Azərbaycan triatlonçusu Avropa kubokunda ikinci yeri tutub - FOTO

Azərbaycan triatlonu cari il ərzində beynəlxalq arenada ilk uğuruna nail olub. Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu uğuru ölkəmizə qazandıran Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında ikinci yeri tutub. İdmançımız bu qələbə ilə həm də aktivinə reytinq xalları yazdırıb.

R.Pevtsov yarışın 750 kilometrlik su mərhələsini 9 dəqiqə 56 saniyəyə başa vurub. O, 20 kilometr məsafəyə veloyürüşü 30 dəqiqə 2 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 5 kilometr məsafəyə qaçış üzrə isə idmançımız 14 dəqiqə 32 saniyəlik nəticə göstərib. Ümumi hesablamada R.Pevtsov 56 dəqiqə 12 saniyə vaxt göstəricisi ilə ikinci yerə layiq görülüb.

Qeyd edək ki, turnirdə 73 idmançı mübarizə aparıb. Yarışın qalibi britaniyali Barklay İzzard olub.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 5 dəqiqə 54 saniyəlik nəticə ilə 12-ci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə