Xalqlar arasında möhkəm körpü salan möhtəşəm layihələr

Mehriban xanım Əliyeva: "Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir"

Bu gün iqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələri sırasında yeri olan Azərbaycan zəngin tarixi, qədim adət-ənənələrinə əsaslanaraq yeni təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər xalqlar arasında əlaqələrin daha da genişlənməsinə xidmət edir. Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr də Azərbaycanın tarixini, milli adət-ənənələrinin xaricdə tanıdılması və təbliği ilə yanaşı, ölkələr arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsinə də xidmət edir. Yarandığı zamandan bu günə qədər həyata keçirdiyi tədbirlər, reallaşan layihələr Azərbaycan ilə dünya ölkələri arasında sıx münasibətlərin formalaşmasına öz təsirini göstərib. Dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınan Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və keçdiyi inkişaf yolu ilə diqqəti daha da artırır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dəyərlərinin, tarixi reallıqlarının təbliği istiqamətində gördüyü işlər bu diqqət və marağın, sferanın genişlənməsində önəmlidir. "Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir" - deyən Mehriban xanım Əliyeva milli dəyərlərimizin təbliğinə irimiqyaslı layihələri çərçivəsində nail olur və sübut edir ki, mədəniyyət və incəsənət ölkə həqiqətlərin təqdimində əsas vasitələrdəndir. Mədəniyyət və incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır.

AZƏRBAYCAN ZƏNGİN TARİXİ-MƏDƏNİ İRSƏ MALİK ÖLKƏDİR

Fondun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində reallaşan şaxəli layihələr, müxtəlif məzmunlu tədbirlər çərçivəsində Mehriban xanım Əliyeva Azərbaycanı təbliğ etmək kimi bir ideyanı reallaşdırmağa nail olur. Fondun fəaliyyəti dövrünə nəzər salsaq, nə qədər sayda bu məqsədlə layihələrin həyata keçirildiyinin şahidi olarıq. Bu layihələrdə Azərbaycanın panoraması kifayət qədər aydın görünür. Belə ki, Parisdə Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi Fondun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında əhəmiyyət kəsb edir. Bu sərgi ilk olaraq Böyük Britaniyanın paytaxtı Londonda açılmışdır. Sonralar Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən "Bakıya uçuş" yerli sakinlərin böyük marağına səbəb olmuşdur. Fondun xarici ölkələrdə tarixi-mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyətinə Gürcüstanın Tiflis şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundovun abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması və s. daxildir. Azərbaycanın dünyada tanıdılması, beynəlxalq nüfuzunun artırılması, Azərbaycanın tarixi haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun qarşıya qoyduğu prioritet məsələlərdəndir. Avropa Parlamentinin mənzil-qərargahında Azərbaycan mədəniyyəti günlərinin təşkil olunması, Londonda "Azərbaycan xalçaları ilə nağıllar aləminə" adlı sərgi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Fransada, Rusiya Federasiyasında, Almaniyada, Vatikanda və İtaliyada tədbirlər keçirilmişdir.Moskvada "Azərbaycanın payız sovqatları" sərgisi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin büstünün açılışı, Moskva Dövlət Universitetində "Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində" mövzusunda beynəlxalq elmi-praktiki konfransını da qeyd etmək olar. Bütün bunlarla yanaşı, Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində "Yeddi gözəl" sərgisi nümayiş olunub. Sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulmuşdu. "Yeddi gözəl" şərqsayağı zərif, dərin fəlsəfi mənaya və valehedici dizayna malik sərgi kimi dəyərləndirildi. Sərgidə müasir texnologiyalar, zəngin tarix, rəssamların ustalığı əksini tapmışdı. Ekspozisiya böyük Azərbaycan eposu - XII əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin poemasına əsaslanırdı. Bu və ya digər layihələr Azərbaycanı təkcə yeraltı sərvətləri ilə deyil, həm də bu yeraltı sərvətlərdən daha zəngin tarixi-mədəni irslərə malik ölkə olduğunu dünya ictimaiyyətinə təqdim edir. Azərbaycan mədəniyyətinin dünyada tanıdılması fəaliyyətinin əsas istiqamətlərindən biri olan Heydər Əliyev Fondu dahi şair Nizami Gəncəvinin irsinin təbliğinə də böyük diqqət ayırıb. Bu istiqamətdə şairin əsərləri bir neçə dilə tərcümə olunub, Paris, Strasburq, Roma, London, Moskva və başqa şəhərlərdə sərgi və təqdimatlar keçirilib. Qeyd edək ki, Heydər Əliyev Fondu dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığının yaşadılması və dünyada tanıdılması istiqamətində bu günədək bir sıra layihələr həyata keçirib. Bunların sırasında Gəncədə Nizami Gəncəvi Muzeyinin yaradılmasını, Fransa və onun regionlarında şairə həsr olunan sərgi və konfransların təşkilini, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını, Sankt-Peterburqda Nizami Gəncəvi bağının yaradılmasını, Nizami Gəncəvinin "Xəmsə"sinin yeni formatda – "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə" poemalarının Azərbaycan dilində ilk dəfə bir kitab şəklində nəşr olunmasını və digər layihələri qeyd etmək olar.

AZƏRBAYCAN-ÇİN DOSTLUĞU HƏLƏ XII ƏSRDƏ "YEDDİ GÖZƏL" POEMASINDA VƏSF EDİLİB

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi İli" elan edilib. Bu ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətin təzahürüdür. 2021-ci ildə qüdrətli söz və fikir ustadı, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. İnsanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan Nizami Gəncəvi dünya miqyasında söz, sənət dünyasına yüksəlib. Bu münasibətlə ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda silsilə tədbirlər davamlı olaraq keçirilir. "Nizami Gəncəvi İli" çərçivəsində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində "Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi" adlı tədbir keçirilib. Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə Azərbaycan-Çin dostluğunu "Yeddi gözəl" poemasında vəsf etdiyi Çin gözəli obrazı ilə təsvir edib. Belə bir möhkəm özül üzərində qurulmuş Azərbaycan-Çin dostluğunun və əməkdaşlığının indiki mənzərəsi daha zəngin və rəngarəngdir.

Tədbirdən əvvəl Heydər Əliyev Fondunun Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi nümayiş olunmaq üçün hədiyyə etdiyi Nizami Gəncəvinin büstünün təqdimatı olub. Bu, ŞƏT-in katibliyində Çin mütəfəkkiri Konfutsidən sonra nümayiş olunan 2-ci büstdür. Tədbir iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkilmiş və dünyanın tanınmış muzeylərində nümayiş olunan illüstrasiyaların, habelə dahi şarinin poemalarındakı hadisələri əks etdirən xalçaların sərgisi ilə tanış olublar. Dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"si təkcə Şərqin deyil, bütünlükdə dünya ədəbiyyatının inkişafına böyük töhfə verib. Şərq intibahının banisi hesab edilən Nizami Gəncəvinin yaradıcılığı ali ideyalara, bəşəri dəyərlərə, haqq-ədalətə xidmət edir. ŞƏT-in Baş katibi bir çox şairinin dahi Nizami Gəncəvinin ədəbiyyatda açdığı yolu ilə getdiyini, onun əsərlərinin təsiri altında yazıb-yaratdıqlarını deyib. Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı büstünün müəllifi, heykəltəraş-rəssam Yüen Sikunun Prezident İlham Əliyev tərəfindən Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.

Sürətlə inkişaf edən və dünyada özünəməxsus yeri ilə seçilən Azərbaycan bir çox dünya ölkələri ilə olduğu kimi, Çinlə də əlaqələrin genişlənməsinə önəm verir. Qarşılıqlı hörmət və etimada əsaslanan dialoq ikitərəfli əlaqələrin inkişafına geniş imkanlar yaradır. Azərbaycan-Çin humanitar əlaqələrinin genişləndirilməsində və müxtəlif mədəni layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini dünyada layiqincə təbliğ edən Heydər Əliyev Fondunun Çində reallaşdırdığı tədbirlər xalqlarımızın bir-birinin mədəni sərvətləri ilə daha yaxından tanış olmalarına imkan yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə