Universitetlərdə işlə təminatın aşağı düşməsinin əsas səbəbi nədir ? - TƏHSİL EKSPERTİ
Azərbaycanda ali təhsil alan məzunların təxminən yarısı işlə təmin oluna bilib. 2018-2023-cü illərdə 120 minə yaxın məzunun yalnız 58, 6%-i əmək bazarına inteqrasiya olub. Bəzi universitetlərdə məzunların iş tapma faizi 30%- dən də aşağıdır. Bəs, bu göstəricilər məzunların peşə seçimində və təhsil müəssisələrinin hazırlığında nələri göstərir? Bəzi universitetlərdə işlə təminatın 30%-ə qədər düşməsinin əsas səbəbi nədir?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən universitetlərin böyük əksəriyyəti öz fəaliyyətlərini və tədris proseslərini əmək bazarının real tələblərinə uyğun şəkildə tənzimləmir:
"Bir çox hallarda ali təhsil müəssisələri daha çox formal prinsiplərlə işləyir: əsas məqsəd tələbə qəbulunun həyata keçirilməsi, təhsil haqqının toplanması, maddi-texniki bazanın saxlanılması və müəllim-professor heyətinin əməkhaqlarının ödənilməsindən ibarət olur. Halbuki müasir dövrdə universitet üçün əsas prioritetlər bunlar olmamalıdır.
Bugünkü universitet modeli daha strateji düşünməlidir. Ali təhsil müəssisələri ilk növbədə öz karyera mərkəzlərinin fəaliyyətini gücləndirməli, əmək bazarını dərindən araşdırmalı və hansı sahələr üzrə hansı ixtisaslara ehtiyac olduğunu müəyyən etməlidirlər. Universitet məzunu olan mütəxəssisin hansı peşə standartlarına cavab verdiyi, onun bilik və bacarıqlarının bugünkü tələblərlə nə dərəcədə uyğun olduğu ciddi şəkildə təhlil edilməlidir. Əsas sual bu olmalıdır: universitet əmək bazarının tələblərinə cavab verən, rəqabətədavamlı mütəxəssis yetişdirə bilirmi?
Təəssüf ki, mövcud vəziyyət ürəkaçan deyil. Azərbaycanda fəaliyyət göstərən universitetlərin yalnız az bir qismi məzunlarının əhəmiyyətli hissəsinin işlə təmin olunmasına nail ola bilir. Bəzi aparıcı ali təhsil müəssisələri nisbətən yaxşı göstəricilərə malik olsa da, ümumi mənzərə onu göstərir ki, əmək bazarının real tələbatını ödəyə bilən universitetlərin sayı olduqca məhduddur. Bir çox universitetlər haqqında qətiyyətlə demək çətindir ki, onlar konkret sahələr üzrə əmək bazarı üçün peşəkar kadrlar hazırlayır.
Digər tərəfdən, dövrün tələbləri köklü şəkildə dəyişir. Yeni bir mərhələ başlayır: süni intellektin sürətli inkişafı, avtomatlaşdırma və robot texnologiyalarının iri sənaye sahələrində geniş tətbiqi artıq reallıqdır. Bu dəyişikliklər gələcək illərdə klassik ixtisaslara olan tələbatı azalda, eyni zamanda yeni bilik və bacarıqlar tələb edən peşələrin önə çıxmasına səbəb ola bilər. Bu baxımdan, yaxın illərdə məzunların iş tapması daha da çətinləşəcək.
Bununla yanaşı, universitetlərə qəbul olunan tələbələrin sayı da ildən-ilə artır. Məzunların sayının artması, eyni zamanda texnologiyanın sürətlə inkişaf etməsi əmək bazarında rəqabəti daha da gücləndirir. Əgər əvvəlki dövrlərdə texnoloji dəyişikliklər bu qədər sürətli deyildisə, indi vəziyyət tamamilə fərqlidir və bu fərq gələcək üçün ciddi risklər yaradır.
Məhz buna görə də ali təhsil müəssisələrinin üzərinə daha böyük məsuliyyət düşür. Universitetlər öz tədris proqramlarını yeniləməli, müasir əmək bazarının tələblərinə uyğunlaşdırmalı, laboratoriyaları və texniki infrastrukturu müasirləşdirməlidirlər. Təhsil yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, tələbələrə praktik bacarıqlar, analitik düşüncə və yeni texnologiyalarla işləmək vərdişləri aşılanmalıdır.
Nəticə etibarilə, bu məsələlər üzərində ən çox düşünməli olan tərəf məhz universitetlərdir. Onlar dəyişən dünyaya uyğunlaşmadıqca, məzunların məşğulluq problemi daha da dərinləşəcək və ali təhsilin cəmiyyət üçün real dəyəri sual altına düşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB