Müstəqillik qazandığı gündən rəsmi İrəvanın müstəqil siyasət yürütməməsindən, hər zaman xarici himayəçilər üçün “forpost” olmaq istəyindən, niyyətindən və ermənilərin bu xislətindən məharətlə istifadə edən Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin çirkin niyyətlərindən xəbər verir. Fransa yeni hərbi missiya yaratmaqla Ermənistanı yeni müharibəyə hazırlamaq niyyətindədir və bunu dərk etməyən ermənilər görünür ki, uğradıqları hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmayıblar.
Tarix boyu hansısa dövlətin himayəsində, kölgəsi altında mövcudluğunu qorumağa çalışan Ermənistanın indi də Fransanın kölgəsinə sığınmaq istəyi və həmin dövlət üçün “forpost” olmaq niyyəti göz önündədir. Məsələ burasındadır ki, bu dəfə ermənilərin himayəçi tapmaq niyyəti ilə Fransanın “forpostu” olmağa can atması Ermənistana çox baha başa gələcək. Bu gün Fransaya qucaq açan və özlərini fransızların himayəsinə, ağuşuna atan ermənilər bilməlidirlər ki, məhz elə bu səbəbdən də Ermənistan Livanın taleyini yaşamalı olacaq. Ümumiyyətlə, bilməlidirlər ki, tarixi təcrübələr Fransanın daxili məsələlərə burnunu soxmasının hansısa bir ölkəyə yaxşı heç nə vəd etmədiyini təsdiqləyir və Ermənistan da istisna deyil. Məhz buna görə də Ermənistan cəmiyyəti artıq həmin ölkələrin taleyini yaşamağa hazır olmalıdır.
Bəli, Fransanın ermənipərəst siyasət yürütdüyü çoxdan bəllidir. Torpaqlarımızı ermənilər 30 ilə yaxın işğal altında saxladıqları dövrdə belə diplomatik danışıqlar zamanı Fransanın ermənipərəst mövqeyi görünürdü. Bir zamanlar münaqişənin həllində mükəlləf olan ATƏT adlı qurumun həmsədr ölkələrindən biri sayılan Fransanın 30 ilə yaxın müddət ərzində məsələnin həllinə deyil, onun uzanmasına, dondurulmasına xidmət etməsi də həmin ölkənin ermənipərəstliyini təsdiq edir. Hələ 44 günlük müharibə dönəmində də, müharibə bitdikdən sonra da Fransanın haqsız ola-ola Ermənistanın tərəfində olması da sirr deyil və bu fakt özü də ermənipərəstliyin isbatıdır. Heç kim üçün sirr deyil ki, Fransa regionda ermənipərəst siyasət yürüdür, hansıki bunun da pərdəarxası məqamları var və bu məqamlar rəsmi Parisin məramını, mahiyyətini ortaya qoyur.
BMT kimi mötəbər bir beynəlxalq təşkilatın məlum dörd qətnaməsini, Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə qərarını ermənilər onillər boyu hesaba almadılar və buna heç məhəl də qoyulmadı. ATƏT-in həmsədr ölkəsi kimi Fransa nəinki həmin qərarların, qətnamələrin icrasına töhvə verməyə can atmadı, ermənilərin bu qərarlara, qətnamələrə məhəl qoymadığına heç münasibət də bildirmədi. Azərbaycan öz torpaqlarını hərbi yolla işğaldan azad etdiyi, qanunsuz erməni silahlı dəstələrinin öz ərazilərindən çıxarılmasını təmin etdiyi zaman BMT qətnamələrini özü icra etmiş oldu. O zaman bəs nəyə görə bu, Fransanı, özü də ATƏT-in həmsədr ölkəsini qane etmirdi? Azərbaycan BMT adlı dünyanın bir nömrəli, eləcə də ən mötəbər beynəlxalq təşkilatının dörd qətnaməsinin icrasını reallaşdırırdı axı, qeyri-adi nə edirdi ki, Fransa əl-ayağa düşüb ermənipərəstliyini açıq-aşkar nümayiş etdirməli oldu? Cəmi 44 gün davam edən və ən az itgilərlə bitən müharibədə Azərbaycan erməni separatçılarının, terrorçuların işğal altında saxladığı torpaqları işğaldan azad etdi və burada Fransanı nə qane edə bilmirdi ki, ermənilərin müdafiəsinə qalxırdı? Öz tarixi torpaqlarını işğaldan azad edən Azərbaycanın həmin əraziləri xarabalığa çevirlən Ermənistan tərəfindən fərqli olaraq, quruculuq işlərinə başlaması, infrastruktur layihələrini gerçəkləşdirməsi, yaşayış üçün əlverişli olan bütün mümkün şəraiti yaratması, abadlıq işləri aparması Fransanı niyə narahat etməyə başladı? Axı Azərbaycan bölgədə yeni reallıq yaratdı, təhlükəsizliyi, sabitliyi təmin etdi, ərazilərin abadlaşdırılmasına başladı və bütün bunlar təqdirəlayiqdir, alqışlanmalıdır. Amma rəsmi Paris tamamilə başqa rakursdan baxmalı oldu və bəlli oldu ki, ərazilərin işğaldan azad olunması da, bərpası da, abadlaşdırılması da, təhlükəsizliyin, sabitliyin təmin olunması da Fransanı qane etmir.
Öz ərazilərində antiterror tədbirləri ilə Azərbaycan qanunsuz silahlı dəstələrin mövcudluğuna son qoydu, onların silahı yerə qoymasını, ərazilərimizi tərk etməsini təmin etdi, hansıki bu, qanunsuz silahlı dəstələrin ərazilərimizi qeyd-şərtsiz tərk etməsi barədə BMT qətnaməsinin icrası deməkdir və bundan Fransanın qıcıqlanması heç nəyə uyğun gəlmir. Azərbaycan həmin tədbirlərlə öz suverenliyini bütün ərazilərində bərpa etdi və qeyri-adi, qanunsuz heç nə etmədi ki, bundan Fransa qıcıqlansın. Az qala əsrin üçdə birinə yaxın müddət ərzində davam edən münaqişənin bitməsi rəsmi Parisi narahat etdiyi görünür. Fransa rəsmilərinin ifadələrindən də bu narahatlıq və qıcıq hiss olunur.
Ermənistana səfər edən Fransanın XİN başçısı Katrin Kolonna səfər ərəfəsində Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəklərini, İrəvana hərbi attaşşe təyin olunacağını, Sünikdə konsulluğun açılacağını bildirmişdi və bu özü də rəsmi Parisin mövqeyi ilə bağlı müəyyən məqamlardan xəbər verir. Maraqlıdır, niyə Fransa kimi bir Avropa ölkəsi Ermənistan kimi cırtdan bir ölkə ilə hərbi əməkdaşlığa, hərbi attaşşe təyin olunmasına, konsulluğun açılmasına can atır? Axı Fransanın belə bir əməkdaşlığa, xüsusən də Ermənistan kimi bir məğlub ölkə ilə hərbi əməkdaşlığa qətiyyən ehtiyacı yoxdur. Doğrudur, fransızlar müxtəlif səbəblər, bəhanələr uydura bilərlər, amma uydurduqlarının heç biri həqiqətə uyğun deyil və yenə də Fransanın ermənipərəst mövqeyini, həmçinin məkrli niyyətini ifşa edir. “Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezident Makron şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”, deyən Fransanın müdafiə naziri Sebastyan Lekornyu bununla əslində, ölkəsinin də, onun liderinin də ermənipərəstliyini açıb ortaya qoyur. Soruşmaq tam yerinə düşərdi ki, nəyə görə Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırmalı, nəyə görə bu ölkənin prezidenti üçün əsas məqsəd işğalçı ölkə əhalisinin müdafiəsi olmalıdır? Xüsusən də Ermənistan əhalisinin heç bir müdafiəyə ehtiyacı olmadığı hazırki halda belə bir məqsəd müəmmalı suallar doğurur və Fransanın iç üzünü açır. “Biz ölkədə Ermənistanda indiyədək mövcud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”, deyən Lekornyunun fikirlərin də tam şəkildə aydın olur ki, Fransa Ermənistanı silahlandırmaq, onu yeni müharibəyə hazırlamaq niyyətindədir.
Tarixi faktlara nəzər saldıqda görürük ki, Fransa öz müstəmləkəçilik siyasətini müharibə və münaqişələr üzərində qurub, sülh və əminamanlığın təmin olunmasında yox. Fəaliyyətinə və eyni zamanda məhz elə bu tarixi faktlara istinad edərək belə bir qənaətə gəlinir ki, Fransa regionda dayanıqlı sülhün əldə edilməsi yolunda yenə də pozucu və qərəzli mövqedədir. Əslində, Fransa xarici işlər naziri Katrin Kalonnanın İrəvanda verdiyi bəyanatlar özü də bu kontekstdə diqqəti cəlb edir və bu bəyanatın özünün belə pozucu niyyət daşıdığı göz önündədir. Göz önündə olan odur ki, hərbi baxımdan işğalçı ölkəni ruhlandırmaq üçün verilən bəyənatlar, ifadə edilən fikirlər bitmiş münaqişənin yenidən canlandırılması niyyəti daşıyır. Hal-hazırda Afrikada məhz Fransanın təhriki ilə, eləcə də həmin ölkənin birbaşa iştirakı ilə davam edən münaqişəlır, hərbi çevrilişlər və bu kimi proseslər deyilənləri, həmin niyyəti təsdiq edir. Təsdiq edir ki, Fransa hansı ölkədə proseslərdə iştirak edirsə, həmin ölkədə pozuculuq niyyəti ilə, qərəzli niyyətlə iştirak edir. İndi Ermənistan da istisna hal deyil. Heç şübhəsiz ki, Fransa indi də qərəzli niyyətlə Cənubi Qafqazdakı proseslərə qatılır. Tam aydın şəkildə görünür ki, bölgədə sülhün bərqərar oilması rəsmi Parisin maraqlarına cavab vermir və məhz bu səbəbdən də Fransa burada da Afrika siyasəti yürütməyə çalışır.
Hələ də ermənilər başa düşə bilmirlər ki, nə qədər ermənipərəst olsa belə Fransanın öz məqsədi var. Başa düşə bilmirlər ki, onlar və ölkələri ilk növbədə alət olaraq istifadə olunur. Fransa və eləcə də bəzi Qərb dairələri üçün kiçik bir ölkəni, özü də hər zaman, xüsusən də indiki durumda asılı, ehtiyac içərisində olan bir ölkəni istənilən oyuna cəlb etməkdən asan heç nə ola bilməz. Hazırki durumda bundan məharətlə istifadə edən Fransa Ermənistanı ilk növbədə Rusiya ilə mübarizənin növbəti cəbhəsinə çevirir və ermənilər isə bunun onlara necə baha başa gələcəyini görmək istəmirlər. Sanki ermənilər görə bilmirlər ki, Fransa Rusiyanın Ermənistanda hərbi mövcudluğuna alternativ olaraq, öz hərbi mövcudluğu üçün çox çalışır. Onsuz da rusların əleyhinə qızışdırılan və Rusiya əleyhinə çox təhlükəli fikirlər səsləndirən ermənilər Moskvanın artıq hədəfindədirlər və indi Fransanın, bu ölkənin rəsminlərinin İrəvanda səsləndirdikləri daha təhlükəli bəyənatları Ermənistan üçün fəlakətlər vəd edir. Rusiya indi Ermənistanda, yaxud da ümumilikdə Cənubi Qafqazda mövqeyini Fransaya güzəştə getmək, hədiyyə etmək kimi bir niyyətdə ola bilməz və bunun bir rezonans doğuracağı təkzibedilməzdir. Ruslar onların hərbi mövcudluğunun əvəzinə fransızların hərbi mövcudluğuna ermənilərin sadə dillə desək, yol açmasını qətiyyən həzm etməyəcəklər. İndi fransızların oyunlarına alət olan erməniləri nankorluqlarına görə Moskva bağışlayası deyil və qətiyyən belə görünmür. Üstəlik, Qərbin, bəlkə elə Fransanın özünün xoşuna gəlmək üçün Roma statusunun Ermənistan parlamenti tərəfindən ratifikasiya olunması fonunda mənzərə tamamilə fərqlidir və vəziyyət daha kəskindir. Məhz elə bu mənzərənin fonunda hələ bir fransızların hərbi mövcudluq baxımından İrəvanda iddia ilə çıxış etməsi və buna da Ermənistanın, ermənilərin rəvac verməsi bu ölkə üçün də, onun vətəndaşları üçün də, ən azından yaxşı heç nə vəd etmir.
Fransa Ermənistanı çox təhlükəli oyunların meydançasına çevirməyə çalışır. Afrikadakı geo-siyasi itkilərini Cənubi Qafqazda kompensasiya etməyə cəhd edən Fransa hakimiyyəti bunun üçün Ermənistandan istifadə etmək niyyətindədir. Afrikanın 10-dan artıq ölkəsi ilə Fransanın strateji səviyyədə olan münasibətlərini hakimiyyətə gəldikdən sonra diplomatik əlaqələrin dondurulmasına qədər pisləşdirən Makronu və onun hakimiyyətini qətiyyən ermənilər və Ermənistanla əlaqələr maraqlandırmır. Nə Fransa prezidenti Makron, nə də bu ölkə hakimiyyəti Ermənistan və erməni cəmiyyəti üçün çalışmır, əks halda ön planda İrəvanı sülh prosesinə sövq etmək durardı, qızışdırıb müharibəyə, qarşıdurmalara təhrik etmək yox. Əgər Fransa hakimiyyəti həqiqətən də bu ölkənin müdafiə naziri Sebastyan Lekornyunun dediyi kimi, Ermənistanın suverenliyi və ölkə əhalisinin müdafiəsi barədə düşünsəydi və bu, rəsmi Parisin maraqları daxilində olsaydı, onları hərbi əməliyyatlara, müharibələrə ruhlandıran bəyənatlarla çıxış edilməz, erməniləri çətin duruma salacaq vəziyyətlərə rəvac verilməzdi. Ermənistana dayaq durmağı güya özünün şərəf məsələsi kimi təqdim edən Fransa hakimiyyətinin ermənipərəstliyi göründüyü kimi, əslində, hazırki dövrdə geosiyasi itgilərinin bərpası niyyətilədir və instinktiv olaraq, özünü müdafiə etmək hissinin təzahürüdür, hansıki bu, ermənilər, eləcə də fransızlar üçün arzuolunan deyil. Sözsüz ki, belə təhlükəli oyunlara baş vurmasına, çirkin niyyətili addımlar atmasına görə Fransa hakimiyyəti tarix qarşısında cavab verəcək. Elə sıravi, sadə fransızlar da bu hakimiyyətdən hesab soracaqlar. Amma həmin o Fransa hakimiyyətinin oynadığı oyunlara görə ən böyük zərbəni alacaq ermənilər sonda daha böyük ziyan qarşısında, hətta fəlakətlə üz-üzə qalacaqlar. Odur ki, ermənipərəst mövqe nümayiş etdirən Fransa hakimiyyətinin oynadığı oyunlar tarixin bağışlamayacağı böyük səhvlərdir və bu səhvlər Ermənistan üçün də, Fransa üçün də daha böyük itgilər deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə