Xalq var ki, tarixində öyünüləsi heç bir zəfər yaddaşı olmur. Tarixi boyu qürur duyacağı və dünyaya təqdim edəcəyi zəfər tarixi yaşamır. Xalqlar da insanlar kimidir. İnsan var ki, bütün 90 illik ömrünü heç bir əlamətdar gün, onu insanlara tanıdacaq və yaddaşlarda əbədi həkk edəcək heç bir mühüm hadisə yaşamadan dünyadan köçüb gedir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə isə, şüurlu surətdə meydanlara azadlıq hayqıraraq çıxan, siyasətsiz, yalnız öz daxilindəki milli qürurunun səsi ilə sovet tankının üzərinə yeriyən azərbaycanlılar, Azərbaycana əsl qürur və şərəf tarixi yaşatdılar. Daim facilələrlə yanaşı, həmçinin də, heyrətamiz tarixi zəfərlərlə zəngin olan Azərbaycan tarixi, qanlı 20 yanvar zəfəri ilə yenidən taclandı. Diqqət edin: şüurlu şəkildə, bilə-bilə ki, ölümə gedirlər, minlərlə insan Bakı küçələrində dünyanın iki nəhəng dövlətindən birinə qarşı açıq şəkildə meydan oxuyurdu. Öz azadlıq ideyaları ilə, yenidən Azərbaycana müstəqillik gətirmək istəkləri ilə. Bu, gerçəkdən bizim bütün tarix boyu qürur duyacağımız ən böyük zəfər tariximizdəki ən şanlı səhifələrdəndir. Burası belədir.

Amma məsələnin əsas tərəfi, artıq həm siyasi, həm iqtisadi və həm də ideoloji olaraq, can üstündə olan qanlı bir imperiyanın son nəfəsində belə, qanlı pəncələrini Bakıya yönəltməsidi. Sanki Mixail Qorbaçov, SSRİ-nin süqutunda belə, imperiyanın qanlı çəlləyini Azərbaycanda "boşaltmağa" and içmişdi.

Bakı bütün zamanlarda bütün supergüclər üçün yağlı tikə rolunu oynayıb. Həm maddi, həm iqtisadi, həm də ideoloji olaraq. Əgər Adolf Hitler sovet hökümətini yer üzündən silmək üçün hazırladığı tort üzərində əsas yağlı tikə kimi Bakı neftini göstərirdisə, M.Qorbaçovun əli ilə supergüclər də SSRİ-nin süqutundan sonrakı dövr üçün münaqişə və nifrət dolu "yağlı tikələri" Bakıda "cücərtmək" istəyirdilər. Hadisələrdən keçən son 30 il də göstərdi ki, yazdığım kimi, sovet hökümətini tarixin zibilliyinə atanlar, Bakıdan başlayan hərəkatı qanla boğmaqla, Qarabağ kartını

işə salıb bütün region üçün gələcək 30 ildə mükəmməl münaqişə və müharibə ocağı cücərtdilər. Hər şey onların istədikləri kimi oldu. Reallıq budur. Acıdır, amma həqiqətdir!

Sözsüz ki, M.Qorbaçov açıq-aydın SSRİ-nin süqutu üçün ağlagələn və gəlməyən istənilən addıma baş vurdu və Qərbdəkilərin xoşuna gəlmək üçün, Berlin divarını uçurtduğu kimi, bu dəfə SSRİ-nin özünü havaya uçurmağa boyun oldu. Amma sovet hökümətini dağıtmaq üçün də müəyyən əsaslar, onun süqutunu sürətləndirən ən radikal addımlar atmaq lazım idi. Bunun kulminasiya nöqtəsi isə, Bakı hadisələri oldu. Düzdür, Baltikyanı ölkələrdə və Gürcüstanda da etirazlara qarşı ordu yeridilmişdi. Amma Bakıda baş qaldıran milli etirazlar və azadlıq istəyi SSRİ-nin sütunlarını çox sürətlə ovutmağa başladı. Sözün əsl mənasında, Bakı ssenarisi sovet dövlətinin bitirici finalı sayıldı. Öz vətəndaşına ölümcül və zəhərli güllələr tuşlayan dövlət, artıq vətəndaşının qana boyanmış gözlərində BİTMİŞDİ!

Təsvvür edin ki, sovet dövlətinin rəhbərləri bütün ölkəni başına alan milli etiraz hərəkatını, milli oyanışı mühüm üsullarla sakitləşdirib, aradan qaldırmaq əvəzinə, kommunizmi birdəfəlik gözdən salmaq üçün öz vətəndaşına qarşı terror yolu tutdu. Özü də bilə-bilə ki, bu addım artıq sovet dövlətinin "fatihəsini" oxuyacaq.

Demək Mixail Sergeyeviç sovet dövlətinin boğazına ip salıb amerikalıların ayağının altına xalı kimi sərən bu adam, SSRİ-nin süqutundan da əməllicə yararlandı. Həm Moskva üçün, həm də dünya supergücləri üçün. Keçmiş SSRİ ərazisində "münaqişə" tonqalları yaxmaqla, regionu uzun illər əllərində saxlamağı planlaşdıran supergüclər, M.Qorbaçovun əli ilə bu işi olduqca məharətlə gördülər. Bu işin ana xətti neft Bakısı, çoxmillətli Bakı idi. Sovet dövlətinə daxil olan millətləri bir-birinin amansız düşməninə çevirməklə, M.Qorbaçov öz missiyasını qanlı, amma onun üçün uğur sayılacaq şəkildə bitirdi. Bakı qırğını, sovet dövləti üçün, sözün əsl mənasında, "fatihə" oldu...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə