Müəllim və şagirdlər “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olublar

May ayının 18-də Lənkəran rayonun Viravul kənd 2 saylı orta məktəbinin bir qrup müəllim və şagirdi İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatına ekskursiya ediblər. SİA-nın xəbərinə görə, müəllim və şagirdlərə təsərrüfatın fəaliyyəti barədə ətraflı məlumat verilib, qonaqlara ötən il inşa edilən müasir kümxana ilə tanışlıq imkanı yaradılıb, onlar ipəkqurdunun bəslənmə şəraiti ilə yaxından tanış olublar. Şagirdlər həvəslə ipəkqurdlarının yemlənməsində iştirak ediblər. Sonra məktəblilərə Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 2-də baş çəkdiyi çay plantasiyası göstərilib.

Təsərrüfatın rəhbəri Araz Yağubov şagirdləri maraqlandıran sualları cavablandırıb, təsərrüfatın yaranma tarixindən, gələcək planlarından, onlara göstərilən dövlət qayğısından, gələcək inkişaf planlarından ətraflı məlumat verib. Bildirib ki, çoxprofilli təsərrüfatda əsas diqqət çayçılığın inkişafına yönəldilib. Təsərrüfatın 150 ha torpaq sahəsi vardır. Onun 70 hektarında çay əkilib. Artıq bir neçə ildir ki, məhsuldar sahələrdən məhsul yığılır. Yığılan yaşıl çay yarpağı təsərrüfatın mini çay fabrikində emal edilrək qablaşdırılır və satışa çıxarılır.

Məktəblilər gördüklərindən, əldə etdikləri zəngin təəssüratdan məmnun qalıblar. “Yaşıl çay” fermer təsərrüfatına, onun rəhbəri Araz Yağubova uğurlar arzulayan məktəbin direktoru Araz Babayev bir daha buraya yenidən gəlmək istədiklərini, “Yaşıl çay”da görülən işlərin hər bir təsərrüfat rəhbəri üçün əsil nümunə olduğunu diqqətə çatdırıb.

Sonda çay plantasiyasında xatirə şəkili çəkdirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə