Şirvanşahlar Sarayı Kompleksi Аzərbаycаn mеmаrlığının möhtəşəm nümunəsi kimi
Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksi yerli sakinlərin və şəhərimiz qonaqlarının ən çox maraqlandığı və görmək istədiyi məkanlardandır.
Bu kompleks cari ilin martından qonaqları özünün müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayır. Yeni ekspozisiyanın yaradılmasına yerli və xarici mütəxəssislər cəlb olunub və bu işlər dünya muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan Avstriyanın "Arteks" şirkəti ilə birgə həyata keçirilib.
Tarixi memarlıq abidəsində yaradılmış yeni ekspozisiya haqqında daha geniş məlumat əldə etmək üçün AzərTAc-ın əməkdaşı Şirvanşahlar Sarayı Kompleksində olaraq reportaj hazırlayıb. Həmin materialı təqdim edirik.
Yarım əsr bundan əvvəl muzey kimi fəaliyyətə başlamış Şirvanşahlar sarayı sentyabrın 19-da bir kompleks kimi 50 illiyini müxtəlif tədbirlərlə qeyd edəcək.
Yeni yaradılmış ekspozisiyalarda saray kompleksinin fondlarında olan 500 əşya da ziyarətçilərə nümayiş etdirilmək üçün zallara yerləşdirilib. Artıq birinci mərtəbədə də böyük stasionar ekspozisiya açılıb. Burada Bayıl qəsrinin daşları sərgilənir. Həmçinin bu daşların 1946-cı ildə suyun altından çıxarıldığını əks etdirən sənədli film də nümayiş olunur. Bayıl daşlarının 40 fraqmentinin üzərində Dərbəndi sülaləsindən olan 10 şirvanşahın adı yazılıb. Sarayın həm orta həyətində, həm də birinci mərtəbəsində bu daşları görmək olar.
Şirvanşahlar sarayı XII-XVI əsrlərdə inşa edilib, əsas abidələri isə XIV-XV əsrlərdə tikilib.
Saray kompleksi yuxarı, orta və aşağı olmaqla 3 həyətdən ibarətdir və onun ərazisində 9 abidə yerləşir. Divanxana və sarayın yaşayış binası yuxarı həyətdədir. Divаnхаnа 8 guşəli rоtоndаdаn ibаrət оlub, 12 tərəfli günbəzlə tаmаmlаnır. Tikilidə rəsmi qəbul və divаn işləri aparılıb. Bəzi alimlərin fikrincə, divanxananı Şirvanşah hökmdarı Fərrux Yasar özünə türbə kimi inşa etdirib. Lakin o, 1500-cü ildə Cabanı döyüşündə Səfəvilərə məğlub olduqdan sonra yandırılaraq öldürüldüyünə görə bu türbədə dəfn edilməyib.
Mütəxəssislər abidənin səkkiz guşəli formasını cənnətin səkkiz qapısına dair dini baxışlarla əlaqələndirirlər.
Sarayın yaşayış binasında şirvanşah və onun ailə üzvləri, eyni zamanda saray xidmətçiləri yaşamışlar. İlk vахtlаr sаrаydа 52 оtаq vаrmış, оnlаrdаn 27-si birinci, 25-ci isə ikinci mərtəbədə yеrləşirmiş. Hazırda ikinci mərtəbədə 15 otaq qorunub saxlanılır. Birinci mərtəbədə sarayın mətbəxi, anbarı yerləşib. Xidmətçilər, rəssamlar, xəttatlar birinci mərtəbədə yaşayıb fəaliyyət göstəriblər. Hazırda burada xidmətçilərin iş gördüyünə vizual olaraq baxmaq olar.
İkinci mərtəbədəki gözləmə zalı XV əsrdə inşa olunduğu kimi dövrümüzə qədər gəlib çatan yeganə otaqdır. Burada qismən təmir işləri aparılıb. Quraşdırılmış monitorda Şirvanşahlar dövlətinin şəcərəsini və xəritəsini görmək olar.
Burada yerləşən taxt-tac salonu qədim dövrlərdə hökmdarın oturduğu əsas zal olub. Sarayın taxt-tac zalının tərtibatı, eksponatlar və videotəqdimatlar Şirvanşahlar dövrünün ab-havasını və interyer elementlərini təsəvvür etməyə imkan yaradır. Eyni zamanda, ekspozisiyada şahlıq dövrünə aid əşyalar, qədim musiqi alətləri də sərgilənir. Quraşdırılmış "iPad"lər vasitəsilə bu musiqi alətləri haqqında məlumat verilir və onların səslərini eşitmək olar.
Şirvanşahlar dövründə mavi kaşı parçalarla bəzədilmiş sarayın gümbəzi indi virtual təqdim edilir. Məlumat üçün bildirək ki, 1723-cü ildə I Pyotrun generalı Matyuşkin Bakıya gələn zaman Xəzər dənizindən top mərmiləri ilə şəhəri üç istiqamətdə atəşə tutub. Nəticədə sarayın gümbəzi dağıdılıb. Bu hadisə müasir texnologiya vasitəsilə virtual təqdim edilir.
Saray yaşayış binasının ayrı-ayrı otaqlarında quraşdırılmış monitorlarda miniatür sənətinə, xəttatlıq sənətinin sirlərinə dair maraqlı əsərlər nümayiş olunur.
Otaqların ekspozisiyalarında bəzək əşyaları, arxeoloji qazıntılardan aşkar olunmuş saxsı qablar, rəssamlarımızın Şirvan-Abşeron memarlıq qrupu abidələrini əks etdirən əsərləri, insan sifətinin təsvirləri, əsatiri təsvirlər, etnoqrafik, XVIII-XX əsrlərə aid əşyalar, milli geyim nümunələri də yer alıb.
Yaşayış binasının ziyafət salonunda hazırda İçərişəhərin maketi nümayiş olunur. Ümumilikdə 22 hektar ərazisi olan İçərişəhərdəki 32 tarixi memarlıq abidədən 4-ü dünya, 28-i ölkə əhəmiyyətlidir.
Saray yaşayış binasının birinci mərtəbəsində Bayıl qəsrinin daş kitabələrindən ibarət ekspozisiyanı görmək olar. Suyun içində nümayiş olunan maketdə Bayıl qəsrinin Xəzər dənizinin suları altında qalmış özülləri nümayiş olunur. Bayıl qəsri 1234-1235-ci illərdə Xəzər dənizində Bakı buxtasından 640 metr aralıda ada üzərində inşa edilmiş və şirvanşahların dənizdən müdafiə qalası olmuşdur. Bəzi alimlər bu qalanın həm də liman xarakteri daşıdığını ehtimal edirlər.
1306-cı ildə Xəzər dənizində baş vermiş güclü zəlzələ nəticəsində qəsr tamamilə dağılıb. XVIII əsrdən başlayaraq dəniz suyunun səviyyəsi aşağı enməyə başlayır və XX əsrdə artıq insanlar Bakı buxtasında daş kitabələri adi gözlə görə bilirlər. Tədqiqatlar nəticəsində 690 ədəd daş fraqment aşkara çıxarılıb.
Şirvanşahlar Sarayı Kompleksinin orta həyətində Seyid Yəhya Bakuvinin türbəsi yerləşir. Bu, eyni zamanda "Dərviş türbəsi" də adlanır. Saray alimi, eyni zamanda sufizmin xəlvətiyyə təriqətinin yaradıcılarından biri olmuş Seyid Yəhya Bakuvi vəfat etdikdən sonra I Xəlilullahın əmri ilə orta həyətdə dəfn edilmişdir. Türbə iki hissədən ibarətdir.
Şərq darvazası portalı - Murad qapısı 1585-1586-cı illərdə Osmanlı sultanı III Muradın Bakıya gəlişi ilə əlaqədar olaraq onun şərəfinə inşa edilib. Bəzi alimlərin fikrincə, bu giriş qapısı hər hansı abidəyə giriş üçün nəzərdə tutulub. Ola bilsin ki, həmin abidə ya tam inşa edilməmiş, ya da dövrümüzə gəlib çatmamışdır.
Digər fikirlərə görə isə Sultan III Murad məhz bu giriş qapısını Seyid Yəhya Bakuvinin türbəsini ziyarət etmək üçün tikdirib.
Sarayın aşağı həyətində Şah məscidi, Şirvanşahların ailəvi türbəsi, saray hamamı və ovdan yerləşir.
Şah məscid iki otaqdan və üç giriş qapısından ibarətdir. Otaqlardan birində kişilər, digərində isə qadınlar ibadət etmişlər. Qapıların birindən şah və onun ailə üzvləri, digər iki qapıdan isə qadınlar və kişilər məscidə daxil ola bilərmişlər. Məscidin dörd tərəfində kiçik oyuqlar var. Həmin oyuqlarda xüsusi ölçüdə saxsı küplər yerləşdirilib. Bu saxsı küplərin dar ağızları məhz məscidin içərisinə doğru istiqamətlənmiş formadadır ki, bu da akustikanın yaranması üçün nəzərdə tutulub.
Türbədə Şirvanşah I Xəlilüllah və onun ailə üzvləri dəfn olunub. Türbənin giriş qapısının üzəri naxış elementləri və yazılarla bəzədilmişdir. Qapının üzərində Şirvanşah I Xəlilüllahın bu işıqlı türbəni öz anası və 7 yaşlı oğlu üçün tikdirdiyi qeyd olunub. Lakin sonradan şahın digər ailə üzvləri, həmçinin hökmdarın özü də bu türbədə dəfn edilib.
Sarayın aşağı həyətinə enərkən pilləkənlərin hündürlüyü hər zaman diqqət çəkir. Bunun səbəbi ondadır ki, Şirvanşah I Xəlilüllahın boyu iki metrdən çox olduğuna görə pilləkənlər hündür düzəldilib.
Kompleksin sonuncu abidəsi olan saray hamamı digər abidələrə nisbətən torpaq səviyyəsindən aşağıda yerləşir. Bu, hamamın yayda sərin, qışda isti olması üçün idi. Hamamın üzərində park salınmışdı. Təsadüfən parkda aparılmış qazıntı işləri nəticəsində 1939-cu ildə hamam aşkara çıxarılıb.
Hаmаmа dахil оlаn su, divаr yахınlığındа оlаn оvdаndаn (su аnbаrındаn) qаzаnхаnаyа ахır, оrаdаn isə tikilmiş хüsusi yоllаr vаsitəsi ilə оtаqlаrа pаylаnarmış. Оvdаn 1954-cü ildə təmir-bərpa işləri zamanı аşkаr еdilib.
Beləliklə, Şirvanşahlar Sarayı Kompleksi ilə yaxından tanış olarkən bir daha əmin olduq ki, bu tarixi abidə orta əsr Аzərbаycаn mеmаrlığının möhtəşəm nümunələrindəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə