İnkişafımız mahnıların dilində... KÖŞƏ

Bəzi-bəzi ağzıgöyçəklər oturub-durub gileylənirlər ki, ay dadi-bidad, flan ölkə belə inkişaf edib, fılan ölkədə adamlar süd gölündə üzürlər, nə bilim flan ölkədə yollar şampunla yuyulur, flan ölkədə yollara asfalt əvəzinə mərmər döşənir, və sairə, və ilaxıra! Demokratiyadı, kim nə istəyir danışır, bunda işimiz yoxdu. Amma bu adamlara bir deyən lazımdı ki, çox yox, cəmi otuz il bundan əvvəli yadına sal, sonra başla bəzi-bəzi ölkələrin fantaziyalarından danışmağa.

Yox, əziz oxucum, bu dəfə otuz il əvvəlin çörək növbəsindən, çörəyin buğda unu əvəzinə mal yemindən bişirilib insanlara satılmasından, əczaxanalarda adi aspirini belə tapmağın müşkülə dönməsindən, adi bir xəbəri çatdırmaq üçün bəzən yüzlərlə kilometr yolu qət etmək zorunda qalmağımızdan, daha nələrdən, nələrdən söhbət açmaq fikrində deyiləm. Nə yaxşı ki, xalq özü də bilmədən öz yaradıcılığında, yəni folklorunda bu inkişafı çox gözəl təsvir edir! Başqa izaha ehtiyac olmadan həmin folkloru oxumaq kifayətdir ki, hardan hara gəldiyimizi dərk edə bilək. Zatən min illərin çox hadisələri həm şifahi yaradıcılığımızda, həm də yazılı ədəbiyyatımızda yaşadılıb, bu günümüzə gəlib çatıb. Və bu gün tarixin bəzi dönəmlərini olduğu kimi anlamaqda həmin yaradıcılıq nümunələri bizim istinad mənbəyimiz olur. Eləcə də son yüz ildə yaradılan, zaman keçdikcə dəyişilən, zamana uyğunlaşdırılan folklor nümunələri yaxın keçmişimizin inkişaf dövrünü çox gözəl əks etdirir. Bir nümunə ilə dediklərimi sübut etməyə çalışacam.
Ötən əsrin əvvəllərində avtomobilin təzə icad edildiyi vaxtlarda xalq bir mahnı yaradıb. Sözləri belə olub:
Ulaq, mulaq bilmirəm,
Faytona da minmirəm,
Əgər avto gəlməsə,
Bəy evinə getmərəm!
O zaman avtomobilin təzəcə icad edildiyi və Azərbaycanın da bəzi bölgələrində ən imkanlı adamların ala bildiyi bir zaman idi.
Əsrin ortalarında artıq çövbənöv avtomobillər istehsal olunmağa başladı və Azərbaycanda da bu maşınların hər növündən alıb istifadə etməyə başladılar.Bu dəfə xalq musiqisi yerində qalmaqla, həmin mahnının sözlərini dəyişdi və belə oxudu:
Pobeda, mobeda bilmirəm,
Moskviçə minmirəm,
Zim qapıya gəlməsə,
Bəy evinə getmərəm!
Əsrin sonlarında inkişafı görən xalq folkloruna yenidən əl gəzdirdi. Bu dəfə həmin mahnı belə oxunmağa başladı:

Jiquli, miquli bilmirəm,
Volqaya da minmirəm,
Qaz otuz bir gəlməsə,
Bəy evinə getmərəm.
Bu yaxınlarda Bakının möhtəşəm şadlıq evlərindən birində toy məclisində iştrak edirdim. Toyun şirin yerində, məclis əhli bəylə gəlini də ortaya alıb rəqs etdiyi bir vaxtda birdən-birə musiqi dəyişdi və üç dəfə sözləri dəyişən həmin mahnının musiqisi çalınmağa başladı. Müğənni də əlinə götürüb mikrofonu girdi meydana və bu dəfə təptəzə sözlərlə başladı ifa etməyə;
Toyota, moyota bilmirəm,
Mersedesə minmirəm,
Cip qapıya gəlməsə,
Bəy evinə getmərəm.
İndi bir məsləhətim var bu ağzıgöyçəklərə. Cəmiyyətdə boş-bekar gəzən adamlar həmişə, hər yerdə qeybət etməklə vaxtlarını keçirirlər. Bu məlumdu və bu da bir növ məşğuliyyət formasıdır. Qeybətinizi eliyin, nə qədər istəyirsiniz danışın. Amma arada bu xalqın folkloruna da göz yetirin. Sizin nə deməyinizdən asılı olmayaraq xalq yaradıcılığında gerçəklərə, yəni danılması mümkün olmayan həqiqətlərə istinad edir. Siz də yaxşı olar ki, danılması mümkün omayan həqiqətlərə istinadən xalqın yaratdığı folklora da arabir göz gəzdirəsiniz. Məncə pis məsləhət deyil!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə