"Sürətli dəyişikliklər təhsil sistemində keyfiyyət riskini artırır" -EKSPERT DANIŞDI

“Müasir təhsil siyasətinin həm də ən həssas dilemmasına tez dəyişməklə düzgün dəyişmək arasında balanslaşdırıcı mövqeni necə qorumaq lazımdır. Hesab edirəm ki, bu çox önəmlidir. Bir çox hallarda sürət keyfiyyəti üstələyir. Bu, həm də kifayət qədər risk yaradan faktorlardan biridir. Ümumilikdə təhsil özü canlı bir ekosistemdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, təhsil sistemi olaraq dəyişikliklərdən təsiri dərhal yox, bir çox hallarda illər sonra nəticələri əldə etmək mümkündür: "Və tez-tez aparılan islahatlar isə müəyyən risklər yaradır. Risklər nədən ibarətdir? Bir çox hallarda bunlar ümumilikdə tədqiqata və təcrübəyə əsaslanmır. Digər tərəfdən həm təhsil alanlar, həm də təhsil verənlər yəni müəllim, şagird, məktəb mühitinin real imkanları bəzən nəzərə alınmır. Çox vacib məqamlardan biri odur ki, hansısa dəyişikliklərdə pilot layihələrin tətbiqi çox effektlidir. Pilot layihə o deməkdir ki, sən bunu sahədə sınaqdan keçirirsən. Yəni burada sahə təcrübəsi əldə olunur. Lokal mühitdə sən müvafiq dəyişikliyin həm də tədqiqatını, ölçmələrini apara bilirsən. Növbəti addımda bu pilot təcrübənin genişləndirilməsinin faydalı olub-olmayacağı, ziyanlı olub-olmayacağı qiymətləndirilə bilər.

Burada təsirin məzmuna da çox ciddi şəkildə təsiri var. Sürətli qərarlar çox zaman proqram məzmununun dəyişməsinə gətirib çıxarır. Bəzən məzmun yüklənir, bəzən isə həddindən artıq sadələşdirilir. Bu isə fənlərarası, multidissiplinar, interdissiplinar və transdissiplinar yanaşmaların zəifləməsinə səbəb olur. Nəticədə isə şagirdlərdə əzbərçilik və mexaniki biliklər formalaşır, tənqidi və yaradıcı düşüncə yoxa çıxır. Burada müəllim hazırlığına da təsir çoxdur. Burada daha çox yük birbaşa müəllimlərin üzərinə düşür. Dəyişiklikləri mənimsəmək üçün kifayət qədər vaxt, resurs və təlimlər verilməlidir. Bir çox hallarda isə bu təlimlər verilmir. Biz bunu kurikulum islahatları zamanı gördük. Kurikulum islahatları zamanı da eyni hal yaşanıb müəllimlər fəlsəfəni yox, yalnız texniki tərəfi öyrənirlər. Bu səbəbdən də islahatların mahiyyəti müəllimlərə çatdırılmır, nəticədə onlar yalnız uyğunlaşmağa çalışırlar. Bu da tədris keyfiyyətinə mənfi təsir göstərir. Şagirdlərə təsiri tənqidi düşüncə, problem həlli kimi bacarıqlar formalaşmır. Biliklər real həyata yox, imtahan nəticəsinə yönəldilir. Yəni əsas məqsəd “imtahanı verim, nəticə alım” olur. Bu da uzunmüddətli inkişafı əngəlləyir.

Dəyişikliklərin qiymətləndirilməsi, bu dəyişikliklərin real təsiri üçün ən azı 5–10 il müşahidə aparılmalıdır. Beynəlxalq və milli qiymətləndirmələrin nəticələrinin analizi önəmlidir. Valideyn və müəllim rəyinin sistemli şəkildə toplanmaması da əlavə problemdir. Nəticə olaraq sürət vacibdir, çünki dünya dəyişir və biz bu dəyişikliyə ayaq uydurmalıyıq. Amma bu sürət strategiya və əsaslandırma ilə müşayiət olunmalıdır. Əks halda, sistem eksperiment meydanına çevrilir və düzəliş illərlə vaxt aparır. Keyfiyyətli təhsil isə yalnız dəyişiklik yox, o dəyişikliyin düzgün mənimsənilməsi üçün mühitin formalaşdırılmasını tələb edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə