Çin batutçusu Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı

Çin idmançısı Linqlinq Lyu Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə fərdi proqramda qızıl medal (57.050 bal) qazanıb. SİA-nın məlumatına görə, ikinci yerə Kanada təmsilçisi Rozanna Maklennan (56.245), üçüncü yerə isə yaponiyalı Tisato Doihata (55.800) layiq görülüb. Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq. 2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək. Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə