"Təəssüflər olsun ki, bu vəhşiliyə hüquqi qiymət verilməyib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün Ağdaban faciəsinin 33-cü ildönümüdür". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət olan Ağdaban kəndi tamamilə vəhşicəsinə yandırılıb və yer üzündən silinib: "Kəndin 800-ə yaxın dinc sakini işgəncələrə məruz qalıb. 33 nəfər qətlə yetirilib, 8 nəfər isə 90-100 yaş arası ahıl insanlar, 2 azyaşlı uşaq və 7 qadın diri-diri yandırılıb.

Üstündən 33 il keçməsinə baxmayaraq, ermənilər tərəfindən törədilən bu vəhşilik hələ də öz layiqli qiymətini almayıb. Təəssüf ki, bu faciə ilə əlaqədar yenə də bəyanatlar veriləcək, müəyyən narahatlıqlar səsləndiriləcək və bununla da məsələ yekunlaşacaq. Əslində, Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl də Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboyda Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əliyalın insanlara qarşı həyata keçirdikləri kütləvi soyqırımların bir növ davamıdır. Təəssüf ki, ermənilər və onlara havadarlıq edənlər burada da beynəlxalq humanitar hüququn heç bir normalarına əməl etməyiblər.

Təəssüf ki, bu gün də bəzi dövlətlər ermənilərin bu vəhşiliyinə bir növ susqunluq nümayiş etdirirlər, buna biganə yanaşırlar. Amma biz bu məsələdə sona qədər prinsipiallıq göstərməliyik. Ağdaban da, Başlıbel də bu qətliamları həyata keçirənlər hüquqi məsuliyyətə cəlb olunmalıdır. Bilirsiniz ki, Ağdaban kəndi o vaxtkı Ağdərə rayonunun ermənilər yaşayan Çapar kəndi ilə qonşu olub. Ermənilər Çapar kəndindən Ağdaban istiqamətində daimi təxribatlar həyata keçiriblər və nəticədə 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Çapar kəndindən hərbi texnikalar və müasir silahlarla çoxsaylı erməni Ağdaban kəndinə hücuma keçib. Onlar Ağdaban gözətçi məntəqəsinə ağır texnikalarla hücum ediblər. Həmin vaxt 3 nəfər qətlə yetirilib.

Bir sözlə, səhər saat 6-da silahlardan atəş açmağa başlayan ermənilər əvvəlcədən hazırlanmış plana əsasən planlı şəkildə həm evləri qarət edir, həm də mal-qaranı öz aralarında bölüşdürürdülər. Yəni buna əvvəlcədən hazırlıq görmüşdülər ki, əliyalın insanlara qarşı hansı vəhşiliyi həyata keçirəcəklərini bilirdilər".

"Qeyd etdiyim kimi, burada 90-100 yaşlı insanlar, körpə uşaqlar və qadınlara belə rəhm edilmədən diri-diri yandırılıb. Faciə nəticəsində 2 nəfər itkin düşüb, 12 nəfər ağır bədən xəsarətləri alıb. Onlardan bəziləri bu gün də həyatda var. Təəssüflər olsun ki, bu vəhşiliyə hüquqi qiymət verilməyib. Mən Kəlbəcər də daxil olmaqla, ümumiyyətlə, Azərbaycan ərazisində törədilən bu vəhşiliklərin hər birinə hüquqi qiymət verilməsinin tərəfdarıyam. Burada hər hansı bir güzəşt və ya mərhəmətdən söhbət belə gedə bilməz.

O nöqteyi-nəzərdən düşünürəm ki, Ağdabanda baş vermiş bu faciə həm dərsliklərdə geniş şəkildə işıqlandırılmalı, həm də bununla bağlı dünya ictimaiyyətinə daha böyük məlumatlar diplomatik kanallar, səfirliklər, xüsusi tədbirlər və sənədli filmlər vasitəsilə çatdırılmalıdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə