“Stres uşağın həyatını məhdudlaşdırmamalıdır” - PSİXOLOQ

“Stres uşağın həyatını məhdudlaşdırmamalıdır” - PSİXOLOQ

"Məktəb, imtahan və gələcəklə bağlı müəyyən qədər narahatlıq uşaqlar və yeniyetmələr üçün normaldır". Bu fikirləri SİA-ya açıqlamasında İngla Kids and Preschool-un direktor müavini,Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə deyib.

Onun sözlərinə görə, hətta bu stres bəzən diqqəti toplamağa, məsuliyyət hissini artırmağa və nəticəyə hazırlaşmağa kömək edir: "Problem stressin olmasında deyil, uşağın gündəlik həyatını idarə etməyə başlamasındadır.

Uşaq imtahandan əvvəl həyəcanlanır, amma yata, qidalana, məktəbə gedə, dostları ilə ünsiyyət qura və imtahandan sonra əvvəlki vəziyyətinə qayıda bilirsə, bu, daha çox normal narahatlıqdır. Narahatlıq həftələrlə davam edirsə, səbəb aradan qalxdıqdan sonra da azalmırsa, məktəbə getməkdən və ya imtahana girməkdən qaçmağa səbəb olursa, artıq buna daha ciddi yanaşmaq lazımdır.

Valideynlərin gözdən qaçırdığı əsas məqamlardan biri odur ki, uşaqlarda psixoloji gərginlik həmişə qorxu və kədər şəklində görünmür. Xüsusilə yeniyetmələrdə qəfil əsəbilik, aqressiv cavablar, otağa çəkilmək, ailədən və dostlardan uzaqlaşmaq, əvvəllər zövq aldığı fəaliyyətlərə marağın azalması daxili gərginliyin əlaməti ola bilər.

Bəzi uşaqlarda isə stress özünü bədən vasitəsilə göstərir. Xüsusilə məktəb səhərləri başlayan qarın ağrısı, ürəkbulanma, baş ağrısı, ürəkdöyünmə kimi şikayətlər bunun göstəricisi ola bilər. Bu əlamətləri dərhal bəhanə kimi qiymətləndirmək düzgün deyil, çünki güclü narahatlıq real fiziki simptomlar yarada bilir.

Digər vacib siqnal uşağın nəticə ilə öz dəyərini eyniləşdirməyə başlamasıdır. Bir aşağı qiyməti sadəcə uğursuz nəticə deyil, özünün bacarıqsız olduğunun sübutu kimi görürsə, kiçik səhvləri böyüdürsə, daim başqaları ilə özünü müqayisə edirsə, burada sadəcə imtahan həyəcanından daha artıq bir vəziyyət ola bilər.

Maraqlıdır ki, ciddi stres yaşayan uşaq həmişə dərsdən qaçan uşaq olmur. Bəzən, əksinə, həddindən artıq dərs oxuyan, özünə istirahət verməyən, yüksək nəticə alsa belə bundan məmnun qalmayan uşaqlar daha böyük daxili təzyiq yaşayırlar. Ona görə yüksək qiymətlər uşağın psixoloji baxımdan yaxşı olduğunun göstəricisi hesab edilməməlidir.

Valideyn üçün əsas meyar narahatlığın uşağın həyatında nəyi dəyişdirdiyidir. Yuxu və iştah uzun müddət pozulursa, məktəbə getmək çətinləşirsə, sosial münasibətlər azalırsa, dərs göstəricilərində ciddi dəyişiklik yaranırsa və uşaq əvvəl rahat etdiyi şeylərdən qaçmağa başlayırsa, peşəkar dəstəyə ehtiyac olub-olmadığını qiymətləndirmək vacibdir.

Valideynin reaksiyası da burada böyük rol oynayır. “Narahat olma, bunda qorxulu heç nə yoxdur, hamı imtahan verir” kimi yanaşmalar uşağı sakitləşdirmək əvəzinə onun hisslərini gizlətməsinə səbəb ola bilər. Uşaq əvvəlcə başa düşüldüyünü hiss etməlidir.

Ən ciddi siqnallar isə davamlı ümidsizlik, özünü dəyərsiz hesab etmək, özünə zərər vermək və ya yaşamaq istəməmək barədə danışmaqdır. Belə ifadələri diqqət çəkmək cəhdi və ya yeniyetməlik kaprizi kimi qəbul etmək olmaz.

Əslində, normal streslə psixoloji problem arasındakı əsas sərhəd uşağın nə qədər narahat olması deyil, həmin narahatlığın onun həyatını nə qədər məhdudlaşdırmağa başlamasıdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə