Tarixi ənənə, milli maraqlar – ANALİTİK

Azərbaycan-İran münasibətlərində yeni dövr başlayıb

Əvvəla ondan başlayaq ki, Azərbaycan-İran münasibətlərinin tarixi qədimdir, çox hamar olmasa da, düşmənçilik səviyyəsində də olmayıb. Sovet dönəmində Moskvanın planları, ideoloji tərtibləri iki qardaş ölkə və xalq arasında gediş-gəlişin, daha sıx əlaqələrin yaranmasını daim əngəlləyib. Müstəqillik dövründə isə tarixi əlaqələr bərpa edildi, bir-birindən ayrı düşmüş ailələr, qardaş və bacılar tapışdılar, birləşdilər. Qeyd etmək yerinə düşər ki, ötən uzun illərin ayrılıqları qardaşlar, doğmalar arasında olan bağları tamamilə qırıb ata bilməmişdi, 70 illik bolşevik qadağası eyni atanın övladlarını, eyni babanın nəvələrini bir-birindən qopara bilməmişdi. Çünki, kök birdir, gövdə birdir, budaq birdir, yarpaq birdir, çiçək birdir və təbii ki, bar da birdir…

Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfaların Türk kökənli Qacarlar sülaləsinin süqutundan ötən 100 il ərzində, yəni islam inqilabı nəticəsində taxtından salınan Pəhləvi şahdan sonra İranın seçilən prezidentləri arasında Azərbaycan kökənlilərin olmaması diqqət çəkən məqamlardandır. Halbuki, İranda qələbə qazanmaq üçün türk mənşəli seçicilərin kifayət qədər çox olduğu da reallıqdır. Amma ötən illər ərzində türk mənşəli şəxslərdən kimsə bu kürsüyə oturmaq şərəfinə nail olmayıb.

Azərbaycanla İran İslam Respublikası arasında münasibətlərin normal və səmimi qonşuluq münasibətləri çərçivəsində qurulması ənənəsi Ulu Öndər Heydər Əliyevin vaxtından qoyulub. Heydər Əliyev İrana səfəri çərçivəsində bu ölkənin Ali dini lideri Əli Xamneyi ilə görüşləri yəqin ki, hamının yadındadır. Ulu Öndərin iki qardaş ölkə arasında münasibətlərin daim inkişaf etməsi üçün nə qədər çalışdığını da unutmamışıq. Amma bəzi qüvvələrin səyi nəticəsində münasibətlərin normal məcraya düşməsi mümkün olmurdu. Son 20 ildə də Azərbaycan hakimiyyəti İranla əlaqələrin, iqtisadi, siyasi, mədəni münasibətlərin milli maraqlarımız çərçivəsində normallaşması üçün geniş proqramlar həyata keçirməyə çalışsa da, sonunda istənilən nəticə əldə edilmirdi. Sərhəddə baş verənlər, Azərbaycanın Tehrandakı səfirliyinə qanlı terror hücumu və s. iki ölkə arasında diplomatic əlaqələrin kəsilməsinə hesablanmışdı. Amma xalqlarımızın, hökumətlərimizin, xüsusən də ölkə başçılarının müdrik davranışı, ağıllı addımları sayəsində şər qüvvələrin planları puç oldu.

Ölkələrimizin mehriban qonşuluq və əməkdaşlıqdan savayı seçimi yoxdur: bu, tarixi, siyasi, iqtisadi və s. baxımından zərurətdir. Səbəb isə çox sadədir, Azərbaycanla İran dünya coğrafiyasında və siyasi münasibətlər arealında biri-biri ilə tarixi, mədəni və s. bağlara malik dövlətlərdir. İranın dövlətçilik ənənələrinin formalaşmasında, ölkənin inkişafında və qüdrətlənməsində, mədəni tərəqqisində azərbaycanlıların böyük rolu olub. Çağdaş İranın yerləşdiyi ərazinin etnokultural və antropoloji məcazları ümumi bəşər mədəniyyəti ilə tarixinin inkişafında əhəmiyyətli yer tutub. Son statistik məlumatlara əsasən, 80 milyonluq İran əhalisinin təxminən yarısı azərbaycanlılardan ibarətdir. Azərbaycan dövləti, azərbaycanlılar heç bir region dövləti, xüsusən də qonşu ölkələrdən hər hansı biri ilə münasibətləri gərginləşdirməyə, siyasi merkantilizm prinsiplərinə əsasən öz məqsədlərini reallaşdırmağa çalışmayıb və çalışmır.

İran Azərbaycanın yaxın qonşusudur və ölkəmiz bölgənin istisnasız olaraq bütün dövlətləri kimi, İranla da səmərəli əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Hətta kollektiv Qərbin ciddi sanksiyalar tətbiq etdiyi, ətrafında “təzyiq həlqəsi” qurmağa çalışdığı vaxtlarda belə Azərbaycan İrana münasibətdə daim düşünülmüş siyasət yeridib.

Bərpa edilən qardaşlıq bağları

Azərbaycan Prezidenti İlham Əliyevin Məsud Pezeşkiana zəng edərək onu İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etməsi, ona fəaliyyətində uğurlar arzulaması iki ölkə arasında münasibətlərin yeni dövrə qədəm qoyduğuna bir işarədir. Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlət başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.

Bundan sonra nə olacaq?

Telefon zəngi rəsmi Bakının ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Azərbaycan İranla daim mehriban qonşuluq siyasətini dəstəkləyib və bu siyasət öz qüvvəsində qalır. Bakının iki əsas gözləntisi var: birincisi, Pezeşkianın prezidentliyi dövründə münasibətlərin daha da inkişaf etməsi, ikincisi, əvvəlki razılaşmaların icra edilməsidir. Əliyevin Pezeşkiana zəngində bu məqamlar xüsusilə vurğulanır.

Pezeşkianın prezident seçilməsi İranda Azərbaycanla normallaşma siyasətinin davam edəcəyi gözləntilərini artırır. Cənub qonşumuz, qardaşlarımızın yurdu olan İranda daha öncə Azərbaycanla süni gərginlik yaşanırdı. İşğalçı Ermənistana dəstək də bir tərəfdən münasibətlərimizə ləkə salırdı. Amma rəsmi Tehran Bakı ilə gərginliyin İranın bölgədəki maraqlarına zidd olduğunu anladı. Ermənistanın İranın maraqlarının əleyhinə siyasət yürütməsi isə mövqelərdə köklü dyişikliyin əsasını qoydu. Pezeşkianın seçilməsi prosesin müsbət istiqamətində inkişaf edəcəyinə stimul verir. Əvvəla, Pezeşkian əslən azərbaycanlıdır və yeni prezidentin milli kimliyi də burada mühüm rol oynaya bilər. İkincisi, Bakı ilə normallaşma prosesi İran dövlətinin seçdiyi xəttdir və Pezeşkian bu siyasəti davam etdirəcək.

Bu gün isə əsas təşəbbüs Pezeşkian hökumətindən gəlməlidir. Azərbaycan münasibətlərin inkişafını vacibliyini bütün səviyyələrdə artlıq dilə gətirib. Gərginlik tərəflərin heç birinə sərf etmir, Ermənistan üzərindən aparılan siyasəti isə heç bir nəticə vermir. Bunun ən yaxşı nümunəsi Fransadır. İnanırıq ki, rəsmi Tehran bölgədəki maraqları naminə bundan sonra Bakı ilə toqquşma yox, qonşuluq prinsipinə əsaslanan siyasəti davam etdirəcək.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə