, qəti və dönməz şəkildə həll etdiyi, regionda yeni geopolitik reallıqların formalaşdığı bir şəraitdə, Rusiya diplomatiyasının Ermənistanla öz gərgin ikitərəfli gündəliyini fəal şəkildə Azərbaycanın suveren əraziləri kontekstinə calamaq cəhdləri qərəzli və konstruktivlikdən uzaqdır. Moskva heç bir halda öz regional fiaskosunu və ya Ermənistanla münasibətlərdəki diplomatik uğursuzluqlarını Azərbaycanın suverenliyi üzərindən spekulyasiya edərək ört-basdır edə bilməz. Rusiya XİN-in bu cür təhrif olunmuş tezisləri təkrarlaması 22 fevral 2022-ci il tarixli Müttəfiqlik Qarşılıqlı Əlaqəsi haqqında Bəyannamənin ruhuna tamamilə ziddir. Rusiya tərəfi dərk etməlidir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü hər hansı üçüncü tərəfin iddiaları, qərarları və ya "tanıma" statusu ilə deyil, beynəlxalq hüququn imperativ norması və Azərbaycan dövlətinin iradəsi ilə təmin edilir. Rusiya-Ermənistan münasibətlərindəki siyasi ziddiyyətlərin Azərbaycanın Qarabağ bölgəsi ilə əlaqələndirilməsi təcrübəsinə dərhal və qeyd-şərtsiz son qoyulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB