“Proqres” - “Qəbələ” matçının hakim təyinatları müəyyənləşib

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Proqres” - “Qəbələ” matçının hakim təyinatları müəyyənləşib. SİA-nın məlumatına görə, iyulun 19-da Lüksemburqda keçiriləcək qarşılaşmanı şimali irlandiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Keyt Kennedi olacaq. Ona yan xətt hakimləri həmyerliləri Stefen Donaldson və Kristian Fransis Hanna kömək edəcəklər. Dördüncü hakim funksiyasını Evan Boys yerinə yetirəcək.

Oyunun hakim-inspektoru serbiyalı Milan Karadjiç, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamov olacaq.

Differdanjdakı Munisipal stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

İlk oyunda Lüksemburq təmsilçisi 2:0 hesabı ilə “Qəbələ”dən üstün olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə