Dəniz, hovuz suyundan göbələk infeksiyası keçə bilərmi? - HƏKİM ŞƏRH ETDİ

"Dənizdə, yaxud da, hovuzda sudan göbələk keçmək ehtimalı çox aşağıdır". Bu sözləri SİA-ya açıqlamasında dermotoloq Vaqif Abdullayev deyib.

O bildirib ki, göbələk infeksiyası adətən təmas nəticəsində keçir: "Yayda dəniz sezonunda çimərliyə getdikdə hovuz ətrafında uzandıqda, dəsmaldan istifadə etdikdə oradan yoluxma daha yüksəkdir, nəinki suyun özündən. Nəzərə alsaq ki, bəzi hovuzlarda da təmizliyə ciddi fikir verirlər, dezinfeksiyaedici məhlullardan istifadə olunur. Suyun özündən yox, amma suyun ətrafında, çimərlikdə, qumda uzandıqda göbələk infeksiyasına yoluxma ehtimalı çox yüksəkdir. Eyni qaydada çox adamın istifadə etdiyi dəsmalları işlətdikdə, hansılar ki, normal yuyulub ütülənmir, xəstə insanın işlətdiyi dəsmaldan da infeksiya keçir.

Son zamanların ən böyük problemlərindən biri də odur ki, göbələk infeksiyasının müalicəyə qarşı müqaviməti yaranıb. Bir çox dərmanları istifadə etdikdə görürük ki, çox çətin, uzun vaxt tələb olunur. Ona görə gigiyena qaydalarına mütləq, ciddi riayət edilməlidir. İnsanlar dənizə, hovuza getdikdə "lejanka"ların üzərində uzandıqda oraya təmiz dəsmal örtmələri məsləhət görülür. Çirkli qumda uzanmaq məsləhət deyil. Heç olmasa dəsmal, ədyaldan istifadə etsinlər ki, dəri təması olmasın".

"Simptomlar fərqli ola bilir. Əksər hallarda dəridə hansısa yüngül, qabıqlanan, bəzən qabıqlanmayan dairəvi, bəzən ləkələr kimi səpkilər əmələ gələ bilir. Əlvan dəmrovda sadəcə ağ-qara ləkələr əmələ gəlir. Bəzən onu günəş ləkəsi ilə səhv salırlar.

Bədəndə, oturaq nahiyəsində, sarğı nahiyəsində hansısa səpkiləri gördükdə mütləq şəkildə dermotoloqa, dəri həkiminə müraciət etmək tövsiyə olunur. Əksər hallarda bu tipli göbələk xəstəlikləri üçün payız aylarında daha çox müraciət olunur. Yayda isə qumda çox uzanan insanlarda yoluxma ehtimalı daha yüksək olur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə