Ermənistan əhali/mühacirət nisbətində dünyanın ən axırıncı ölkələrindəndir - RƏY

"Ermənistan 2050 - İnkişaf Strategiyası haqqında Paşinyanın danışdığı nağıllardan biri də 2050-ci ildə Ermənistan əhalisinin 5 milyona çatdırılması ilə bağlı idi. Real statistik təhlil bunun tam əksini göstərirdi. Eyni zaman da BMT-nin 2019-cu ilin yekun məlumatları əsasında “Ümumdünya Miqrasiya Hesabatı – 2020” hesabatına görə, Ermənistan əhalisi əhali/mühacirət edən insanların say mütənasibliyi ilə dünyanın ən mənfi göstəricilərinin qeydə alındığı 20 ölkə arasında 18-ci yerdə qərarlaşıb. Səbəb isə çox sadədir. Mühacirət dayanmır. Əksinə, dərinləşmə tendensiyaları var. Çünki, Ermənistanın yürütdüyü işğalçı xarici siyasət nəticəsində üzləşdiyi durum onu bir dövlət olaraq gələcəyini sual altında qoymaqla bərabər, onu çıxması mümkün olmayan ağır sosial-iqtisadi duruma salıb. Bu isə erməni vətəndaşını mühacirliyə məcbur edir". Bu fikirləri SİA-ya açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, son günlər sərhədlər bağlanaraq ölkədən çıxışa qadağa qoyulana qədər insanlar, əsasən də gənclər və əmək qabiliyyəti olan təbəqə sürətlə ölkəni tərk edirdi. Onların da böyük bir qismi geri dönmürdü. Digər tərəfdən də son illərdə doğum səviyyəsi də aşağı enməsi vəziyyəti acınaqlı hala salmışdır. Ölüm sayı isə əksinə - doğumu kəskin üstələyirdi. Bu səbəbdən orada gənclərin sayı yaşlıların sayı ilə müqayisədə çox aşağı qalmaqda davam edir. Hətta BMT-nin hesabatlarının birində 2035-ci ilə qədər Ermənistanın əhalisinin 2.6 milyona enmə ehtimalı qeyd edilir: "Onu da qeyd edim ki, son 18 il ərzində, 2000-ci ildən 2018-ci ilə qədər olan dövr ərzində Ermənistanda əhali sayının 7,8% və ya 250,2 min nəfər azalaraq 3 milyon 221,1 min nəfərdən 2 milyon 970,9 min nəfərə düşməsini Ermənistan Statistika Xidməti də etiraf edib. 2020-ci il yanvarın 1-də isə Ermənistan əhalisinin sayının 2 959 500 nəfərə qədər azaldığı qeyd edilib".

E.Əmirov qeyd edib ki, Azərbaycanda isə demoqrafik durum tam fərqlidir: "2003-2018-ci illərdə əhali sayında təxminən 1,8 milyon artım baş verib. Bunun 1 milyonu son 8 ilin payına düşüb. Bu dinamika davam edərək 2019-cu il aprelin 6-da isə Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Azərbaycanda əhali artım dinamikasının daimi yüksələn xətlə davam etməsinin kökündə duran səbəb ölkə rəhbərliyinin apardığı siyasətdə sosial yönümlülüyün ildən ilə xüsusi çəkisinin artması olub. Bir az əvvələ qayıtsaq görərik ki, 90-cı illərin ortalarından başlayaraq respublikamızda aparılan sosial-iqtisadi islahatlar əhalinin rifah halına təsirləri getdikcə hiss edilməyə başladı. Nəticədə əsas demoqrafik göstəricilərdən biri sayılan ölüm səviyyəsinin azalmasında müsbət dəyişikliklər baş verdi. 7,3 faizədək artmış ölüm əmsalı sonrakı illərdə azalmağa başladı və 2002-ci ildə 5,8 faizə qədər endi. Elə həmin dövrlərdə körpə ölümü isə üç dəfədən çox azaldı. Belə ki, 9,8 faizdən 3,1 faizə endi. Ölkə iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması ömür uzunluğuna da müsbət təsirini göstərirdi. Belə ki, əhalinin orta ömür uzunluğu 69,1 yaşadək azaldığı halda, sonrakı illərdə sosial iqtisadi həyat göstəricilərin yüksəlməsi nəticəsində bu göstərici 72,2 yaşadək artdı. Ən əsas onu qeyd edim ki sadaladığım bu nəticəni biz 90-cı illərin sonlarından başlayaraq 7-8 il ərzində əldə etdik. Daha sonra da bu artım tendensiyası davamlı şəkil aldı. Bu günümüzə isə daha uğurlu hesab edə biləcəyimiz bir statistikaya gəlib çatdıq. Yuxarıda qeyd etdiyim mənzərənin daha aydın görünməsi üçün rəqəmlərdən ibarət statistikanı vizual görüntüyə çevirməyə çalışdım. Çünki bu zaman göz qamaşdıran rəqəmlər maraqlı mənzərəyə çevrilir. Buna görə də Azərbaycan və Ermənistanın demoqrafik dinamikasını əks etdirən statistikanın köməyilə şəkildə əks olunan xətti diaqramı tərtib etdim".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...