Media subyektlərinin gəlirlərinin vergidən azad edilməsinə BAXIŞ - SORĞU

Media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq. SİA mövzu ilə bağlı media rəhbərləri arasında sorğu keçirib və məsələ ilə bağlı onların fikirlərini alıb.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid: “Azərbaycan Prezidenti cənab İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqlədi. Bu qanunla audiovizual media istisna olmaqla digər media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri və müvafiq maddi yardımlardan tutulan gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, eləcə də istehsal etdikləri media məhsullarının əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur. Media cameəsinin gözləntilərini doğruldan və günün tələblərinə adekvat olan dəyişiklik, hesab edirəm ki, bu sektorun sosial-iqtisadi durumuna müsbət təsir göstərəcək. Azərbaycanın reklam bazarında medianın iştirak payının onsuz da aşağı olduğu bir vaxtda dövlət başçısının təsdiqlədiyi qanun bu sektorun üzləşdiyi maddi çətinlikləri əhəmiyyətli dərəcədə aradan qaldıracaq.

Bu dəyişiklik qlobal böhran risklərindən qorunma təminatı olmaqla yanaşı, bir yandan da inkişaf üçün imkanların yaradılmasını, perspektivdə medianın sosial-iqtisadi cəhətdən güclənməsini və müstəqil fəaliyyətini şərtləndirən amildir ki, indiki zamanda media sektoru üçün bundan yüksək dividend ola bilməz. Bu, həm də media subyektlərinin bazar münasibətlərində etibarlı tərəfdaş kimi tanınması baxımından çox önəmlidir.

Onu da qeyd etmək lazımdır ki, mediaya dəstək Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Son illər bu sahəyə dəstək məqsədilə atılan addımlar, o cümlədən, jurnalistlərə güzəştli ipoteka kreditinin verilməsilə bağlı müvafiq qaydalara dəyişikliyin olunması, kütləvi informasiya vasitələri məhsullarının nəşri ilə bağlı qəzet kağızının idxalı və satışı üzərindən əlavə dəyər vergisinin götürülməsi, indi isə Vergi Məcəlləsində edilmiş sözügedən dəyişiklik dövlətin bu siyasətinin davamlı xarakter daşıdığının göstəricisidir”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: “Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, qəzet və saytların öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunması dövlət tərəfindən mediaya edilən faydalı bir jestdir. Bu, xüsusilə də dövlətdən maliyyə yardımı olan media subyektlərinin maddi baxımdan gəlir əldə etməsinə səbəb olacaq. Bu cür dəstək media subyektlərinin maliyyə müstəqilliyinin artmasına da müsbət təsir göstərəcək.

Bundan öncə jurnalistlərin sosial ipoteka alması istiqamətində atılan addım da təqdirəlayiq idi. Amma ümumilikdə medianın maddi mənbələrə çıxış imkanları da bir qədər artırılmalıdır. Etiraf etməliyik ki, bu gün Azərbaycanın media subyektlərinin əksəriyyəti çətin şərtlər altında çalışır, maddi-texniki bazaları çox məhduddur. Bütün bunlar sonucda peşəkarlıqla bağlı problemlərin yaranmasına səbəb olur. Buna görə də medianın maddi imkanlarının yaxşılaşdırılması bu sahədəki problemlərin həllinə, ənənəvi medianın hazırda üzləşdiyi haqsız rəqabət şəraitində ayaqda qalmasınayardımçı ola bilərdi”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli: “MEDİA Agentliyinin təşəbbüsü ilə hazırlanmış, Milli Məclisin müzakirələrində qəbul edilmiş və nəhayət, cənab Prezidentin fərmanı ilə qüvvəyə minmiş vergi güzəştləri alqışa layiqdir. Çap və onlayn media üçün nəzərdə tutulan bu güzəştlər KİV gəlirlərinin 3 il müddətində vergidən azad edilməsini nəzərdə tutur. Bu, dövlət büdcəsinə böyük bir ağırlıq gətirmir. Nəzərdə tutulan güzəştlərin ümumi məbləği təqribən 10 milyon manat civarında qiymətləndirilir. Güzəştlər nəticəsində bu 10 milyon manat dövlətə ödənilməyəcək, KİV-lərin özünə qalacaq. Bu məbləğ KİV-lər üçün çox böyük rəqəmdir. Dövlət büdcəsinə xüsusi ziyan vurmadan peşəkar KİV-lərin gəlirlərin artmasında böyük rol oynayacaq. Nəticədə informasiya məkanımız, bütövlükdə cəmiyyətimiz bundan uduş əldə edəcək.

Azərbaycanda peşəkar media uzun müddətdir ki, sosial mediaya ilə ədalətsiz rəqabət mühitində yaşayır. Sosial şəbəkələrin geniş vüsət tapmasına baxmayaraq, cəmiyyətin ehtiyac duyduğu etimadlı informasiyanı peşəkar KİV-lər hazırlayırlar. Bu baxımdan uzun müddətdir ki, media ekspertləri Azərbaycanda peşəkar media subyektlərinə müəyyən güzəştlərin tətbiq edilməsi ilə bağlı təkliflər verirdilər. Bu təkliflər peşəkar medianın bu ədalətsiz rəqabət mühitində dayanıqlığını və maddi imkanlarını möhkəmləndirməyə yönəlib.

Təəssüf ki, media məkanının özündə mövcud olan xaotik durum, yalançı kəmiyyət çoxluğu bu cür sosial proqramların həyata keçirilməsinə imkan vermirdi. Media Reyestrinin işə düşməsi bu sektordakı xaotik durumu aradan qaldırır. Peşəkar media ilə yalançı KİV arasında sərhədlərin müəyyən olunması dövlətə peşəkar media qurumları üçün müəyyən güzəştlər tətbiq etməyə imkan yaradacaq.

Peşəkar medianın maliyyə mənbələrinin inkişaf etməsi, paralel olaraq media subyektlərinin biznes modelinə keçidinin təmin edəcək, nəticə etibarilə peşəkar jurnalistika ilə məşğul olan şəxslərin də sosial durumlarının yaxşılaşdırılmasına təsir edəcək. Ümumilikdə peşəkar media məkanının inkişaf etməsinə təkan verəcək”.

“Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı: “Medianın vergidən azad olması çox önəmli bir qərardır. Çünki medianın iqtisadi fəaliyyət imkanları o qədər də geniş deyil. Bu baxımdan media haqqında qanun qəbul olunan ərəfədə də, ondan sonra da dəfələrlə ictimai müzakirəyə çıxarmışıq ki, mediaya bir sıra vergi güzəştləri tətbiq olunsun. Bu bütövlükdə Azərbaycan mediasının ümumi bir istəyi idi. MEDİA İnkişaf Agentliyi də bu məsələyə olduqca həssas yanaşdı və dövlət qurumlarının qarşısında bu təşəbbüsü ifadə etdi. Şübhəsiz ki, bu müraciətlərə müsbət cavab verilməsi və medianın bir sıra vergi güzəştlərindən azad edilməsi olduqca müsbət haldır. Hesab edirəm ki, bu medianın iqtisadi müstəqilliyinə böyük təkan verəcək. Eyni zamanda, reklam münasibətlərinin də həm şəffaflaşmasına, həm də genişlənməsinə rəvac verəcək bir tendensiya oldu. Bildiyiniz kimi, Azərbaycan mediasının reklam bazarı dar bir səviyyədədir. Reklamlardan gələn cüzi gəlirin də bir hissəsi vergilərə cəlb olunurdu. Buna görə də medianın inkişafında problemlər yaşanırdı. Düşünürəm ki, bu güzəştlərin tətbiq olunması Azərbaycan mediasının bir institut kimi inkişafına təkan verəcək.

Artıq bizim qarşımızda başqa bir hədəf var. Bu da reklam bazarının genişlənməsidir. Reklamdan gələn vəsaitlər xəbər portallarının maddi təminatını və təchizatını gücləndirsin. Ümid edirəm ki, bu məsələlərdə də yaxın zaamanlarda müsbət irəliləyişlər görəcəyik”.

“Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı: “Mən hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə media subyektlərinin 3 il müddətinə öz fəaliyyətlərindən əldə olunan və onlara edilən müvafiq yardımlar nəticəsində qazanılan gəlirlərin vergidən azad olunması şübhəsiz ki, ölkədə medianın inkişafı üçün atılan müsbət bir addımdır. Tətbiq olunan vergi güzəştləri Azərbaycanda medianın sürətli inkişafı, onun iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsi, medianın öz-özünə investisiya etmək imkanlarının genişləndirilməsi üçün yaradılmış bir imkandır. Mən cənab Prezident tərəfindən atılan bu addımı dövlətin media ilə bağlı həyata keçirdiyi kompleks tədbirlərin tərkib hissəsi kimi hesab edirəm. Bugünkü gündə dünyanın qlobal media şəbəkəsində çox ciddi rəqabətlilik hökm sürür. Xüsusilə bizim ölkəmizdə media subyektləri sosial şəbəkələrlə müqayisədə reklam bazarında uduzurdu. Sosial şəbəkələrin reklamlara əlçatanlığı daha rahat idi. Bu qərarın qəbul edilməsi media subyektlərinin sosial şəbəkələrlə rəqabətdə imkanlarını artıracaq. Bu da medianın inkişafına, öz mövcudluqlarını qorumasına, beynəlxalq media şəbəkəsinə inteqrasiya olunmasına və daha keyfiyyətli informasiya siyasəti həyata keçirməsinə imkan yaradacaq”.

“Bayraqdar” Medianın baş redaktoru, media eksperti Azər Həsrət: “Media subyektlərinə vergi güzəştlərinin tətbiqini Azərbaycan dövlətinin medianın həyatda qala bilməsi və inkişafı üçün atılan addımlardan biri kimi dəyərləndirirəm. Faktiki olaraq dövlət xüsusilə dünyanın bu çətin şəraitində medianın üzləşdiyi sıxıntıları bir qədər azaltmaq üçün belə bir addım atır. Qeyd etmək lazımdır ki, bu, Azərbaycan dövlət başçısının ilk belə addımı deyil. Buna qədər də medianın fəaliyyətinin davamlılığını təmin etmək, journalist materiallarının keyfiyyətini yüksəltmək üçün dövlət gərəkli dəstəyi göstərib. Hətta Ulu Öndər Heydər Əliyevin dövründə də medianın bu və ya digər şəkildə dəstəklənməsi üçün çox ciddi addımlar atılıb. İndi vergi məcəlləsinə edilən dəyişikliklər də Azərbaycan mediasının növbəti mərhələ üçün özünü dirçəltməsi, davamlılığını təmin etməsinə xidmət edəcək. Əlavə maliyyə yüklərindən azad olmaqla media keyfiyyət məsələlərinə daha ciddi bir şəkildə diqqət yetirəcək. Eyni zamanda, media üçün oxucu, dinləyici auditoriyasını genişləndirməyə şərait yaranacaq. Azərbaycan dövlətinin bu yanaşması növbəti təqdirəlayiq addım kimi dəyərləndirilməlidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə