"Bu, Azərbaycan təhsilinin gələcəyini baltalamaqdır" - MÜSAHİBƏ

Təhsil eksperti Kamran Əsədovun SİA-ya müsahibəsini təqdim edirik:

- İyulun 8-dən 24-ə qədər müəllimlərin işə qəbulu üzrə Bakıda imtahan keçirildi və bu imtahandan dərhal sonra sosial şəbəkələrdə kütləvi şəkildə narazılıqlar qeydə alındı və hətta həmin imtahanların nəticələri təcrübəli müəllimləri belə şoka saldı ki, bu suallar nöqsanlı hazırlanıb, sualların özündə problem var, çünki hətta təcrübəli müəllimlər belə iddia edir ki, özünə güvənən müəllimlərin heç biri bu imtahanlarda kafi səviyyədə bal toplaya bilməyib. Əslində bu imtahanlarda nə baş verirdi? Niyə əvvəlki imtahanlarda bu qədər narazıçılıq yox idi məhz bu dəfəki imtahanlar belə narazıçılıqla qarşılandı?

- Hal-hazırda ölkədə aktuallığına, müzakirə predmetinə görə ilk yerdə duran bir məsələdir. Yəni bu dəqiqə bundan güclü bir xəbər yoxdur. Çünki biz hansı məclisə gediriksə orada məhz müəllimlərin işə qəbul imtahanlarında təqdim edilmiş test tapşırıqları müzakirə predmetinə çevrilir. Bunun yaxşı tərəfi də var, pis tərəfi də. Çox təəssüflər olsun ki, test tapşırıqlarının peşəkarlıq səviyyəsinin aşağı olması tədrisin və təhsilin keyfiyyətini də aşağı salır, eyni zamanda insanların təhsilə inamını da aşağı salır. Qeyd edim ki, ən vacib bir məqam var, bəzən insanlar elə düşünürlər ki, müəllimlərin işə qəbulu imtahanlarının şəffaf və obyektiv keçirilməsi son yeddi, səkkiz ilin məhsuludur. Bu birmənalı şəkildə belə deyil. Azərbaycanda müəllimlərin işə qəbul imtahanları şəffaf şəkildə ilk dəfə 2009-cu ildə keçirilib. 2009-2010-cu illərdə Bakı şəhərində orta ümumtəhsil məktəblərində müəllimlərin işə qəbul imtahanları mərkəzləşmiş qaydada həyata keçirilib. 2011-ci ildən etibarən ölkənin bütün orta ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu mərkəzləşmiş müsabiqə və müsahibə yolu ilə həyata keçirilib. Bu il ciddi şəkildə həm narahatlıq, həm narazılıq var. Bunu mən bir neçə hissəyə bölərdim. Birincisi, qeyd edim ki, bu il orta ümumtəhsil məktəblərində müəllim işləmək üçün sənəd verənlərin sayı rekord həddə gəlib çatıb. Bu il 62000 insan orta ümumtəhsil məktəblərində müəllim işləmək üçün elektron ərizə verib. 8000 vakant yeri var idi. 62 mindən 59 min elektron ərizəsi təsdiq olunmuşdur və imtahanda iştirak etmək hüququnu qazanıblar. Proses iyul ayının əvvəlindən başlayıb və bugünə qədər imtahandan çıxan hər bir iddiaçı test tapşırıqlarının məzmunundan ciddi şəkildə narahatdırlar. Biz narazılığını dinlədiyimiz şəxslər imtahanın şəffaflığı ilə bağlı deyil, yəni Təhsil Nazirliyi müəllimlərin işə qəbul imtahanlarını şəffaf həyata keçirib hər hansı bir kənar müdaxilə yoxdur. Amma bu ədalətli deyil. Narazılıq ona görə baş verdi ki, Təhsil Nazirliyi müəllimlərin işə qəbul imtahanlarının hazırlığına bu imtahanlara bir ay qalmış başlayır. Bu imtahanlar üçün bütün ilboyu test tapşırıqları hazırlanmalı, ekspertizadan keçməli, xüsusi bunker formalaşdırmalı, səbətlər hazırlanmalıdır. Qeyd edim ki, imtahandan çıxan hər bir kəs yadında qalan test tapşırıqları ilə bağlı sosial şəbəkədə öz profillərində yazılar yazıblar. Biz bir neçə sual var ki, hələ onların cavabını tapa bilmirik. İmtahanı niyə keçirdik? Hansı formada keçirdik və nəyi yoxlamaq istəyirik? Bu gün imtahan vermiş şəxslərin böyük əksəriyyəti orta ümumtəhsil məktəblərindən 4-5 il əvvəl məzun olublar. Yəni, siz universitetdə oxumusunuzsa o deməkdir ki, 4-5 ildir orta məktəb proqramından kənarsınız. Orta məktəbdə müəllim işləmək üçün isə məhz orta məktəb dərsliklərindən sizin bilikləriniz yoxlanılır. Halbuki, universitet məzunusunuz və orta məktəbdən ən azından 4-5 ildir kənarsınız. Bilirik ki, dərsliklər də hər 4-5 ildən bir qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişir. Deməli, biz həmin şəxsləri hazırlıq kursları və repetitorlara meylləndiririk və deyirik ki, “sən müəllim olmaq üçün müəllim yanına hazırlığa get”. Bu məsələnin 1-ci tərəfidir. 2-ci tərəfi imtahanda test tapşırıqlarını hazırlayanlar ümumiyyətlə testologiyadan anlayışlı deyillər. Məsələn, bugün xarici dil fənnindən imtahanlar keçirilib və orda daha ciddi səhvlər olub. Dövlət İmtahan Mərkəzi 1992-ci ildən bu günə qədər ölkədə imtahan keçirən qurumdur. Biz burada testlərin məzmunu ilə bağlı ciddi bir qüsur görə bilməmişik. Müəllimlərin işə qəbul imtahanlarının mahiyyəti odur ki, bu imtahandan keçənlər və işləmək hüququ qazananlar daha savadlı və Azərbaycan təhsilinin inkişafına töhvə verəcək şəxslər olsun. Heç bir ölkənin təhsil sisteminin keyfiyyəti və uğuru onun müəllimindən üstün deyil. Sizin müəlliminiz nədirsə, təhsil sisteminiz də odur. Yəni, müəllimin savadından artıq təhsil sistemi ola bilməz. Bəli biz istəyirik ki, daha yaxşı, daha bilikli müəllimi seçək. Amma ki, bizim təqdim etdiyimiz test tapşırıqları müəllimləri seçə bilmir. Bu bilirsiz kimləri seçir? Daha əzbərçi şəxsləri seçə bilir. Məhz Təhsil Nazirliyinin müəllimlərin işə qəbul imtahanlarında təqdim etdiyi test tapşırıqları bizə lazım olan və istədiyimiz müəllimi seçmə imkanı vermir. Biz daha çox o müəllimləri seçə bilirik ki, onlar daha çox əzbərləyir. Təhsil Nazirliyi mütərəqqi addım atdı. Müəllimlərin işə qəbul imtahanlarından məntiq suallarını çıxartdı. O məntiq deyildi, riyazi məntiq idi. Təsəvvür edin ki, siz də riyaziyyatdan, fizikadan imtahan verirsiniz, sizə bu məntiq asandı, mən tarixdən imtahan verirəm mənim üçün çətindir. Məntiq riyazi məntiq olmamalıdır. Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev məsələyə ilk dəfə olaraq münasibət bildirdirərək məsələni nəzarətə götürdü. Təhsil Nazirliyinin mövqeyi odur ki, imtahan yaxşı keçsin. O ölkələrin təhsil sistemləri inkişaf edir ki, onların hədəfləri və məqsədləri var. Təhsil Nazirliyi ona görə narahatdır ki, suallar yazılan müəlliflər tərəfindən kimlərəsə satıla bilər. Sualların çətinlik dərəcəsini yoxlayan və ölçən bir şey yoxdur. Məsələn mən tarixçiyəm. Mənim üçün riyaziyyatdan istənilən tənlik çətindir. Bunların çətin dedikləri nədir. Sualın həcmi o qədər böyük olur ki, təkcə sizin oxumağa 3 dəqiqə vaxtınız gedir.

- Mirzə Fətəli Axundzadənin "Aldanmış Kəvakib" əsərində bir-birinə it deyən obrazlar kim idi?

- Tutaq ki, hər hansı müəllim bunu bildi. Təhsil Nazirliyinin mövqeyi bundan ibarətdir ki, həmin test tapşırığı əsərdəndir və əsərin məzmununu bilməlidir. Təhsil Nazirliyinin bir əməkdaşı imtahan iştirakçılarını təhqir etmişdi. Birincisi bu təhsil sistemində çalışan bir şəxsə yaraşmayan bir addımdır. Bu da onu göstərir ki, təhsil sistemində çalışan və özünü hamıdan ağıllı hesab edən təkəbbürlü şəxslər var. Onlar təsadüf nəticəsində bu vəzifəyə gəliblər. Onların vəzifə tutması və kiminsə vəzifədə olmaması onların ağıllı, savadlı olması demək deyil. Onların yoxlama ölçmə alətlərinin heç biri keyfiyyətli deyil. Dövlət İmtahan Mərkəzi test tapşırıqlarını təqdim edəndə suallar asan, orta və çətin olaraq bölünür. İmtahan iştirakçılarında yoxlanan biliklər və bir də bacarıqlar da var. Sizin əzbərləmə bacarığınız var, amma mənim təhliletmə qabiliyyətim. Özünü itə bənzədən bir obrazda hansı təhlil var. Misal üçün mən 9-cu sinifdə oxuyana qədər anam kitabxana müdiri idi və mən 2400 kitab oxumuşdum. O kitabların məzmununu danışa bilərəm, hətta detalları da. Əsas əsərin məzmununu təhlil etməkdir.

- Sualları kim tərtib edir?

- Sualları təhsil institutunun əməkdaşları və onların özlərinə yaxın olan müəllimlərdən ibarət bir kollektiv qurur. Onların da test məzmunundan xəbərləri yoxdur. Biz bu imtahanlarda istədiyimiz və bizə lazım olan müəllimləri seçə bilmirik. Bakı şəhərində 28 min müəllim var. Amma bu 32-33 min də ola bilər. Bakı şəhərində 440 min şagird var. Hər 10 şagirdə ən yaxşı halda bir müəllim düşməlidir. Bakı şəhərində 320 məktəb var və 440 min şagird varsa, burda ən azı 44 min müəllim olmalıdır. Hanı o müəllimlər? Bəli, mən də bilirəm sinif çatışmazlığı, məktəblərdə sıxlıq var. Amma növbəli şəkildə biz bunu edə bilərik. Yenə də deyirəm müəllimlərin işə qəbulunda ciddi pozuntular var. Bu ciddi qüsurdur. Artıq son dövrlər təhsil sistemində baş verən hadisələr insanların təhsilə inamını aşağı salır. Bu günləri çox təəsüf ki, siz istənilən bir şəxslə təhsili müzakirə edəndə hər kəs deyir ki, ölkə təhsili pis gündədir. Halbuki, ölkə Prezidenti cənab İlham Əliyevin ən çox diqqət ayırdığı sahənin birincisi hərbi sahədirsə, ikincisi təhsil sahəsidir. Dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard manat vəsait ayrılıb. Hara gedir bu vəsaitlər? Hər il bir milyon manatdan çox vəsait yoxa çıxır. Qrand layihələrə vəsait ayırırlar. Hanı bu qrand layihələr? İmtahanın şəffaf keçirilməsi müzakirə predmeti deyil.

- Siz dediniz ki, MİQ imtahanları yenidən keçiriləcək və bu imtahanları niyə Dövlət İmtahan Mərkəzi yox, Təhsil Nazirliyi keçirir?

- Əslinə qalsa Təhsil Nazirliyinin bu tipli imtahan keçirmək kimi səlahiyyəti yoxdur. Yəni, işə qəbul etmək səlahiyyəti var və bunu müsabiqə yolu ilə etmir. Bu ona görə Dövlət İmtahan Mərkəzinə verilmir ki, burada imtahanların əlçatanlığı, yəni vəsait məsələsi var və Təhsil Nazirliyi bu imtahanları pulsuz edir. Amma dövlət büdcəsindən imtahanların təşkili üçün vəsait ayrılır. Mən indiyə qədər Təhsil Nazirliyinin müəllimlərin işə qəbul imtahanlarında təşkili ilə bağlı kompyuterdən tutmuş otaqlara qədər, imtahan nəzarətçilərinə qədər ayrılan vəsaitlə bağlı hər hansı bir hesabatını görməmişəm. Bu çox ciddi məsələdir. Əslində, adı Dövlət İmtahan Mərkəzidirsə, bu o deməkdir ki, ölkə ərazisində bütün imtahanları bu qurum keçirməlidir. Təhsil Nazirliyi təbii ki, bir təcrübə qazanmağa çalışır. Artıq 12 ildir bu imtahanlar keçirilir və mən düşünürəm ki, 12 il ərzində tam olaraq istəyə nail olunmayıb. Ola bilər ki, indiyə qədər 80 mindən çox şəxs müəllimliyə qəbul edilib. Mən düşünürəm ki, imtahanları Dövlət İmtahan Mərkəzi keçirməlidir və yaxud da ayrıca bir qurum yaratmaq lazımdır. Təhsil Nazirliyinin özü də keçirsin. Məsələ ondan ibarət deyil. Ona görə də biz bu işi peşəkarlara tapşırmalıyıq. Dövlət büdcəsinin vəsaiti ilə işləyən adamlar uğurlu kadr ola bilməz. Onlar dövlət büdcəsinin vəsaiti ilə işləyirlər. Onlardan yenilik, inkişaf gözləmək olmaz. İmtahan iştirakçılarının təkcə biliyini yox, bacarığını da yoxlamaq lazımdır. Elə fənlər var ki, siz orda bilikləri yox, bacarıqları yoxlamalısız. Ümumiyyətlə imtahanların formatı dəyişməlidir. MİQ imtahanlarını təşkil etmək Təhsil Nazirliyinə çox təəssüf ki, başucalığı gətirmir. 2019-cu ildə 29 test tapşırığı tamamilə səhv idi. Bu məsələni qaldırdım. Bu Azərbaycan təhsilinin gələcəyini baltalamaqdır.

- Təhsil Nazirliyi yanında İctimai Şurada təmsil olunan təhsil ekspertləri elə nazirliyin özünə də qrandlar verir və bu məsələlərdə şura həmişə səssiz mövqe tutur. Bu haqda nə deyərdiniz?

- Təhsil Nazirliyi yanında İctimai Şura bu il başa çatır. Artıq iki ili tamam olur və iki illik fəaliyyəti dövründə biz onları yalnız dost kimi görürük. Hər biri ayrı-ayrılıqda yaxşı insandırlar. Amma İctimai Şuranın üzvləri kimi qanunvericilikdə nəzərdə tutulan ictimai iştirakçılıqla bağlı cəmiyyətin gözləntilərini bu şura doğrultmadı. Mən inanıram ki, nə vaxtsa hüquq-mühafizə orqanları məhz verilən qrand layihələrini araşdıracaq. Onu da qeyd edim ki, artıq iyul ayında İctimai Şuranın fəaliyyəti başa çatır. Onlar fəaliyyətləri barədə hesabat verəcəklər. Amma hansı fəaliyyətlə bağlı hesabat verəcəklər mənim üçün çox maraqlıdır. Çünki onlar təhsildə hansısa bir ciddi problemi işıqlandırmayıblar.

- Təhsil Nazirliyi 14 manata sınaq imtahanları keçirir və imtahanda salınan suallar dəfələrlə sınaq testindəki suallardan dəfələrlə çətin suallar olur. Bu haqda nə deyə bilərsiniz?

- Əslinə qalsa, 14 manata sınaq imtahanı keçirmək özü qanunsuzdur. Bu ölkədə kommersiya maraqlarına ciddi şəkildə zərbə vurmaqdır. Sınaq imtahanlarının sualları üslub və məzmun baxımından MİQ imtahanlarından ciddi şəkildə fərqlənir.

- İmtahanlarda keçid balı 60 idi?

- Bakı şəhərində vakant yerləri seçmək üçün 36 bal toplamalısınız. Müəyyən fənnlər var ki, 31 balla da keçə bilərsiniz. Məsələn, təsviri incəsənət, bədən tərbiyəsi. Hətta rus bölməsinin əsas fənlərində bal daha da aşağı düşür. Əslində siz çox düzgün qeyd edirsiniz. Bakıdakı müəllim də eyni əməkhaqqı alır, rayondakı da. Siz orada keçid balını konkret qoymalısınız. Müəllimlərin işə qəbulu imtahanlarında vahid keçid bal olmalıdır. Bu keçid bal 45 ola bilər. Bizə ixtisasını daha yaxşı bilən müəllim lazımdır. Ən gözəl müəllimlərin işə qəbul imtahanı Naxçıvanda keçirildi. Naxçıvan nümunəsi çox gözəl nümunədir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə