"Fransa tərəfi yenə də öz ampulasında oldu" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Məlumdur ki, iyun ayının 1-də Moldovanın paytaxtında "Avropa siyasi birliyi"nin 2-ci Zirvə toplantısı keçirildi. Bu toplantıya dünyanın 50-yə yaxın ölkəsindən dövlət və hökumət başçıları qatılmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu mühüm tədbirdə iştirak edirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, tədbir çərçivəsində İlham Əliyevin Moldova prezidenti Maya Sandu ilə görüşü keçirildi: "Bu görüş çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə cari vəziyyəti və perspektivləri geniş müzakirə edildi. Xüsusilə də siyasi, iqtisadi, turizm və ticarət əlaqələrin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları dərin müzakirə olundu.

Eyni zamanda dövlət başçısının ölkənin baş naziri ilə də görüşü keçirildi. Bu səfər çərçivəsində ən mühüm hadisə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vasitəsilə əvvəlcə üçtərəfli görüşün keçirilməsi hadisəsi oldu. Bunun ardınca isə Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin birgə görüşü keçirildi. Bu görüşün əsas cəhəti onunla bağlı idi ki, Brüssel formatı çərçivəsində olan görüş idi. Sadəcə bu dəfə Fransa ilə yanaşı, həm də Almaniya kansleri də bu tədbirə qatılmışdı.

Yeri gəlmişkən qeyd edim ki, keçən il Praqada keçirilən tədbirə Fransa prezidenti Emmanuel Makronun qatılması əslində Brüssel formatında çox ciddi çatların əmələ gəlməsinə səbəb olmuşdu və xeyli müddət bu format çərçivəsində danışıqlar dayandırılmışdı. Bu da Fransanın tutduğu qərəzli və ermənipərəst mövqe ucbatından baş vermişdi. Bu dəfə isə görüşə həm də Almaniya kansleri ilə qatılırdı deyə bu formatda Azərbaycan Prezidenti görüşdə iştirak etməyi məqbul saydı”.

Elman Nəsirov sözlərinə belə davam edib: “Azərbaycan Prezidentinin əsas niyyəti ondan ibarət idi ki, iştirakçılar Ermənistan Azərbaycan münasibətlərinin normallaşdırılması və çoxdan gözlənilən sülh müqaviləsinin imzalanması üçün münbit şəraiti təmin etsinlər. Bu işə xidmət edə bilərlərsə, bu alqışlanan hadisədir. Həm də Azərbaycan-Almaniya münasibətlərində müsbət dinamikanı nəzərə alsaq, Almaniya kanslerinin görüşdə iştirakı Azərbaycan tərəfindən müsbət hadisə kimi dəyərləndirildi.

Bu görüş çərçivəsində Şarl Mişelin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan Ermənistan münasibətlərinin geniş spektrına dair məsələlər çox ciddi müzakirə predmeti oldu. Burada sərhədlərin delimitasiyası və demarkasiyasından tutmuş kommunikasiyaların bərpasına qədər və sonda isə sülh müqaviləsinin imzalanmasına kimi məsələlər təhlil edildi. Burada ən mühüm cəhət ondan ibarət idi ki, tərəflər Ermənistan- Azərbaycan münasibətlərini, daha dəqiq desək sərhədləri müəyyən edərkən 1991-ci il Alma-Ata bəyannaməsindən irəli gələn prinsipləri əsas götürdüklərini bildirdilər. Bu da o deməkdir ki, Sovet İttifaqı tərkibində respublikalar hansı ərazilərə malik idilərsə, indi də həmin ərazilərə malik olmalıdırlar. Bu halda isə Qarabağ Azərbaycan ərazisi hesab edilmiş olur. Moldova paytaxtında keçirilən görüş çərçivəsində məhz belə bir razılaşma əldə edilib.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, görüşdən sonra Fransa tərəfi yenə də öz ampulasında oldu. Makronun görüş və onun nəticələri ilə bağlı təhrif edilmiş mövqe ortaya qoyması diqqətdən yayınmadı. Bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı və Fransa tərəfinə öz etirazını bildirdi. Amma hər halda danılmaz həqiqət ondan ibarətdir ki, Ermənistan Azərbaycan münasibətlərinin normallaşması istiqamətində intensiv proseslər getməkdədir. Kəmiyyət baxımından proseslər ürəkaçandır. Amma çox istəyərdik ki, danışıqların məntiqi nəticəsi olaraq sülh müqaviləsi imzalansın. Ermənistan tərəfi bunu dərk etməli və əməli addımlar atmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə