Kino işçiləri Milli Kino gününü qeyd etdilər

Bu gün Nizami adına Kino Mərkəzində Milli Kino günü qeyd olunub. SİA-nın xəbərinə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, xalq artistləri, tanınmış kino xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, hər il avqustun 2-də Azərbaycanda kino gününün qeyd olunması artıq ənənə olaraq formalaşıb: "Hər il biz kino günü qeyd olunan zaman bir filmin təqdimatını keçiririk. Bu gün də hamımızın ağrılı yeri olan Qarabağdan bəhs edən "Dolu" filmi təqdim olunur. İnanıram ki, bu film hər kəsin ürəyində əks-səda doğuracaq".

Nazir çıxışı zamanı bir qrup kino xadiminin yeni yaratdığı Azərbaycan Respublikası Kinomotoqrafçılar İttifaqının fəaliyyətindən də danışıb. Ə.Qarayev qeyd edib ki, bu qurum yeni yaradılmasına baxmayaraq uğurlu fəaliyyət göstərəcəyi hiss olunur. Onun sözlərinə görə, dövlət olaraq nazirlikdə bu İttifaqın fəaliyyətinə dəstək olacaq.

Tədbirin davamında ötən gün prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup mədəniyyət xadiminə medallar təqdim olunub. Mükafatları kino xadimlərinə nazir Əbülfs Qarayev və Şəfiqə Məmmədova təqdim edib.

Azərbaycan Respublikası Kinomotoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova isə çıxışında yeni yaradılan qurumun uğurla fəaliyyət göstərdiyini deyib. O bildirib ki, bir neçə gün əvvəl rəhbərlik etdiyi təşkilatın yaranmasının 1 ayı tamam olub. Onun sözlərinə görə, bu qısa müddətdə İttifaqa üzv olmaq üçün 270-dən artıq ərizə daxil olub. Bu isə onu deməyə əsas veri ki, bu qurum qısa zamanda ətrafına kifayət qədər xadim toplaya bilib. Biz də çalışacağıq ki, fəaliyyətimiz dövründə milli kinonun inkişafına xidmət edək.

Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının təsis etdiyi mükafatlar kino xadimlərinə təqdim olunub. Kino sahəsində səmərəli fəaliyyətinə görə, bir qrup veteran kino xadimlərinə mükfatlar təqdim olunub. İttifaqın təsis etdiyi "Milli kinonun inkişafına verdiyi töhfələrə görə" mükafatı isə bu il xalq artisti Yaşar Nuriyə qismət olub. Qeyd edək ki, bu mükafat hər il avqustun 2-də bir nəfər kino xadiminə təqdim olunacaq.

Milli Kino Gününə həsr olunan tədbir Qarabağ mövzusundan bəhs edən "Dolu" filminin nümayişi ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...