Sülhməramlıların bulanıq suda balıq tutmaq həvəsi - TƏHLİL

Azərbaycan tərəfinin bütün etirazlarına rəğmən, şəhərlərimizi, yaşayış məntəqələrimizi, eləcə də toponimlərimizi erməni adları ilə, erməni variantında qeyd edən Rusiya sülhməramlıları, göründüyü kimi, həyasızlığın son həddini nümayiş etdirirlər və bununla da təxribatların davam etməsində onların marağının olduğu ortaya çıxır. Təxribatlara rəvac verən, işğalçının yanında olan sülhməramlılar təxribatların aradan qaldırılmasında maraqlı görünmürlər, əksinə, aranın daha da qızışdırılmasında maraqlı olduqları bəlli olur ki, burada da məqsəd öz mövcudluqlarını qorumaqdır, çünki təyin olunan vaxt bitdiyində bölgəni tərk edəcəklərindən narahatdırlar.

Təxribatçıların bu zamana qədər məhz sülhməramlılar hesabına ərazimizdə qalması da hər kəs üçün bəlli məsələdir. Onlar elə sülhməramlıların varlığından istifadə edərək dinc dayanmırlar və özlərini arxalı hesab edirlər deyə istədikləri zaman təxribata əl atmaqdan çəkinmirlər, əks halda qorxularından çoxdan susub oturardılar. Təbii ki, təxribatçılara belə bir cəsarəti verən, onları yeni təxribatlara ruhlandıran məhz sülhməramlıların ərazimizdə olması, guya nəzarət etməsi, guya ki, sülh məramıdır. Əslində isə, sülhməramlılar bu vaxta qədər təxribatçılara qarşı bircə dənə də tədbir görməyiblər, sülh məramı sərgiləməyiblər, əksinə, onların qanunsuz, təxribatçı hərəkətlərinə bilərəkdən göz yumublar ki, ara sakitləşməsin və sülhməramlılara ehtiyac hər zaman olsun. Sözsüz ki, onların fikrincə belə bir ehtiyacın olması, belə bir ehtiyac duyulması da öz növbəsində rus sülhməramlılarının, bütövlükdə Rusiyanın bölgədə qalma müddətinin artmasına gətirib çıxara bilər, amma Azərbaycan bəyan edir ki, Rusiya sülhməramlıları öz müddətlərini başa vurduqdan sonra ərazilərimizi tərk edib gedəcəklər. Deməli, həyasızlıq etməklə, təxribatları körükləməklə heç nəyə nail ola bilməyəcəklər, ola bilsin ki, eyni ilə bu ilin mart ayında Azərbaycan tərəfindən aparılan Fərrux əməliyyatlarının oxşarına, buna bənzər əməliyyatın təkrarlanmasına şərait yaratmış olacaqlar və bu da ermənilərin özlərinə baha başa gələcək, nəticələri də olduqca ağır olacaq.

Hazırda ruslara güvənərək təxribatlara əl atan, separatçılıq planlarını həyata keçirməyə çalışan ermənilər bölgədə gərginliyi artırmaqda davam edirlər. Bu gərginliyin artmasını isə rus sülhməramlılar sanki müşahidə etməklə işlərini bitmiş hesab edirlər. Əslində, bölgədə gərginlik durmadan artırsa, bu, sülhməramlıların rolunun olmaması deməkdir. Əgər sülhməramlıların rolu yoxdursa, o zaman onların bölgədə nə işi var? Deməli, təxribatların davam etməsi, bu təxribatlara imkan, rəvac verilməsi, eləcə də bölgədə gərginliyin artmasını sadəcə müşahidə etmək sülhməramlıların fəaliyyətsizliyi anlamına gəlir ki, bu da nəticə etibarı ilə onların lazımsız olduqlarını təsdiq edir. Təsdiq edir ki, sülhməramlıların müddəti bitdikdən sonra onların ərazilərimizdə qalmasına zərrə qədər ehtiyac yoxdur, əksinə, onların bizim ərazilərimzi tərk etməsi daha məqsədəuyğundur və hətta labüddür, vacibdir. Bir sözlə, öz əməlləri, öz tərzləri ilə sülhməramlılar öz aqibətlərini indidən müəyyənləşdirmiş olurlar və onların ərazilərimizi tərk etmələri daha təxirəsalınmaz tədbir olaraq qəbul edilir.

Bəllidir ki, Rusiya açıq-aşkar şəkildə Ermənistanı, eləcə də erməniləri müdafiə edə bilmir. Bunun üçün şimal qonşumuzub bircə bəhanəsi belə yoxdur. Həmçinin rəsmi Moskva hansısa işğalçı ölkəni, ələlxüsus Ermənistanı müdafiə etmək, ona dəstək göstərmək istəyində deyil. Əvvəla, ermənilər də, Ermənistan da ruslar üçün heç bir maraq kəsb etmir, əksinə anti-Rusiya bəyanatları səsləndirən haylar onları kifayət qədər qıcıqlandırıblar. Digər tərəfdən də Ukrayna ilə müharibə fonunda Rusiyanın özünün indi dəstəyə ehtiyacı var və belə bir şəraitdə ruslar istəsələr belə bunu etmək iqtidarında deyillər. Elə isə sülhməramlıların canfəşanlığı nədən qaynaqlanır və təxribatçıların hərəkətlərinə rəvac vermələri nə deməkdir? Təbii ki, indi artıq rusların etdikləri ermənilər üçün yox, özləri üçündür və Rusiya bölgədə mövcudluğundan imtina etməyi təsəvvür belə etmir. Elə buna görə də ruslar erməniləri alət olaraq istifadə edirlər, amma hər bir halda bunun Azərbaycan üçün deyil, Ermənistan üçün açı nəticələr verəcəyi gözləniləndir. Rus sülhməramlıları sonda bölgəni tərk edib gedəcəklər, amma yumruq, özü də “Dəmir Yumruq” yenə də separatçı, təxribatçı ermənilərin başını əzəcək.

Tez-tez revanş barədə spekulyasiyalara maraq göstərən ermənilərin silah tədarükü, sursat əldə etməsi üçün əldən-ayaqdan getdilər də nəzərdən yayınan deyil. Hindistandan silah almaq barədə razılığa gələn ermənilər başa düşürlər ki, əvvəla, heç bir bazarı olmayan həmin silahlar onları qane edən deyil. Digər tərəfdən də axı, hansı ölkə Ermənistana eyni ilə Rusiya kimi pulsuz, müftə silah bağışlayacaq? Heç bir ölkə. Nə Hindistan, nə də heç bir dövlət ermənini pulsuz silahlandırmaq marağında ola bilməz. Bəli, Pakistanın Azərbaycanla yüksək səviyyədə olan münasibətlərindən qıcıqlanan Hindistandan Ermənistan məhz bu səbəbdən hansısa silahları ala bilər, amma yalnız pulla. Bunun üçün isə Ermənistanın büdcəsi yetərli deyil. Belə olan halda ermənilərin silah əldə etməsi barədə fikirləri uydurduqları nağıl və miflər qədər gülünc səslənə bilər. Təsadüfi deyil ki, ermənilərin əksəriyyəti, rusların guya onlara xəyanət etdiklərini dilə gətirsələr belə hələ də Rusiyanın ətəyini buraxmamaq barədə düşünürlər. Çünki bilirlər ki, nəinki Hindistan, nə ABŞ, nə İran, nə də Fransa İrəvana müftə, pulsuz silah göndərməz. Bu baxımdan Ermənistanın silahlanması hələ yaxın otuz il ərzində nağıl kimi səslənir. Amma bu belə o demək deyil ki, otuz ildən sonra ermənilər bizimlə müharibə etmək gücünə, səviyyəsinə çata bilərlər, xeyr. Ona görə ki, Azərbaycanın hərbi qüdrəti də, silah arsenalı da müqaisəyə gəlməz dərəcədə onlardan artıqdır və torpaqlarımızı, ərazi bütövlüyümüzü əzmlə qorumaq məqsədi ilə sürətlə də bu baza genişləndirilir. Bir sözlə, Ermənistan artıq nə zamansa, hansısa iddiada ola bilməz, amma etiraf etmək lazımdır ki, az-para silah əldə edən ermənilər bundan şirniklənərək təxribatlara əl atırlar və bu da müəyyən gərginliyə səbəb olur. Bu səbəbdən məhz işğalçı, təxribatçı, separatçı bir ölkənin silahlanmasına qarşı nəinki Azərbaycan, bütövlükdə dünya etiraz etməkdə haqlıdır.

Hər tərəfdən, bütün qonşu dövlətlərdən əli, ümidi üzülən ermənilər yalnız Rusiyanın tör-töküntüsünə ümid edə bilər. Hətta bəlgədə yerləşdirilən Rusiya sülhməramlıları belə ermənilər üçün xilas yeri hesab olunurlar. Təsadüfi deyil ki, erməni baş nazir Paşinyandan tutmuş ən sıravi erməniyə qədər sülhməramlıların müddətinin əbədi olması arzusundadır və bunu onlar gizlətmirlər də. Bir zamanlar dırnaqarası “məğlubedilməz erməni silahlı qüvvələri” mifini yaradanlar, bu mifi dünyaya sırımaq istəyənlər nə əcəb böyük rus qardaşlarının ətəyini buraxa bilmirlər və əbədi olaraq onların bölgədə qalmaları üçün dəridən-qabıqdan çıxırlar? Ona görə ki, dediklərinin mif olduğunu özləri hamıdan yaxşı bilirlər və bilməyənlər də 44 günlük müharibə ərəfəsində dabanlarına tüpürüb qaçan erməni əsgərlərini gördükləri zaman, fərarilərinin sayını bildikləri zaman bu mifin yalan olduğuna əmin oldular. Elə ona görə də ermənilər sülhməramlıların dizinin dibini kəsdirib durublar və bundan da rus sülhməramlıları istədiyi şəkildə istifadə edir, təxribatlara rəvac verir. Rəvac verir ki, bölkədə sakitlik, təhlükəsizlik mühiti bərqərar olmasın, yaranmasın və onlar da öz mövcudluqlarını qorusunlar. Yəni, sülhməramlılar qəsdən suyu bulandırırlar ki, bulanıq suda balıq tutmaq misalında özləri üçün, ruslar üçün, Rusiya üçün Cənubi Qafqazda mövqe tutsunlar. Bir sözlə, sülhməramlılar qəsdən suyu bulandırmaq niyyətindədirlər və bölgədə qalmaq üçün son, özü də puç olacağı görünən ümidləri də yalnız budur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə