Alimlər tısbağaların niyə rəqs etdiyini aşkar ediblər

…Şimali Karolina Universitetindən Kayla Qofortun başçılıq etdiyi alimlər qrupu ilk dəfə sübut edib ki, dəniz tısbağaları Yerin maqnit sahəsindən bələdçi kimi istifadə edərək sevimli yerlərinin “şəxsi xəritələrini” yarada bilirlər.

SİA-nın məlumatına görə, bununla bağlı yazı Nature jurnalında dərc olunub.

Əvvəllər məlum idi ki, köçəri heyvanlar - quşlar, qızılbalıqlar, lobsterlər və dəniz tısbağaları kimi - oriyentasiya üçün kompas kimi Yerin maqnit sahəsindən istifadə edirlər. Lakin yeni araşdırmalar göstərib ki, tısbağalar qidalanma və ya yuva qurma yerləri kimi xüsusi yerlərin maqnit “imzalarını” yadda saxlaya bilirlər.

Bu kəşf heyvanların coğrafi ərazilərin maqnit koordinatlarını öyrənə və yadda saxlaya bildiyinə dair ilk birbaşa sübut idi. Maraqlıdır ki, tısbağaların maqnit xəritələri yaratmaq qabiliyyəti onların daxili "maqnit kompası"ndan asılı olmayaraq işləyir və bu, maqnit sahəsini qavramaq üçün iki fərqli sistemin olduğunu göstərir.

Tısbağaların qabiliyyətlərini öyrənmək üçün elm adamları heyvanları Atlantik Okeanının maqnit sahəsini təkrarlayan maqnit sarğı ilə əhatə olunmuş hovuza yerləşdiriblər.

İki ay ərzində tısbağalar yalnız maqnit sahəsi müəyyən bir əraziyə - Şimali Amerika sahillərinə və ya Meksika körfəzinə uyğun gələndə qidalanırdılar.

Tısbağalar qidalanacaqlarını gözlədikləri zaman, suda fırlanaraq, qanadlarını çırparaq güclü şəkildə üzəməyə başladılar - tədqiqatçılar bunu "tısbağa rəqsi" adlandırdılar. Onlar əvvəllər qidalandıqları yerlə əlaqəli olan maqnit sahəsində ən böyük həvəs göstərdilər. Təcrübədən dörd ay sonra belə, tısbağalar düzgün yerdə "rəqs etməyə" davam edərək, maqnit imzalarını yadda saxlamaq və onlardan nişangah kimi istifadə etmək qabiliyyətini təsdiqləyiblər. Alimlər hələ də tısbağaların maqnit siqnallarını necə qəbul etdiyini bilmirlər. Bir fərziyyə bunun işığa həssas molekullarda kimyəvi reaksiyalar vasitəsilə baş verdiyini göstərir.

Bu nəzəriyyəni sınaqdan keçirmək üçün tədqiqatçılar qavrayışın kimyəvi mexanizminə təsir etmək üçün nəzərdə tutulmuş radiotezlik sahəsindən istifadə edərək tısbağaları çaşdırmağa çalışıblar. Bununla belə, tısbağalar xəritədə gəzməyə və doğru yerdə rəqs etməyə davam ediblər.

Tədqiqat müəlliflərinin fikrincə, dəniz tısbağalarının maqnit xəritəçəkmə qabiliyyətinin kəşfi bizim heyvanların naviqasiyası haqqında biliklərimizi genişləndirməklə yanaşı, onların mühafizəsinə də kömək edə bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə