Valeh Sefiyev
Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin ölməz xatirəsinə ithaf edirəm.
(POEMA)
ONUN qəlbini
obamıza, elimizə
sonsuz bir məhəbbət duyğusu
doldurmuşdu.
ONUN bütün varlığı
fövqəlbəşər şölələrlə
nurlanmışdı.
Qüdrətli olduğu qədər də
nəcib, rəhimliydi O.
Sarsılmaz səhhət və güc rəhniydi O.
Dinclik, rahatlıq nədir? - unutmuşdu.
Qəti bir yol tutmuşdu.
Vətən sevgisi, xalq işi
ONUN bütün varlığını
silkələyirdi.
- Dünya bizim üçün
çox ədalətsiz,
çox ağır qurulmuşdur! - deyirdi.
Bir gün ərzində
kürreyi-ərzi dolaşırdı,
okeanlar keçirdi,
dağlar aşırdı,
dünyanın bir qütbündən
o biri qütbünə gedirdi.
Dünyanın
vicdanına müraciət edirdi. -
Dünyanı haqqa gətirmək,
dünyanı haqqın, ədalətin
ixtiyarına vermək
istəyirdi.
Ağlı bağlayan zəncirləri
çoxdan qırılmışdı.
Qorxunun, paxıllığın,
xəyanətin, kinin
əsarətindən çıxmışdı.
İnsanı əzib məhv edən,
çürüdən
hər cür qüvvənin
fövqündə durmuşdu O.
Etiqad və təsəlli gəzmirdi;
əbədi həqiqəti axtarırdı,
əbədi həqiqətin odu ilə,
ürəyini alışdırmışdı O.
Günəş kimi nurlu,
cəsarətli, ölməz fikrin,-
yalnız fikrin gücü ilə
silahlanmışdı O.
Bütün ruhu
rəşadət ilə dolmuşdu;
ruhunu ağır, çətin
mübarizələr üçün hazırlamışdı O.
Bütün fəlakətlərə
sinə gərən,
tab gətirən
mərdanəlik qazanmışdı O.
Tarixə rövnəq verən
möhkəm addımları ilə
tapdalayırdı yalanı,
şəri, böhtanı.
ONU
məsud, ləkəsiz gələcəyə doğru
səfərə çıxaran
ruhundan gələn işiq idi, nur idi.
O, haqqın nə olduğunu bilirdi,
haqq üçün özünü əsirgəmirdi.
Haqq da arxa durmuşdu ONA.
Çətində, darda
çatmışdı ONUN qeyrəti,
qoymamışdı
murdar əllər toxunsun ruhuna -
tükənsin,
ayaqlar altında
məhv olub getsin
həyat ehtirası,
həyat qüvvəti.
Yüksək amalların tərəfdarı,
fitnəkar ağıldan törəyən
bəd niyyətlərin düşməni idi;
məsləkindən dönməmişdi.
Ordan, yüksəldiyi o mərtəbədən-
O ALİ-BƏŞƏRİ
duyğular zirvəsindən
bir pillə də enməmişdi.
Çiyinlərində
bel bağladığı,
arxalandığı xalqın
yükünü daşıyırdı O.
Yeni doğulan düşüncələrin
beşiyi başında
qayğı, məhəbbət dolu
qaynar bir həyat yaşayırdı O.
Yeni həyat üçün
lazım olduğunu aydın görürdü,
möhkəm dərk edirdi.
Sözü şax üzə deyirdi;
məqsədsizliyi
qətiyyətlə rədd edirdi.
Haqq, ədalət naminə
düz ölümün üstünə gedirdi.
Yer üzünün
mübarək dəmir adamı, -
əvəzsiz, tək, nadir adamı,-
təlatümlü ümman idi O.
Üzü böyük vədlər verən
arzularla parlayan,
ruhumuza doğma bir insan idi O.
Öz müqəddəs dünyasında
axtarırdı bəxtiyarlığı.
Sınmamışdı,
sarsılmamışdı varlığı
adamların dönüklüyündən,
çürüklüyündən.
Öz vacib işləri ilə məşğul idi;
dünya heyrətə gəlirdi
ONUN qəlbində oyanan
qürurun böyüklüyündən.
O öz qəlbini,
mənəvi ucalığını, azadlığını
heç bir rahatlığa, dincliyə,
heç bir naz-nemətə, sərvətə,
dedi-qoduya, qeybətə
satmamışdı, dəyişməmişdi.
ONUN vicdanına
nöqtə boyda da ləkə düşməmişdi.
Nəfsin, tamahın üzünə
min yerdən kilidlənmiş
ürəyinin qapısını
haqqın üzünə taybatay açmışdı O.
Və haqqın toxumunu
çox insanın ürəyinə saçmışdı O.
Qollarımıza qüvvət,
ürəyimizə işıq gətirdi O.
Pak əməllərimizi alqışladı,
Düşüncələrimizə qanad verdi O.
Qovuşduq
ömrümüzün qəhrəmanlıq baharına.
Qovuşduq
dünyanın azad, xoşbəxt xalqlarına.
İnsanlığın şöhrəti
O BÖYÜK QÜDRƏTƏ güvənib
inamla, cəsarətlə
addımladıq sabahımıza.
Bir əbədi QURTULUŞA yol başladıq,
yetişməyə can atdıq
ONUN zəka səltənətindən
nur alan İNTİBAHIMIZA.
O, arxa durdu,
sarsılmaz dayaq oldu bizə.
Heç kəs cürət edib
xor baxa bilmədi
halallıq şərəfimizə.
...Havamıza,
torpağımıza, suyumuza
zülmətdən qara ruhlar enmişdi.
Həyatımız xəyanətdən, paxıllıqdan,
yaltaqlıqdan zəhərlənmişdi.
Heç kəsin gözündə
həyat atəşi alovlanmırdı.
Ürəklər donmuşdu,
baxışlar buz kimi soyuq idi.
İnsanın insana
insan kimi baxmağa
ehtiyacı yox idi.
Bizi kor bilib,
gözümüzü çuxur bilib
ovuc-ovuc
gözümüzə kül üfürürdülər.
Bütün varlığımıza, mənliyimizə,
düz ürəyimizə tüpürürdülər.
Unudulmuşdu insanlıq andı;
İnsan öz insanlığını danırdı.
İnsan mətbəx qurdu kimi
tapdalanırdı.
O zaman: hər şey insana
işgəncə, əzab verirdi.
Ümidsizliyin vahiməsi içində
çırpınan yorğun qəlblərdə
nifrət göyərirdi.
Dağılmışdı haqqın məhvəri.
Belə naməhrəmlik görməmişdi
dünya yaranandan bəri.
Hər yandan kəsilmişdi ümidimiz.
ONA pənah gətirdik,
ONA üz tutduq biz.
ONDAN nicat istədik.
QİBLƏMİZ OLDU ONUN BÖYÜK ADI!
O da bizi darda qoymadı;
"QALAN ÖMRÜMÜ DƏ
XALQIMA BAĞIŞLAYIRAM!", - dedi
çatdı harayımıza, dadımıza.
Bizə həqiqətlər bəxş etdi,
qaytardı bizi
halal ocağımıza, odumuza.
Bizi
yarımçıq şüurların,
xəstə ruhların
bəlasından xilas etdi,
qurtardı O.
Məlhəm qoydu yaralı ürəyimizə;
Ağrıdan ulayan məmləkətimizə
şəfa verdi O.
TANRI TÖHFƏSİ -
İnsanlıq ruhunun
əlçatmaz,
kamil və əbədi ZİRVƏSİ
O KİŞİNİN mövcudluğu, varlığı
bir əfsanə oldu taleyimizdə.
Haqq, ədalət, səadət yolçusu
O KİŞİNİN mərd əlini sıxanda
ürəyimiz dağa döndü,
aslan gücü duyduq biləyimizdə -
Qarabasmalardan qurtardıq biz də.
Heç olmamışdı
qəlbimiz belə coşqun
şükran duyğusu ilə dolsun.
ÖLKƏ ATASI İDİ, -
Hamını halallığa dəvət edirdi.
İnsanlıq şərəfini
dünya malına dəyişənlərdən,
Məsləksiz, əqidəsiz yaşayıb
sifətdən sifətə düşənlərdən
ONUN zəhləsi gedirdi.
Vətənə xəyanəti bağışlamırdı;
Rüşvətxorluğun, yaltaqlığın
kökünü kəsirdi,
tifağını dağıdırdı.
DÜNYANIN ƏN BÖYÜK İNSANI İDİ;
İnsanlığın
İnsanlıq dünyasının
keşiyində dururdu.
Başını qəzəblə qaçırırdı
zamanın, dövranın tumarlarından.
Qan yerinə od-atəş axırdı
ONUN damarlarından.
Hər kəlməsi, hər sözü də
od kimi, atəş kimi
gəzib dolaşırdı qanları.
Oyatmağa çalışırdı
yatmış vicdanları.
Soyumağa qoymurdu
mübarizə yolundan -
yapışıb qolundan
səadətə doğru çəkirdi insanları.
Hər bir vətən övladının
məyusluqdan, qorxudan-
acı və işgəncəli hər cür duyğudan
xilas olub
ağıl və iradə qanadlarında
uçmasını istəyirdi,
Hamının əzizi, doğması idi;
bütün ölkə: "HEYDƏR - XALQ!
XALQ - HEYDƏR!" deyirdi.
Şərəfli işdən,
ləyaqətdən zövq alırdı,
Qədir-qiymətdən zövq alırdı.
Könül aydınlığını xoşlayırdi O.
Təravətli,
xoş arzularla yaşayırdı O.
Fikrində sabahın
aydın üfiqləri,
Üzündə gələcəyin
parlaq şəfəqləri.
Dünyanın dolaşığında,
zamanın qarışığında
əksini görürdü göy qurşağında-
O, ƏMİN İDİ,
O, ZAMİN İDİ:
Bütün ehtişamıyla GƏLƏCƏK
AĞIL, KAMAL LƏYAQƏT işığında
insanlığın üzünə güləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə