İtaliya Senatında COP29-un əhəmiyyətindən danışılıb - FOTOLAR

İtaliya Senatında Bakının noyabrda ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına hazırlıq prosesindən və konfransın əhəmiyyətindən söhbət açılıb. SİA xəbər verir ki, “COP29 – İqlim problemlərinə qarşı birgə fəaliyyət” adlı konfrans İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurrianın təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilib. Konfransda senator Marko Skurria, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, İtaliya Senatında Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata, İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin Avropa və beynəlxalq əlaqələr və davamlı maliyyə üzrə baş direktoru Alessandro Qerri, COP29-un adaptasiya və itki və zərər üzrə aparıcı danışıqçısı Elvin Əşrəfzadə, İtaliya hökumətinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi professor Françesko Korvaro iştirak ediblər.

Jurnalist Marita Lanqellanın moderatorluğu ilə keçirilən konfransda çıxış edənlər COP29-un əhəmiyyətindən danışıb, Qafqazda ilk dəfə Azərbaycanın belə bir mötəbər konfransa ev sahibliyi etməsinin böyük məsuliyyət və şərəf olduğu vurğulayıblar.

Senator Marko Skurria ölkəmizin COP29-a ev sahibliyi etməsinin İtaliya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyini və Azərbaycanı daha yaxından tanımaq üçün əlavə imkan yaradacağını bildirib.

Səfir Rəşad Aslanov Azərbaycanın iqlim dəyişikliyi mübarizə istiqamətində gördüyü işlərdən danışıb, ölkəmizin bərpa olunan enerji mənbələri - külək və günəş enerjisi potensialından bəhs edib.

Senator Ciuliomaria Terzi Di Sant’Aqata İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın bəzi siyasi və iqtisadi aspektlərini vurğulayıb, bunun COP29-un formatındakı əhəmiyyətini qeyd edib.

Elvin Əşrəfzadə iqlim hadisələri ilə mübarizədə inklüziv yanaşmanın vacibliyini bildirib. O, COP29-un qlobal istiləşməni məhdudlaşdırmağa yönəlmiş 1,5 dərəcə hədəfinə və Paris İqlim Sazişinin hədəflərinə nail olmaqdakı əhəmiyyətini vurğulayıb.

Alessandro Qerri isə iqlim məsələlərində İtaliyanın mövqeyi barədə məlumat verib, Azərbaycanın COP29-a yanaşmasını yüksək qiymətləndirib, bunun İtaliya-Azərbaycan münasibətlərindəki əhəmiyyətini qeyd edib.

Professor Françesko Korvaro iqlim dəyişikliyi ilə bağlı müddəalardan, COP29-un imkanlarından və çağırışlardan söhbət açıb. O, danışıqları dəstəkləyən azsaylı ölkələrdən biri kimi ilk dəfə İtaliyanı seçdiyinə görə Azərbaycana təşəkkürünü bildirib və bu seçimin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə