Nevroz müalicəsi olan xəstəlikdir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Xəstəliklər şərti olaraq iki qrupa bölünür: orqanik və funksional xəstəliklər. Orqanik xəstəlik, yəni orqanizmdə hansısa bir xəstəlik fonunda yarana bilər. Buraya damar, iltihabi xəstəliklər, kəllə-beyin travmaları aiddir, hamısı orqanik xəstəliklərdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-nevroloq Durna Ələkbərova deyib.

O bildirib ki, amma funksional xəstəlik dedikdə, yəni orqanizmin sinir sisteminin oyanıqlığı, hansısa ciddi bir xəstəlik fonunda deyil, insanın psisferasının zəif olması fonunda yaranan bir xəstəlikdir: "Adətən funksional xəstəliklərin ən geniş yayılmış forması da nevrozlardır. Daha çox qadınlarda müşahidə olunur. Xüsusilə də, özlərinə qarşı diqqət tələb edən qadınlarda bu xəstəliyə daha çox rast gəlmək olar. Cavan yaşlarda və orta yaş qruplarına aiddir. Yaşlı adamlara nevroz diaqnozu qoyulmur. Bu xəstəlik orqanizmdə hər hansı xəstəlik nəticəsində yaranmır. Lakin nevroz xəstəliyi vaxtında müalicə olunmazsa, orqanik xəstəliyə çevrilə bilər. Məsələn, hipertoniya xəstəliyi, mədə xorasına, şəkərli diabetə, dəri xəstəliyinə çevrilə bilər. Baxmayaraq ki, funksionaldır, müalicə olunmazsa, orqanik xəstəliyə çevrilə bilər.

Nevroz zamanı xəstələrdə səbəbsiz yerə həyəcanlanmaq baş verir. Həyəcanlanma zamanı da ürək döyünməsi, arterial təzyiqin yüksəlməsi, boğulma, döş qəfəsində ağrı, sıxıntı hissi, qollarda keylik, ən çox da sol qolda keyləşmə, xəstədə döş qəfəsində ağrı, ölüm qorxusu, titrəmə, ürək döyüntüləri artır. Ən çox da ürək xəstəliklərinə tutulmaqdan qorxurlar. Pasiyent elə bilir ki, infarkt keçirəcək. Buna görə də nevroz xəstələri ilk növbədə kardioloqa müraciət edirlər. Müəyyən klinik və instrumental labarator müayinələrdən keçdikdən sonra müəyyən olur ki, ürəkdə problem yoxdur. Xəstə nevroloqa göndərilir".

"Nevroz xəstələrində eyni zamanda aqrofobiyalar da olur. Yəni, evdə tək qalmaqdan qorxurlar, evdə tək qalsalar, ölə biləcəklərini düşünürlər. İşlərini də qorxularına əsasən qururlar. Qapalı mühitdən qorxurlar. Elə pasiyent var ki, metroya düşə bilmir, avtobusda adam çox olanda ürəyi sıxılır. Bunlar hamısı nevrozun əlamətləridir. Xəstə nevroloqa müraciət edir. Xəstələrə müayinələrdən sonra ilk növbədə psixoterapevtik müalicə edirlər. Bu insanların söhbətlərə çox böyük ehtiyacı olur. Sonra yüngül müalicədən başlayırlar. Bir müddət keçdikdən sonra həkimə vaxtında müraciət etmədikdə nevroz getdikcə kəskinləşir, elə formaya gəlir ki, həkim antidepressantlar verməyə məcbur olur. Çünki xəstə öz-özü ilə bacara bilmir. Bu səbəbdən də 2-3 kurs antidepressantlar təyin etməklə xəstəyə kömək etmiş olurlar. Eyni zamanda müalicə ilə yanaşı xəstəyə fizioterapevtik prosedurlar da çox yaxşı kömək edir. İdman hərəkətləri, masaj kimi müalicə metodları da faydalıdır. Üzgüçülüklə məşğul olmaqla xəstə sanki mənfi enerjisini orada itirmiş olur. Su idman növü nevrozlara çox gözəl kömək edir. Müraciət edən xəstələrin çoxu qadındır. Qadınlarda da mentalitetimizə uyğun olaraq çox vaxt həyat yoldaşları onlara üzgüçülüyə getməyə icazə vermir. Nevroz xəstələrinin müalicəsində biz onların yaşadığı mühiti də aradan qaldırmağa çalışırıq. Mühit aradan qalxmalıdır ki, müalicənin effektini görək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə