“Azərbaycanda müəllim əməyinin stimullaşdırılması mexanizmləri hələ də ciddi çatışmazlıqlarla üz-üzədir. İstər qanunvericilikdə, istərsə də praktikada müəllimin bacarıqlarının – xüsusilə də xarici dil biliklərinin – əməkhaqqı siyasətində nə dərəcədə nəzərə alınması məsələsi qeyri-müəyyəndir. “Təhsil haqqında” Qanunun 26.3-cü maddəsində açıq şəkildə qeyd olunur ki, müəllimin peşəkarlığı, tədris etdiyi fənn üzrə ixtisaslaşma səviyyəsi və əlavə bilik və bacarıqları əməkhaqqının müəyyənləşdirilməsində əsas götürülə bilər. Ancaq real təcrübədə bu müddəa əksər hallarda nəzəri səviyyədə qalır və mexanizmlərlə təmin olunmur. Bu, xüsusilə xarici dil bilən, beynəlxalq proqramlarda iştirak edən, şagirdlərinə yeni texnologiyalar vasitəsilə təhsil verən müəllimlərin əməyinin maddi baxımdan dəyərləndirilməməsi ilə nəticələnir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Dövlət ümumi təhsil müəssisələrində əməkhaqqı sistemi hazırda əsasən dərs yükünə, diaqnostik qiymətləndirmənin nəticəsinə və sertifikasiya imtahanından toplanan bala əsaslanır. Məsələn, 2024-cü ildə keçirilən sertifikasiya prosesində 60 bal üzərindən 51 və yuxarı nəticə göstərən müəllimlər maaşlarına 35 faiz artım əldə etdilər. Lakin burada müəllimin əlavə bacarıqları, xüsusilə xarici dil bilikləri ayrıca stimullaşdırma meyarı kimi nəzərə alınmır. Halbuki, STEAM, CLIL (Content and Language Integrated Learning), IB və Cambridge proqramlarında dərs deyə biləcək müəllimlərə tələbat artdığı bir dövrdə, bu sahədə biliyə malik olan müəllimlər üçün motivasiya mexanizmləri mövcud deyil.
Təcrübədə bəzi lisey və beynəlxalq məktəblər istisna təşkil edir. Bu məktəblər xarici dil bilən müəllimləri xüsusi hazırlıq proqramlarına cəlb edir və onlara bazar qiymətlərinə uyğun maaş təklif edir. Ancaq bu, sistemli dövlət siyasətinin nəticəsi deyil, fərdi və özəl təşəbbüslərin nəticəsidir. Digər tərəfdən, müəllimlərin əksəriyyəti bu bacarıqları əldə etmək üçün əlavə vəsait hesabına təlimlərə, kurslara qatılır, lakin bu investisiyanın geri dönüşü əməkhaqqısında əksini tapmır. Bu isə istedadlı və təşəbbüskar müəllimlərin ya sistemdən uzaqlaşmasına, ya da xarici təhsil layihələrinə yönəlməsinə səbəb olur.
Qlobal miqyasda isə xarici dil bacarığı müəllim əməkhaqqısının tənzimlənməsində önəmli yer tutur. Məsələn, Sinqapurda müəllimlərin beynəlxalq sertifikatlara və dil biliklərinə görə diferensial maaş sistemi tətbiq edilir. Kanada və Finlandiya kimi ölkələrdə müəllimlərin təlimlərə qatılaraq əlavə bacarıqlar əldə etməsi birbaşa əməkhaqqısında artımla stimullaşdırılır. Bu, yalnız maliyyə təşviqi deyil, həm də peşəkar inkişafın davamlılığını təmin edən sistemli bir yanaşmadır. Azərbaycanda isə xarici dil bilikləri daha çox qeyri-formal üstünlük kimi qəbul edilir – yəni bu biliklər müəllimə əlavə dərs saatı qazandırarsa, bu əməkhaqqısına dolayısı təsir edir. Amma strukturlaşdırılmış, şəffaf və ədalətli bir mexanizm yoxdur.
Müsbət cəhət ondan ibarətdir ki, bəzi pilot layihələrdə (xüsusilə ADA məktəbi, SABAH qrupları və müəyyən liseylərdə) xarici dil bilikləri olan müəllimlərin üstünlük əldə etməsi təcrübəsi formalaşıb. Bu da göstərir ki, əgər iradə və normativ baza mövcud olarsa, xarici dilin stimullaşdırıcı meyar kimi tətbiqi mümkündür. Mənfi tərəf isə bu təcrübənin lokal və fərdi səviyyədə qalması, ümumi təhsil sisteminə inteqrasiya edilməməsidir. Əgər bu sahədə islahat aparılmasa, ali təhsil müəssisələrindən məzun olan xarici dil biliyinə malik müəllimlərin orta məktəblərə axını zəifləyəcək və onlar ya repetitorluqla məşğul olacaq, ya da özəl sektora yönələcəklər.
Dəyişiklik üçün konkret hüquqi və institusional addımlar atılmalıdır. İlk növbədə Təhsil haqqında Qanunda müəllim əməkhaqqısının hesablanmasında “əlavə bacarıqlar” anlayışı daha konkretləşdirilməli və xarici dil bilikləri, beynəlxalq sertifikatlar (IELTS, TOEFL, DELF və s.) bu kateqoriyaya aid edilməlidir. İkincisi, Təhsil Nazirliyi tərəfindən bu biliklərə malik müəllimlər üçün əlavə maaş əlavəsi (məsələn, 10-15 faiz) müəyyən olunmalı və bu sistem rəqəmsal platforma vasitəsilə şəffaf şəkildə tətbiq edilməlidir. Üçüncüsü, bu biliklərin əldə edilməsi üçün dövlət tərəfindən ödənişsiz və ya subsidiya dəstəyi ilə təlimlər, təqaüdlər təşkil edilməlidir.
Nəticə etibarilə, Azərbaycanda xarici dil tələbinin əməkhaqqına təsiri hazırda formal və təsadüfi mexanizmlərlə tənzimlənir. Halbuki bu bacarıqlar yalnız müəllimin şəxsi inkişafı deyil, ümumtəhsil sisteminin beynəlxalqlaşması və keyfiyyət yüksəlişi üçün strateji əhəmiyyət daşıyır. Əgər xarici dil bilikləri əməkhaqqı sistemində rəsmi və strukturlaşdırılmış şəkildə tanınsa, bu, həm müəllimlərin motivasiyasını artıracaq, həm də təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşmasını sürətləndirəcək. Azərbaycanın təhsil strategiyası bu istiqamətdə dönüş nöqtəsinə ehtiyac duyur və bu dəyişiklik indi edilməzsə, gələcəkdə daha bahalı nəticələr doğura bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə