Naxçıvanda vergi orqanlarına işə qəbul üçün test imtahanları olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün bu il martın 4-də elan edilmiş müsabiqənin test imtahanları olub. Komissiyadan bildirilib ki, dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılıb. İşə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, vergi orqanlarına yararlı olmasının müəyyən edilməsi şəffaflıq və obyektivlik əsasında aparılıb.

Test imtahanlarının keçirilməsində əsas məqsəd vergi orqanlarında kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə edilməsi, eləcə də istedadlı gənclərin vergi xidmətinə işə cəlb olunmasından ibarətdir.

Əvvəlcə namizədlərə slayd vasitəsilə imtahan və test pro­qramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda qanunvericilik və ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. 33 vakant vəzifənin tutulması üçün qeydiyyatdan keçmiş 62 namizəddən 54-ü test imtahanında iştirak edib, 18 nəfər müvafiq keçid balını (70 bal) toplayıb.

Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim olunub. İmtahanda Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər.

Nəticələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...