Paşinyanın Ankara səfəri - RAKURS

Yaxud baş nazirin Türkiyə səfərinə Ermənistandan baxış və reallıqlar

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi ilə əlaqədar səfər etdiyi Türkiyədən artıq İrəvana qayıdıb. Qısamüddətli səfər bir sıra dövlətlərin erməni diasporlarının İrəvana Qarabağla bağlı mövqelərinə yenidən baxmaq çağırışı fonunda baş tutub. Paşinyanın səfəri Ermənistanın özündə də qarışıq reaksiyaya səbəb olub.

Ankarada Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğan, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə qısa söhbət edib. Türkiyə mətbuatının yazdığına görə, Paşinyanla İlham Əliyev Brüsseldə gözlənilən görüşün bəzi detallarını müzakirə ediblər. Ərdoğanın andiçmə mərasiminə gələn möhtərəm qonaqları sadalayarkən Paşinyanın adını çəkməməsi Ermənistan cəmiyyətinin baş nazirin Ankaraya səfərini Ermənistanın və xalqının növbəti rüsvayçılığı adlandıranlar bununla ictimai qınağı, təzyiqi artırmaq, ortalığı qarışdırmaq, qızışdırmaq niyyətlərini gizlətmirlər. Bu insanlar daha çox Türkiyənin müttəfiqi Azərbaycana verdiyi dəstək nəticəsində baş vermiş 44 günlük müharibədə məğlubiyyətdən sonra bu cür hərəkətləri qəbuledilməz hesab edirlər. Onların fikrincə, Ərdoğanın sonrakı sərt bəyanatları, Türkiyənin Ermənistanla güclü mövqedən danışmağa meylli olması münasibətlərin yaxşılaşmasına heç nə vermir və Türkiyə Prezidentini seçkilərdəki qələbəsi münasibətilə qiyabi təbrik etmək və andiçmə mərasimində ölkəsindəki çətin daxili siyasi vəziyyətə görə iştirak etməməsini izah etmək kifayət idi.

Belə ki, “Alternativ layihələr” qrupunun üzvü, politoloq Vahe Hovhannisyan sosial şəbəkədəki səhifəsində yazıb: “Təhqiri qəbul etməyən cəmiyyətlər adətən çox ağır nəticələr əldə edirlər”. Ovannisyanın sözlərinə görə, vəziyyət orta əsr ənənələrini xatırladır, o zaman ki, qalib öz xalqına uduzan tərəfin əsir liderini nümayiş etdirərək bununla da hərbi uğurlarını təsdiq edirdi.

Politoloq Armen Xanbabyan isə əks fikirdədir. Onun sözlərinə görə, Türkiyə Ermənistanla həmişə güclü mövqedən danışacaq, çünki o, daha güclü və sayca çoxdur. Ankara üçün İrəvanla münasibətlərin normallaşması arzuolunandır, lakin o qədər də əhəmiyyətli amil deyil. “Ermənistan hakimiyyətinin əleyhdarları Paşinyanın səfərindən kapitulyasiya siyasətini davam etdirməkdə ittiham etmək üçün bəhanə kimi istifadə ediblər. Onların fikrincə, İrəvan belə addımlar atmamalıdır. Paşinyanın əleyhdarları üçün hakimiyyətin istənilən hərəkəti sərt və çox vaxt əsassız tənqid üçün fürsət olur”, – Armen Xanbabyan bildirib. Onun sözlərinə görə, bu dəfə Paşinyanın rəqibləri onun son 30 ildə Türkiyə paytaxtına səfər edən ilk erməni lideri olmadığını xatırlamamağa üstünlük verirlər.

Türkiyəyə səfər ənənəsi...

Hələ 1993-cü ildə, birinci Qarabağ müharibəsinin qızğın vaxtında o vaxtkı prezident Levon Ter-Petrosyan mərhum həmkarı Turqut Özalın dəfn mərasimini onun iştirakı ilə təşkil etməyi mümkün görüb. Və heç kim bunun xəyanət olduğunu düşünmürdü. Eynilə 2009-cu ildə üçüncü prezident Serj Sarkisyanın Türkiyəyə səfəri kimi. Sonra xatırlayırıq ki, iki ölkə liderləri münasibətlərin ikitərəfli normallaşması prosesinin başlanmasına yönəlmiş futbol diplomatiyası adlanan sənəd çərçivəsində qarşılıqlı səfərlər ediblər. Düzdür, ilk növbədə Bakının Türkiyənin hərəkətlərinə kəskin mane olması səbəbindən Sürixdə imzalanan protokollar heç vaxt ratifikasiya olunmadı.

Rəsmi mənbələr Paşinyanın səfərini “işgüzar səfər” adlandıraraq, onun Ərdoğanla münasibətləri normallaşdırmaq üçün başqa bir cəhdi müzakirə edəcəyini və bunun heç bir nəticə verməyəcəyini bildiriblər. Səfər zamanı baş naziri Ermənistanın ikitərəfli dialoq üzrə xüsusi nümayəndəsi, Parlamentin vitse-spikeri Ruben Rubinyanın müşayiət etməsi və hava limanında onları bu dialoqda Türkiyə nümayəndəsi səfir Serdar Kılıçın qarşılaması da buna işarədir. Paşinyanın Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüyü məlum olub. Ermənistan lideri ilə Ərdoğanın söhbəti barədə də məlumat var, lakin hələlik təfərrüatlar açıqlanmayıb.

Bununla yanaşı, Xanbabyan vurğulayıb ki, Paşinyanın səfərinin İrəvanla Ankara arasında münasibətlərin normallaşmasında ciddi rol oynayacağına inanmağa dəyməz. “Ermənistan-Türkiyə münasibətlərinin səviyyəsi bundan sonra da Ermənistan-Azərbaycan dialoqunun gedişindən asılı olacaq, burada ciddi irəliləyişə ümid etmək hələ mümkün deyil. Lakin ola bilsin ki, üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı sazişi həyata keçirmək mümkün olsun. Bu, Rusiya pasportuna malik ermənilərin üçüncü ölkələrdən yan keçərək Türkiyəyə daxil ola bilməsi deməkdir”, - Xanbabyan vurğulayıb.

Ermənistanla Azərbaycan arasındakı razılaşmaların arxasında nə dayanır?

İrəvan saxtakarlığa əl atmasa və mövqeyini yenidən dəyişməsə, yaxın vaxtlarda Ermənistanla sülh müqaviləsi imzalana bilər. Belə ki, bunu mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev laçınlılarla görüşündə deyib.
“İndi Ermənistan ərazi bütövlüyümüzü tanıdığına görə, sülh müqaviləsi üçün faktiki olaraq heç bir ciddi maneə yoxdur”, - deyə o izah edib.

Sülh müqaviləsi beynəlxalq şərtlərə əsaslanmalı, Naxçıvana yol açılmalı, hələ də Qarabağda qalan Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Qarabağdakı qondarma qurumun bütün üzvləri istefaya getməlidirlər və bundan sonra hansısa amnistiya ola bilər. “Hamı yaxşı bilir ki, bu gün bizim bu regionda istənilən əməliyyatı keçirmək imkanımız var”, - deyən İlham Əliyev öz ordusunun nəinki Qarabağdakı, hətta Ermənistandakı ordu üzərində mühüm hərbi üstünlüyünə toxunaraq deyib.

Bundan əvvəl baş nazir Nikol Paşinyan bildirib ki, erməni əhalisinin təhlükəsizliyi təmin olunarsa, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır. Əslində, İrəvan Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra yaranmış reallığı qəbul edib. Qarabağın gələcəyi ilə bağlı Ermənistanın mövqeyində müşahidə olunan dəyişiklik çoxdan gözlənilən hadisədir.

Bu arada məlum olub ki, iyunun 12-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək. Bunu Ermənistan XİN sözçüsü Ani Badalyan da təsdiqləyib. Bildirib ki, Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh prosesi istiqamətində danışıqlar davam etdiriləcək. İctimaiyyətə əlavə məlumat və görüşün təfərrüatları daha sonra açıqlanacaq. Bundan əvvəl isə Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş iyulun 21-də Brüsseldə keçiriləcək.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün hər hansı konkret xəritənin istifadəsi ilə bağlı yekun razılaşma yoxdur, baxmayaraq ki, Ermənistan üçün 1975-ci il xəritəsi məqbul həlldir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında dövlət büdcəsinin icrasına dair illik hesabatın ilkin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib. Qeyd edib ki, hələlik Ermənistan və Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi üçün hər hansı konkret xəritədən istifadə edilməsinə dair yekun razılıq yoxdur. "Amma Alma-Ata Bəyannaməsinə uyğun olaraq bu işləri həyata keçirmək öhdəliyi var. Ötən il oktyabrın 6-da bu razılaşma Praqada əldə olunub, lakin xəritədə heç bir razılaşma yoxdur”, - Mirzoyan bildirib.

“Söhbət həm bütün beynəlxalq ictimaiyyət, həm də Ermənistan Respublikası tərəfindən anlaşma və işi davam etdirmək istəyi olan xəritədən gedir. Biz hesab edirik ki, 1975-ci il xəritəsinə əsasən bir-birinin ərazi bütövlüyünün tanınması və bu əsasda demarkasiya işlərinə başlanması Ermənistan Respublikası üçün məqbul həll yoludur. Lakin hələlik konkret xəritə üzrə yekun razılaşma yoxdur”, - XİN rəhbəri yekunlaşdırıb.

Azərbaycan XİN-dən bu açıqlamaya dərhal reaksiya verilib. Qeyd edilib ki, ilk öncə, delimitasiya prosesinin hansı əsasda aparılması ilə bağlı iddia ilə əlaqədar qeyd edək ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur.

Beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib. Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır.

30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır.

Beləliklə, Azərbaycanın Ermənistanı sülhəməcburetmə əməliyyatı davam etməkdədir. Hər gün, hər görüşdə İrəvanın bir yanaşma forması üzə çıxır. Nəticə etibarilə Ermənistanın sülhə yanaşmada problemlər yaşadığı bəlli olur.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə