Bu gün Avropa çempionatında növbəti oyunlar keçiriləcək

Sentyabrın 24-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti qarşılaşmalar keçiriləcək.

SİA-nın verdiyi məlumata görə, "B" qrupunda Tbilisidə hesabında xal olmayan Gürcüstan komandası İtaliya və Xorvatiyaya məğlubiyyətdən sonra iki xala malik Belarus voleybolçuları ilə təsəlli oyununa çıxacaq. Altı xala malik İtaliya isə dörd xalı olan Xorvatiya ilə liderlik uğrunda qarşılaşacaqlar.

"C" qrupunda yer alan Türkiyə ilə Bolqarıstan ikinci oyunlarında bir-biriləri ilə qarşılaşacaqlar. Türkiyə komandası ilk görüşündə Rusiyaya məğlub olub, Bolqarıstan voleybolçuları Ukrayna millisindən üstün olub. Əvvəlki turlarda Ukrayna və Türkiyə kollektivlərini məğlubiyyətə uğradan və aktivində 5 xal olan son Avropa çempionu Rusiya qrupda liderdir. Hər birinin hesabında 2 xal olan Bolqarıstan və Ukrayna ikinci-üçüncü yerləri bölüşürlər. Aktivində xal olmayan Türkiyə komandası isə sonuncu pillədə qərarlaşıb.

Avro-2017-nin "D" qrupunda da növbəti turun matçları oynanılacaq. Çexiya komandası Hollandiya, Belçika isə Serbiya ilə qarşılaşacaq. Əvvəlki turlarda Hollandiya voleybolçuları Belçikadan, Serbiya millisi isə Çexiyadan və Hollandiyadan üstün olub. Bu qrupa aktivində altı xal olan Serbiya yığması başçılıq edir. Hərəyə üç xalı olan Hollandiya və Çexiya qrupda ikinci-üçüncü yerləri tuturlar. Hesabında xal olmayan Belçika millisi isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, "A" və "C" qrupunun matçları Bakıda Milli Gimnastika Arenasında, "B" qrupunun görüşləri Tbilisidə Yeni İdman Kompleksində, "D" qrupunun oyunları isə Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə