Böyük hədəflərə doğru - ANALİTİK

Azərbaycan-Çin münasibətlərində strateji tərəfdaşlıq formatı

Azərbaycanın əsas tərəfdaşları arasında Çinin xüsusi yeri var. Strateji tərəfdaşlıq haqqında bəyannamə iki ölkənin rəhbəri İlham Əliyevlə Si Cinpin arasında keçirilən görüş zamanı qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olub. Əlbəttə, Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq Azərbaycan üçün olduqca vacibdir. Çin şirkətləri ilə yaşıl enerji, yaşıl ictimai nəqliyyat vasitələri, Günəş panellərinin təchizatı sahəsində əməkdaşlığımız inkişaf etməkdədir.

Çinlə Azərbaycan arasında tarixi əlaqələr, həm də bugünkü milli maraqların uzlaşması iki ölkə arasında strateji tərəfdaşlığı zəruri edən şərtlər kimi çıxış edir. Buna görə də Azərbaycan Prezidenti 9 Aprel tarixində ADA Universitetində keçirilən Forum zamanı bir daha Çin-Azərbaycan münasibətlərinə xüsusi toxunaraq məhz Çin və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqaviləni yada salmış oldu. Eyni zamanda Azərbaycan Prezidenti yeni bir tezis irəli sürərək Azərbaycanı qlobal cənubun tərkib hissəsi kimi xarakterizə etdi. Əgər biz yeni dünya nizamına doğru hərəkət edərkən Çin ağırlıqlı qlobal cənubdan danışırıqsa, Azərbaycanı da bunun tərkib hissəsi kimi görürüksə, demək, Çinlə Azərbaycan arasında münasibətlərin çox dərin və strateji perspektivləri var. Ona görə də Çin bu gün çoxqütblü dünyanın olmazsa olmazı mövqeyindədir.

Bəzi güc mərkəzləri vahid mərkəzdən idarə olunan təkqütblü dünya görmək istəyirlər. Bu strateji ağlın və gücün qarşısında duracaq çox azsaylı milli aktorlar ki, onlardan biri, bəlkə də birincisi Çindir. Yeni dünya nizamının çoxqütblü olması isə milli dövlətlər üçün yeni imkanlar və yeni perspektivlər deməkdir. Çünki orta və kiçikmiqyaslı dövlətlər böyük dövlətlərin təzyiqindən yalnız çoxsaylı qütblər olarsa, yayına bilərlər. Dünya siyasətində manevr etmək imkanları yarana bilər. Ona görə də düşünürəm ki, Azərbaycandakı strateji ağıl bunun fərqindədir. Ona görə də Çinlə münasibətlərə xüsusi diqqət yetirir. Əminik ki, bu münasibətlər uzunmüddətli perspektivdə iki ölkə arasında həm iqtisadi, həm humanitar, həm də siyasi müstəvidə daha dərin strateji üfüqlər açacaqdır.

Azərbaycan Prezidenti ADA Universitetində keçirilən Forum zamanı qeyd edib ki, müdafiə sahəsində də əməkdaşlıqla bağlı dialoqa başlayırıq. Hesab edirik ki, bu, uğurlu proses ola bilər. Çünki artıq qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir. Bizim üçün də təchizatın coğrafiyasını genişləndirmək və birgə istehsal müəssisələri yaratmaq maraqlı olar. Orta Dəhlizə - Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünə gəldikdə, nədənsə onu Avropada “qlobal qapı” adlandırmağa çalışırlar. Səmimi desəm, mən bilmirəm bunun mənası nədir. Ancaq “Bir kəmər, bir yol” layihəsinə gəldikdə, biz bunu ilk gündən dəstəkləmişik. Biz bunu təkcə ictimai bəyanatlarla deyil, həm də sərmayə yatırmaqla etdik. Biz Xəzər dənizinin ən böyük limanını inşa etdik. Bu gün bizim gəmiqayırma zavodumuzda altı gəmi inşa olunur. Bu zavodun sifariş siyahısı doludur. Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər.

Azərbaycan Qlobal Cənubun fəal ölkəsidir və Çin burada çox vacib rol oynayır. Çin Azərbaycanın 4 il sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvüdür. Beləliklə, bu, çoxşaxəli münasibətdir, olduqca güclüdür və böyük gələcək potensialı var. Davosda həmişə olduğu kimi Prezident İlham Əliyevə beynəlxalq media tərəfindən münasibət çox həssas, böyük olub. Çinin media şirkətinə verdiyi müsahibədə Prezident İlham Əliyev bir çox məqamlarla bağlı çox vacib açıqlamalar verib. İlk növbədə bildirib ki, Azərbaycan öz yolunu seçmiş məmləkətdir, Milli Prioritetlərinə sadiq olaraq hərəkətinə davam edir. Digər tərəfdən Çin-Azərbaycan münasibətləri ilə bağlı Prezident İlham Əliyev bildirib ki, Çin ən qüdrətli böyük dövlət olmaqla bərabər həm də Avrasiya məkanında, dünya birliyində əvəzsiz rol oynayan bir ölkədir. O cümlədən Çinin Azərbaycana olan diqqəti, onun Azərbaycanla bağlı planları həddindən artıq vacib əhəmiyyət kəsb edir. Orta dəhlizin, eləcə də birgə layihələrin yenilənməsində iki ölkə həmahəng hərəkət etməyə israrlıdır.

Bizim iki ölkə olaraq geosiyasi çəkimiz eyni deyil. Çin fövqəl dövlətdir. Azərbaycan nisbətən yığcam, güclü dövlətdir. Buna baxmayaraq bizim bir-birimizə olan münasibətimiz, bacarıqlarımız onu göstərir ki, burada ölkələrin balaca, böyük olması o qədər də əhəmiyyət kəsb etmir. Əksinə əsas məsələ ondan ibarətdir ki, onlar bir dalğaya köklənirlər. Həm də ən vacib sorğuları həmahəng tərzdə qarşılayırlar və onlarla bağlı həll yolları müəyyən edirlər. Bu baxımdan Bakı və Pekin arasında çox vacib harmonik dialoq formalaşıb. O, özünəməxsus tərzdə inkişaf edir. Ən əsas da odur ki, bizim aramızda çox möhkəm, qarşılıqlı etimad var. Digər tərəfdən də biz bir-birimizi ən vacib məsələlərdə tamamlayırıq. Buz ilk növbədə beynəlxalq yükdaşımaları məsələsində özünü əks etdirir. Çünki biz yaxşı xatırlayırıq ki, pandemiya dövründə Azərbaycan Prezidenti İlham Əliyev ən azı üç təşəbbüs irəli sürdü ki, onlar hamısı işlək vəziyyətdə oldular. Avropa İttifaqının aparıcı dövlətləri öz milli sərhədlərini bağladılar, Azərbaycan sərhədlərini açdı və dedi ki, bu ağır vəziyyətdə yükdaşımaları, səfərbər olmaq, vaksin həmrəyliyi və sair hamısı son dərəcə vacibdir. Biz göstərdik ki, bu istiqamətlərin hamısında Azərbaycanın seçdiyi yol ən düzgün yoldur. Digər tərəfdən Azərbaycan böyük problemlərin olduğu halda insanlara, xalqlara yüngüllük gətirir. Ona görə də, Çin Xalq Respublikası da Azərbaycanla bərabər göstərdi ki, biz əməkdaşlığımızı yüksək səviyyəyə çıxarmaqla bağlı dialoq proseslərini inkişaf etdirdik, bir-birimizi anlayırıq. Həm də həmahəng fəaliyyət göstərməklə maneələri dəf edə bilirik. Ona görə də, bu baxımdan Azərbaycanla Çin arasında olan münasibətlər vacib əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin verdiyi müsahibədə əsas məqamlar var. Çinlə Azərbaycan çox vacib ünsiyyət formatını formalaşdıra biliblər. Dünya birliyinə də göstəririk ki, bizim amalımız ondan ibarətdir ki, beynəlxalq aləmdə dialoq prinsipləri bərqərar olsun, həm də hamımız bir-birimizi duyub eşidə bilməyi bacarmalıyıq. Biz öz tərəfimizdən də bu kontekstdə çox gözəl nümunə nümayiş etdiririk.

Azərbaycanla Çin arasında siyasi dialoq

Aprelin 2-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfrans keçirilib. Çin Xalq Respublikasının qlobal güc mərkəzlərindən biri olduğunu tədbir iştirakçıları Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti kimi müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini diqqətə çatdırıblar. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında səmərəli, qarşılıqlı faydalı və çoxşaxəli əlaqələrin mövcud olduğunu qeyd edən çıxışçılar perspektiv əməkdaşlığa dair fikir mübadiləsinin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Fəal siyasi dialoq və davamlı diplomatik təmaslar fonunda son olaraq 2024-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım kimi böyük əhəmiyyətə malikdir. Bəyannamədə qeyd edildiyi kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə ediblər. Bu, Azərbaycan ilə Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir.

Dünyada yüksək nüfuza malik olan dövlətlər kimi Azərbaycan ilə Çin beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlamaqla bir-birinin maraqlarının qorunmasına böyük önəm verirlər. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çin Xalq Respublikasının Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi xalqımız tərəfindən yüksək dəyərləndirilir. Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstək göstərməsi isə daha bir səmimi dostluq və tərəfdaşlıq nümunəsidir.

Çinin Avropaya yönələn strateji kommunikasiyalarının əksəriyyəti bir yol layihəsi çərçivəsində Azərbaycan üzərindən Qərbə yönəlir. Ukrayna böhranı və Qırmızı dənizdə husilərin yük gəmilərinə hücumları Pekini Çinin əsas ticarət tərəfdaşı olan Aİ-yə yeni ticarət yolları axtarmağa vadar edir. Donald Tramp Çini tariflərlə Amerika bazarlarından sıxışdırmağa davam edərsə, bu vəzifə daha da aktuallaşacaq. Çin, Qırğızıstan və Özbəkistan dekabr ayında Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən keçərək Çini Avropaya logistik baxımdan yaxınlaşdıracaq dəmir yolunun tikintisinə başlayacaqlarını açıqlamışdı.

“The Economist” jurnalı yazır ki, yeni dəmir yolu xətti haqqında söhbət 30 il əvvəl başlayıb. Planın həyata keçirilməsi ilə bağlı qərar yalnız Ukraynada müharibə başlayandan sonra qəbul edilib. Bundan əvvəl Çindən Avropaya gedən əsas dəmir yolu xətti Rusiyadan, bəzən də Qazaxıstandan keçirdi. Ukraynadakı hərbi münaqişə mənzərəni dəyişib. Yüklərin təhlükəsiz daşınmasından əmin olmayan və sığortanın bahalaşmasından narazı olan Avropa daşıyıcıları bu marşrutdan yayınmağa başladılar. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da malların Rusiya üzərindən çatdırılma müddətinin artmasına səbəb olub. Yük şirkətləri yükləri Qazaxıstanın Xəzər dənizindəki limanlarına yönləndirməyə başladılar, yəni “Orta Dəhliz” adlanan “Transxəzər marşrutundan” istifadə etməyə başladılar. Bura Qırğızıstan və Özbəkistandan keçən xətti də əlavə etsək, Avropaya gedən "Orta Dəhliz" daha da qısalacaq. 2024-cü ilin iyununda Çin hökuməti bu ölkələrlə 520 km dəmir yolu xəttinin çəkilməsi ilə bağlı müqavilə imzalayıb.

Avropaya ixraca gəldikdə, Çin ən yaxşı dostundan asılı olmamağa üstünlük verir. Çinlilər “Kəmər və Yol” təşəbbüsü əsasında dost ölkələri qlobal infrastrukturun qurulmasında əsas komponenti kimi görürlər. Bu təşəbbüs 2013-cü ildə Çinin lideri olanda Si Cinpin tərəfindən irəli sürülüb. Üstəlik, bunun motivlərindən biri də Orta Asiya ilə dəmir yolu əlaqələrini genişləndirmək istəyi idi. Axı ABŞ-la müharibə olarsa, Çini enerji resursları və xammalla təmin edə bilərdilər. İndi Çinin "Orta Dəhliz"lə bağlı həvəsi onun ixracı artırmaq istəyini artırır. Axı bu, iqtisadiyyatın hərəkətverici qüvvəsidir. İqtisadi artımın qeyri-sabit olduğu şəraitdə onun qorunub saxlanması xüsusilə vacibdir.

Qırğızıstan və Özbəkistandan keçən dəmir yolunun tikintisi bir neçə il çəkəcək. Bişkekdən verilən məlumata görə, Çin Qırğızıstana 2,35 milyard dollar kredit verib. "Orta Dəhliz"in keçdiyi ölkələr və Çin onu təkmilləşdirməyə çalışır. Orta dəhliz Rusiyadan keçən marşrutdan qısadır, malların çatdırılması daha az vaxt aparır. Yükləri Xəzər dənizi və Qara dənizlə ünvanlarına çatdırmaq asandır. Bununla belə, Çin üçün "Orta Dəhliz" marşrut yüklərin daşınması üçün əsas kanala çevrilir və strateji əhəmiyyət kəsb edir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə