22 iyul, 149 - Qalib ölkənin «Əkinçi"dən başlanan çətin və şərəfli yolu TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir"

İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 149 yaşı tamam olur. Bu, əslində, tək mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır. Və təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev mətbuatımızın yubileyinin ümummilli səviyyədə qeyd olunması ilə bağlı imzaladığı sərəncamlar bir daha Azərbaycanda mətbuata dövlət qayğısının daha bir parlaq təzahürü kimi dəyərləndirilməlidir.Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması, əslində, ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən, maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır. 1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfinin əxbarı" adlı azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdu. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər, sözün əsl mənasında, hələ qəzet adlandırıla bilməzdi.

"ƏKİNÇİ"DƏN BAŞLANAN AZƏRBAYCAN MİLLİ MƏTBUATININ KEÇDİYİ TARİXİ YOL

Milli mətbuatımızın bünövrəsi 1875-ci il, iyulun 22-də "Əkinçi" qəzetinin ilk sayının nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli ədibləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər. 1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərildiyinə baxmayaraq, ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan çıxmayıb. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olub. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlayıb. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdu. Rusdilli qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də, buna nail ola bilməyiblər. 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olub. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə çapını dayandırıb. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxarıb. XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olub. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olub. Qəzetdə dünyəvi elmlər, Ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Artıq "Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il, aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. "Molla Nəsdəddin" jurnalı 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib, 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

AZƏRBAYCAN MƏTBUATININ FORMALAŞMASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ƏVƏZSİZ XİDMƏTLƏRİ

Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bəli, ulu öndər hələ dövlət təhlükəsizliyi orqanlarında çalışdığı illərdə, xüsusən də, Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən, mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu, ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi: "Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm". Dahi şəxsiyyət Heydər Əliyev sovet dövründə olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.

PREZİDENT İLHAM ƏLİYEVİN HAKİMİYYƏTİ DÖVRÜNDƏ AZƏRBAYCANDA MƏTBUATA DÖVLƏT QAYĞISI

Ulu Öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənib. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan, qəzet və jurnalların sayı durmadan artır. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın.Prezident İlham Əliyevin 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yarandı. 31 iyul, 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq, 22 may, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. Söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkəmizdə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülmüş, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. Respublikamızda 36 gündəlik, 100-ə yaxın həftəlik və 8-dən artıq aylıq qəzet nəşr olunur. Prezident İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130, 2010-cu ildə 135, 2020-ci ildə isə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi respublikamızda jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdəndir. Bütün bunlar jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyərin göstəricisidir.

AZAD MƏTBUATIN İNKİŞAFI DÖVLƏT SİYASƏTİNDƏ PRİORİTETDİR

Bu gün Azərbaycan mətbuatı tamamilə yeni bir mərhələdə inkişaf edir. Ölkənin əksər media qurumları Azərbaycan dövləti tərəfindən dəstək görür və müstəqil şəkildə inkişaf edərək milli və ictimai maraqlara xidmət edir. Azərbaycan mediası, xüsusən də bir sıra xəbər portalları dünyada tanınır. Ölkəmizdə bir neçə xarici dildə fəaliyyət göstərən media qurumları var ki, onlara artıq beynəlxalq aləmdə istinad olunur. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir. Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsini ənənəyə çevirib. Dövlətimizin başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamı 2005-ci il iyunun 20-də imzaladı, mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edildi, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü.Milli mətbuatımızın 135 illiyi də böyük təntənə ilə qeyd edilib. Bu dəfə də mətbuat nümayəndələri fəxri adlara və mükafatlara layiq görülüblər, kütləvi informasiya vasitələrinə maddi yardım ayrılıb. Mətbuat Şurası üçün yeni binanın ayrılması, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısında çıxışı bir daha bu həqiqəti təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir. Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün 3-cü yaşayış binası tikilməsi bir daşa deyilənlərin göstəricisidir.

ÖLKƏNİN İCTİMAİ-SİYASİ HADİSƏLƏRİNDƏ 4-CÜ HAKİMİYYƏT FUNKSİYASININ AKTUALLAŞMASI

Məlumdur ki, 2020-ci il dünyada olduğu kimi Azərbaycanda da mürəkkəb, ağır hadisələrlə yadda qaldı. Ötən ilin fevral ayından etibarən dünyada yayılan COVID-19 pandemiyası Azərbaycan dövləti, səhiyyəsi ilə yanaşı, mətbuatımızın qarşısına da mühüm vəzifələr qoydu. Koronavirus pandemiyası dünyada mətbuatın necə güclü vasitə olduğunu bir daha gündəmə gətirdi, 4-cü hakimiyyət funksiyasını aktuallaşdırdı. Azərbaycan mətbuatı da pandemiya dövründə üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini fasiləsiz məlumatlandırmaqda davam etdi. Mütəmadi olaraq koronavirusla bağlı ictimaiyyətin suallarının cavablandırılmasında, məlumatların çatdırılmasında jurnalistlərin xüsusi mövqeyi və əziyyəti danılmazdır. Ölkədə xüsusi karantin rejiminin elan edildiyi, təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırıldığı və digər məhdudiyyətlərin tətbiq olunduğu dövrdə həm televiziya kanalları, həm qəzetlər, həm də xəbər portalları öz fəaliyyətini əvvəlkindən də operativ formada davam etdirdi. Jurnalistlərimiz cəmiyyətin öndə gedən peşə sahibləri kimi, fasiləsiz şəkildə ictimaiyyətin xidmətində dayandılar. Pandemiya dövründə sözün həqiqi mənasında fədakarlıq göstərən peşəkar media nümayəndələri öz operativliyini qoruyaraq həm COVID-19, həm də dünya və ölkə gündəmində olan digər mövzularda cəmiyyəti məlumatlandırdılar. İlk günlərdən etibarən koronavirusun qarşısının alınması üsulları haqqında mətbuatda mütəmadi çıxışlar edildi, məlumat xarakterli materiallar dərc olundu. Alim və mütəxəssislərin koronavirusun növləri, diaqnostikası, eləcə də bu xəstəliyə qarşı hazırlanması nəzərdə tutulan peyvəndlərə dair məqalələri çap olundu, televiziya və internet saytlarında məzmunlu müsahibələri təqdim edildi.

II QARABAĞ MÜHARİBƏSİ - AZƏRBAYCAN MƏTBUATI ÜÇÜN NÖVBƏTİ SINAQ

2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə Azərbaycan mətbuatı üçün növbəti sınaq oldu. 44 gün ərzində Azərbaycan jurnalisti həm ön, həm də arxa cəbhədə yorulmadan çalışdı. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan Ordusunun hər gün artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı. Media müharibə günlərində xüsusi aktivlik nümayiş etdirərək əsl vətənpərvərlik mövqeyini ortaya qoydu. Jurnalistlər çevik kommunikasiya vasitələrini, müasir tendensiyaları fəaliyyətlərində bacarıqla tətbiq etdilər. Bu dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mətbuatın bir nömrəli vəzifəsinə çevrildi.2021-ci il iyunun 4-də Azərbaycanın 2 jurnalistinin - Məhərrəm İbrahimov və Sirac Abışovun xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Kəlbəcərdə minaya düşərək həlak olması Azərbaycan mətbuatına ağır itki olsa da, bu hadisə və həmin jurnalistlərin keçdiyi həyat yolu Azərbaycan jurnalistinin cəsarətini, qorxmazlığını və vətənpərvərliyini bütün dünyaya bir daha sübut etdi.

MEDİADA İSLAHATLAR: YENİ MƏRHƏLƏ BAŞLAYIR

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Əlbəttə, digər sahələrdə olduğu kimi mediada da geniş islahatlara başlanacağı gözlənilən idi. KİV orqanlarında keyfiyyət dəyişikliyinə ciddi şəkildə ehtiyac yaranmışdı. Bu istiqamətdə yeniliklərin tətbiqi zəruri hesab olunurdu. Fərmanda qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərində Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb. Ölkə başçısının fərmanı medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında böyük rol oynayır. Bir sözlə, "Media haqqında" qanun layihəsi media mühitini sağlamlaşdıracaq, Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verməyə imkan verəcək.Həmçinin, onu da vurğulamaq lazımdır ki, yeni qanunda media savadlılığının artırılması ilə bağlı təsbit edilən müddəalar jurnalistlərin peşəkarlığının artırılması, yeni peşəkarların formalaşmasında mühüm rol oynayacaq. Qanun layihəsi imkan verəcək ki, informasiyanın hazırlanmasında iştirak edənlərlə və informasiyanın istehlakçıları ilə arasındakı münasibətlər tənzimlənsin.

Bir sözlə, yeni qanun media işçiləri üçün yeni imkanlar açır. Və bu gün müstəqil Azərbaycan dövləti hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır.Bütün bunlar göstərir ki, Azərbaycan dövləti milli mətbuatımıza daim diqqət göstərir və onun inkişafına yönələn tədbirlər həyata keçirilir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə