“QHT-lər öz etirazlarında tamamilə haqlıdırlar“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın Naxçıvan və Türkiyə ilə sərhədə yaxın ərazidə Mettallurgiya zavodunu tikməsi ciddi ekoloji problemlərə yol aça bilər. Bu baxımdan da həm Naxçıvan əhalisi, Sədərək sakinləri, həm də ekoloji yönümlü QHT-lər öz etirazlarında tamamilə haqlıdırlar. Çünki söhbət 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodundan gedir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, belə bir istehsal gücündə zavodun tikintisi ətraf mühit üçün kifayət qədər təhlükəli haldır: “Çünki zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Nəzərə alaq ki, zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Və bu da onu deməyə əsas verir ki, zavoddan çıxan tullantılar sözsüz ki, Araz çayına axıdılacaq. Çünki ermənilər artıq uzun illərdir ki, Araz çayını ekoloji fəlakətin qurbanına çeviriblər. Araz çayı sözün əsl mənasında Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Araşdırmalardan məlum olduğu kimi, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir.

“Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsirini nəzərə alaraq, bu istiqamətdə hər hansı fəaliyyətini həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Yəni bununla bağlı birgə qiymətləndirilmə həyata keçirilməli və müvafiq sənəd hazırlanmalıdır:

Nəzərə alsaq ki, həm Azərbaycan, həm də Ermənistan həmin Konvensiyanın tərəfləridir. O zaman Ermənistan tərəfi müvafiq qiymətləndirmədə Azərbaycan tərəfinin iştirakını təmin etməyə borcludur. Qeyd edim ki, Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır.

İndi də rəsmi qurumlarımız bununla bağlı gecikmədən müvafiq addımlar atmalı, Espo Konsepsiyası çərçivəsində müvafiq iddia ilə çıxış etməli və Ermənistanın törətdiyi ekoloji cinayətlərin qarşısını almaq istiqamətində fəaliyyətə keçməlidir. Eyni şəkildə Amerika Birləşmiş Ştatları hökumətinə də müraciət olunmalıdır ki, onların sərmayəsi ilə iri metallurgiya zavodu tikməyə hazırlaşan şirkəti məsuliyyətli davranışa dəvət etsin və onun qanunsuzluqlarına göz yummasın.
Düşünürəm ki, həm Azərbaycan, həm də Türkiyə ekoaktivistlərinin bu istiqamətdə etiraz aksiyasına başlaması da yaxşı olardı. Bu bizə Ermənistanın ekoloji cinayətlərini növbəti dəfə dünya birliyinin diqqətinə çatdırmaq imkanı verər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə