Batumi şəhəri yaxınlığında kütləvi məzarlıq aşkarlanıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərindəki hərbi hissənin yaxınlığında kütləvi məzarlıq aşkar olunub. SİA xəbər verir ki, bu barədə Batumi və Lazeti Yeparxiyası məlumat yayıb.

Məlumatda deyilir ki, məzarlıq patriarxlıq tərəfindən Gürcüstanın Müdafiə Nazirliyinə müvəqqəti istifadəyə verilmiş ərazidəki 3 saylı hərbi hissənin yaxınlığında, Fridon Xalvaşi küçəsində tapılıb.

Məzarlıqda, 150-yə yaxın cəsədin dəfn olunduğu 4 qəbir yerləşir. Qəbirlərdə nizamsız və hörmətsiz basdırılmış qalıqların 1937-1938-ci illərdə bolşevik repressiyaları zamanı güllələnən insanlara aid olduğu ehtimal olunur. Ekspertlər qalıqların türk hərbçilərinə də məxsus olduqlarını istisna etmirlər.

Məzarlıqda aşkar olunmuş insan sümükləri hərbi bazanın ərazisində aprelin 21-də torpağa tapşırılacaq.

Yeparxiya 1937-1938-ci illərdə Batumidə represiyaya məruz qalmış 698 nəfərin siyahısını dərc edib.

Bildirilir ki, bu məlumatlar Dövlət Təhlükəsizlik Nazirliyinin gizli arxivində qorunub və 1997-1999-cu illərdə “Sovershenno sekretno” qəzetində hissə-hissə dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə