Avropa Liqası üçün könüllülük proqramına qeydiyyat başlandı

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının Bakıda keçirilməsi ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib. SİA AFFA-nın saytına istinadla xəbər verir ki, tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsul olan Assosiasiya bu mötəbər yarışda da könüllülərin xidmətindən yararlanacaq. Qeydiyyat zamanı 1300 könüllünün cəlb olunması nəzərdə tutulub. Könüllülük proqramına nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən istənilən şəxs mürcaciət edə bilər. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərslərin və sair tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni əcnəbi dostlar qazanmaq və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş şəxslər 2019-cu ilin fevralında müsahibəyə dəvət ediləcəklər.

Müsabiqədən keçən könüllülər üçün təlimlər fevraldan etibarən başlayacaq və aprelin sonu – mayın əvvəlinə kimi davam edəcək. Təlimlər əsasən üç müxtəlif sahəni - ümumi (oyunlar və müştəri xidmətləri barədə məlumatlar), rol (vəzifə barədə təlim) və məkan (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) istiqamətləri üzrə təşkil olunacaq.

Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaqlar. Gənclər həmin bilikləri praktiki işdə tətbiq etmək və mühüm təcrübə qazanmaq imkanından yararlana biləcəklər.

AFFA-nın könüllülər komandasına qoşulmaq üçün ərizələr yanvarın 31-dək qəbul ediləcək. Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən şəxslər proqrama qoşulmağa dəvət olunurlar.

Qeydiyyatla bağlı suallar yaranarsa bu barədə volunteer@affa.az email ünvanına müraciət etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə