Çin Xalq Respublikasının Dövlət şurasının mətbuat-dəftərxanası ABŞ-la ticarət-iqtisadi danışıqlarında Pekinin mövqeyi barədə Ağ kitab dərc edəcək. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, sənəd bazar günü, iyunun 2-də yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 06:00) buraxılacaq. Dövlət şurasının mətbuat-dəftərxanası, bununla yanaşı, həmçinin mətbuat konfransı keçirəcək.

Çinin hakimiyyət orqanları iyunun 1-də yerli vaxtla saat 00:00-dan ABŞ-dan gətirilən ümumi məbləğı 60 milyard dollar olan 5 min addan çox mala idxal rüsumu tətbiq edib. Bu addım mayın 10-da ABŞ hökumətinin 200 milyard dollarlıq Çin məhsullarına rüsumun 10 faizdən 25 faizə qaldırılmasına cavab olaraq atılıb.

Xatırladaq ki, ABŞ və Çin ticarət mübahisələrinin nizamlanması üzrə bir neçə ay sürən danışıqlar aparıblar. Məsləhətləşmələrin sonuncu raundu may ayında Vaşinqtonda keçirilib və bundan sonra danışıqlar dalana dirənib. Nəticədə Çindən idxal olunan 200 milyard dollar həcmində malların rüsumu 10 faizdən 25 faizə qaldırılıb. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp, həmçinin 300 milyard dollar həcmində qiymətləndirilən digər Çin mallarına rüsumun artırılması prosesinə başlamaq barədə göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə