Qeyri-rəsmi Kişinyov görüşünün PƏRDƏARXASI - TƏHLİL

Kişinyovda beştərəfli formatda keçirilən qeyri-rəsmi görüşdə heç bir nəticənin əldə olunmayacağı öncədən bəlli idi. Hətta Mişelin bəyanatından belə aydın olur ki, masada indiyə qədərki gündəlik yenidən müzakirə olunub və növbəti beştərəfli görüşün keçirilməsi razılaşdırılıb. Bir sözlə, Kişinyovda keçirilən qeyri-rəsmi görüş bir növ bundan sonrakı görüşlər barədə razılığın alınması üçün planlaşdırılıbmış.

Bu son qeyri-rəsmi görüşdə gündəliyin dəyişməməsi sözsüz ki, müsbət məqamdır. Elə Fransa kimi ermənipərəst dövlətin olduğu masada hansısa dırnaqarası “yeniliyin” olmaması belə müsbət məqamlardan hesab oluna bilər. Hərçənd, növbəti beştərəfli görüşlə bağlı razılıq Bakı-İrəvan münasibətlərinin qurulması prosesində oyunçuların sayının çoxalması deməkdir və formatın böyüməsi maraqların da çoxalması ilə nəticələnə bilər. Bəlkə də İrəvan buna prosesdən yayınmaq üçün manevr imkanı kimi də baxa bilər. Məsələ burasındadır ki, bu baxış özü də ermənilərin növbəti yanlışlığı olar, çünki rəsmi Bakı gündəliyin dəyişməsinə imkan verməyibsə, deməli onların üz tutduqları bütün masalarda qarşılarına eyni məsələlərin çıxması gözləniləndir, hətta bu yanaşmanın Ermənistan üçün əks-effekti də mümkün haldır.

Sözsüz ki, görüşlərin nəticəsiz olması heç də arzulanan deyil, çünki nəticəsiz görüşlər həm sərhəddə, həm Qarabağda gərginlik üçün zəmin yaradır. Hər dəfə belə danışıqların ardınca ermənilər hansısa təxribatlar törətməyi sanki öz vəzifələri hesab edirlər və olmayan ağıllarına korluq vermədən istənilən təxribata əl atırlar. Əlbəttə ki, bununla öz vəziyyətlərini daha da gərginləşdirmiş olurlar. Çünki bizim istənilən təxribatın öhdəsindən gəlmək üçün güümüz yetərlidir və bunu dərk etməyənlər özləri uduzmalı olurlar. Azərbaycan müzakirələrə paralel olaraq, suverenliyinə təhdid olan separatizmə qarşı praktiki addımlar atmaqda heç zaman çəkinən deyil. Əgər erməni separatizmi baş qaldırmış olarsa, başlarının əzilməsi üçün yalnız bircə əməliyyat kifayət edər.

Tərəflər hər iki ölkənin irəli sürdüyü şərtlər, sülh gündəliyi və motivlər, maraq və ziddiyyət yaradan amillərlə tanış olmalı idilər və məhz bu səbəbə görə həmin o qeyri-rəsmi görüşdə sülh sazişinin imzalanması onsuz da gözlənilmirdi. Lakin görüşdən dərhal sonra erməni baş nazirinin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya olunması, bunun 1975-ci il xəritəsinə uyğun həyata keçirilməsi haqqında bir daha bəyanat verməsi diqqət çəkən məqam hesab olunur. Bu onu deməyə əsas verir ki, sülh sazişinin imzalanmasında tərəflər israrlı görünürlər və sülh sazişinin qısa bir müddət ərzində imzalanması barədə pozitiv görüntülər var.

Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinləri səviyyəsində yeni görüşün bu yaxınlarda Moskvada keçiriləcəyi də gözlənilir. Heç şübhəsiz ki, həmin görüşdə məhz hər iki dövlət tərəfindən sərhədlərin delimitasiya və demarkasiya olunması, eyni zamanda kommunikasiya xətlərinin açılması müzakirə oluna bilər. Həmçinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın günlərdə Vaşinqtonda da görüşünün olacağı onu deməyə əsas verir ki, sülh sazişinə hazır olunduğu bir daha bəyan edilib və bu istiqamətdə işlərin aparılmasında müsbət tendensiyalar da diqqəti cəlb etməyə bilməz. Təbii ki, Ermənistan tərəfi hansısa manipulyasiyalara əl atmasa. Üstəlik, 21 iyulda Brüssel görüşünün planlaşdırılması da müəyyən məqamlara aydınlıq gətirmək üçün şərtdir. Belə görünür ki, sonuncu qeyri-rəsmi beştərəfli görüşdən sonra tərəflər yekun sülh sazişini məhz Brüssel görüşündə müzakirə etmək niyyətindədirlər. Hətta o da ehtimal olunur ki, cari ilin oktyabr ayında İspaniyada keçirilməsi nəzərdə tutulan görüşdə tərəflər sülh sazişini imzalaya da bilərlər.

Paşinyan və müttəfiqləri Azərbaycan hökumətini sülh prosesi ilə bağlı mövqeyini dəyişməyə məcbur edə bilmədilər. Bu istiqamətdə uğursuzluğa düçar olan Paşinyan əks istiqamətə qaçıb və şənbə günü Türkiyə prezidenti, yenidən seçilən Ərdoğanın andiçmə mərasiminə gedərək türk qonşuları ilə münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atmaq qərarına gəlib. Lakin Ermənistan liderinin zahiri ziddiyyətli hərəkətlərində ilk baxışda diqqəti yayındıran manevrlər var. Paşinyan çətin ki, sülh prosesində lider rolunu oynasın. Ermənistan rəhbərliyi Moldova paytaxtında Azərbaycan və Ermənistan liderlərinin növbəti qeyri-rəsmi görüşünün şərtlərindən şikayət belə edə bilməz. Keçən il Paşinyanın ən yaxşı müttəfiqi, Fransa prezidenti Makron tərəfindən icad edilən bu format Avropa Siyasi Birliyinin 2-ci Sammiti çərçivəsində keçirilib. Paşinyan özünü onun tanınmamış üzvü kimi qələmə verərək bundan yararlanmağa çalışıb, amma nəticə onun istədiyi kimi olmayıb. Paşinyan danışıqlar masası arxasında elementar say üstünlüyünə nail olmağa çalışsa da, bunun üçün Makronun iştirakına can atıb buna görə sevinsə də sevinci və arzusu ürəyində qalıb. Ona görə ki, Azərbaycanın yaratdığı reallıqlar qarşısında kimsə dayana bilməz və belə də olmalı idi. Paşinyana dəstək komandasının siyasi çəkisi belə ona yardım edə bilmədi, erməni baş nazir və müttəfiqləri qətiyyən heç nəyə nail olmadılar, görüş də heç bir sənəd qəbul edilmədən başa çatdı və bir daha əmin oldular ki, Azərbaycan Prezidenti təslim olan deyil, güclü siyasi iradəyə, qətiyyətə sahib olan qalib liderdir.

Bir saat yarım davam edən qeyri-rəsmi görüşdən sonra Çarlz Mişel heç bir sənəd imzalanmayan bu görüşə necə isə don geyindirmək, izahat vermək şansından istifadə edərək bildirdi ki, bu qeyri-rəsmi görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüşə hazırlıqdır. Məsələ aydındir və bəllidir ki, iyulda keçiriləcək görüşdən əlavə hələ bir növbəti beştərəfli görüşün Avropa Siyasi Birliyinin oktyabrda İspaniyada keçirməsi planlaşdırılan görüş də, sammit də nəzərdə tutulur. Amma Azərbaycan üçün heç bir fərqi yoxdur və harada, nə zaman keçirilməsindən asılı olmayaraq, biz qalib, haqlı tərəf olaraq görüşə qatılırıq və şərtlərimizi dəyişmək nəinki Paşinyanın, heç Makronun da imkanı, gücü daxilində deyil. Bəli, rəsmi Paris açıq şəkildə planlaşdırılan bu yeni formatda Azərbaycan-Ermənistan danışıqlarında aparıcı yeri tutmaq niyyətində görünür. Hətta Kişinyovdakı qeyri-rəsmi görüşdəki uğursuzluğundan Makronun heç utanmaq niyyətində də olmadığı bəlli olur.

Ermənistanın baş nazirinin sülh prosesi ilə bağlı hərəkətlərini izləyəndə onların məntiqini anlamaq bəzən çox çətin olur. Çünki Nikol Paşinyan heç bir şəkildə gözlənilməyən çox əyrixətli trayektoriya üzrə, özü də məntiqsiz hərəkətlər edir. Paşinyan Ermənistan dövlətinin bütün ideologiyasına tam yenidən baxılmasından danışır. “Biz, 1918 və 1991-ci illər olmaqla, iki dəfə Ermənistan Respublikasını yaratdıq. Və hər iki dəfə də Ermənistan böyük güc layihəsinin qurulması və ərazilərin genişləndirilməsi kimi qismən guya daha qlobal məqsədə alət olaraq qəbul edilib. Amma bizim tariximizdə Ermənistan Respublikası özlüyündə bir məqsəd kimi ya mövcud olmayıb, ya da çox kiçik olub”, deyə Nikol Paşinyan Moldovanın erməni diasporu ilə görüşdə qeyd edib və bu o deməkdir ki, çox mənasız yerə çabaladığını artıq çoxdan başa düşüb.

Əslində, Cənubi Qafqazda sülhün təminatı prosesinə aparan yol heç də təsadüfən yaranmayıb, məhz Azərbaycanın yaratdığı strateji və iqtisadi amillər sayəsində ortaya çıxıb. Bu, Azərbaycanın hərtərəfli qələbəsidir. Əvvəlcə sarsıdıcı hərbi məğlubiyyət, sonra isə Qarabağdakı separatçı layihənin tədricən hər hansı iqtisadi əsasdan məhrum edilməsi erməni isteblişmentini nəhayət ki, öz siyasətini və ideologiyasını yenidən nəzərdən keçirmək barədə düşünməyə vadar edir. Beynəlxalq vəziyyətin dəyişməsini də buraya əlavə etmək mütləq vacibdir və etiraf edilməlidir ki, Azərbaycan hökuməti onilliklər ərzində bütün istiqamətlərdə, məhz regiondakı qonşularından tutmuş ABŞ, Aİ və Rusiya Federasiyasına kimi səbirlə beynəlxalq strategiya qurub və bu da uğurlu nəticəni, gözlənilən nəticəni verməyə bilməzdi. Paşinyan komandasının Azərbaycanla qarşıdurmaya xarici qüvvələri cəlb etmək cəhdlərinin son dərəcə uğursuzluqla nəticələnməsi heç də təsadfi deyil, məhz həmin strategiyanın məntiqi sonluğu, bəhrəsidir. Məsələn, nümunə üçün qeyd edək ki, çərşənbə axşamı ABŞ prezidentinin məhz cənab Prezident İlham Əliyevin sülh prosesində rolunu, xüsusən də amnistiya ilə bağlı son addımlarını rəsmən dəstəkləməsi deyilənləri təsdiq edir. Təsdiq edir ki, özünü Qərbin əsas müttəfiqi kimi göstərməyə çox çalışan İrəvanın məhz Dövlət Departamentinin yenə də Bakının mövqeyi ilə razılaşmasını müşahidə etməsi özü Azərbaycanın qələbəsidir. Bu isə o deməkdir ki, Azərbaycanın, uğrunda mübarizə apardığı regiondakı sülh və birliyin bərpası qaçılmazdır. Təbii ki, regionda vəziyyətin dəyişməsi baxımından, xarici supergüclərin və blokların müdaxiləsi normallaşma proseslərinə hansısa mənfi təsirlə yadda qala bilər, amma Kişinyov görüşü göstərdi ki, Azərbaycanın hərbi gücü ilə yanaşı, sülhü pozmaq cəhdlərinə qarşı durmağa qadir mükəmməl diplomatiyası da var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə