Astaranın dağ kəndlərinin abadlaşdırılması diqqət mərkəzindədir

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin qəsəbə və kəndlərlə yanaşı ən ucqar yaşayış məntəqələrində əhali ilə görüşləri davam edir. SİA-nın məlumatına görə, Kijəbə qəsəbə inzibati ərazi dairəsinin dağ kəndlərindən olan Noyabud kəndində keçirilən səyyar qəbulda sakinlər bu barədə ürəkdolusu danışdılar. Kənddə 200 nəfər əhali yaşayır. Məşğuliyyətləri sitrusçuluq, heyvandarlıq və arıçılıqdır.

Kənd sakinlərindən Nəcibəddin Dadaşov, Nüsrət Həkimov, Hesab Fərziyev, Sahimə Talıbova, Rövşən Fərziyev, Könül Fərziyeva və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikada və rayonda görülən geniş quruculuq abadlıq işlərindən razılıq edərək, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərə görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə ediblər. Ölkənin yüksək iqtisadi inkişafından qürur duyduqlarını, sosial sahədəki yenilikləri ürəkdən bəyəndiklərini bildiriblər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı kənd yolunun əsaslı təmiri, kənddəki çay üzərində körpünün qoyulması, elektrik xətt təsərrüfatının yeniləndirilməsi, əlavə elektrik transformatorun qoyulması, kəndə telefon xəttinin çəkilməsi, tibb məntəqəsinin və ibtidai məktəbin açılması, sosial yardımın uşaq pulu ilə əvəz edilməsinə köməklik göstərilməsi və s. barədə təkliflər veriblər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinlərlə səmimi və işgüzar görüşdən razılığını bildirib, qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar tapşırıqlar verib, digərlərinin araşdırılaraq tədbirlər görüləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, nümayəndəliyin əksər kəndləri dağlıq ərazidə yerləşdiyindən bütün problemlərin birdəfəlik həlli mümkün deyil. Ancaq diqqət yetirsək görərik ki, cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına son illər qəsəbədə böyük işlər görülüb. Sizin də istifadə etdiyiniz Deqədi-Pəlikəş-Sım, Ojakəran-Təngərüd avtomobil yolları asfaltlaşdırılmış, məktəblər tikilmiş, sahə xəstəxanası əsaslı təmir olunmuş, Şəmətük kənd ibtidai məktəb üçün modol tipli binanın tikintisi yenicə başa çatdırılıb, Burzubənd kənd tam orta məktəbi üçün ən müasir layihəyə uyğun yeni binanın tikintisi davam edir.

Kənddə iş yerlərinin yaradılması ilə əlaqədar onu deməliyəm ki güzəranınızı yerli şəraitə uyğun qurmalısınız. Sitrus əkinini yeni məhsuldar sortlarla artırmaq lazımdır. Özünüməşğulluq layihəsinə qoşularaq dövlətin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edin. Bununla hər kəs bacardığı sahəyə uyğun həyat səviyyəsini yaxşılaşdıra bilər. Sevindiricidir ki, insanlarımız qoçaq, torpağa bağlı insanlardır.

İcra başçısı Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanımızın onun siyasi varisi möhtərəm cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü daxili və xarici siyasəti ilə uğurlu inkişafından bəhs edərək həyata keçirilən çevik iqtisadi siyasətin qısa müddətdə müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Tədbirdə Prezident Administrasiyasının Ərazi Təşkilat şöbəsinin sektor müdiri Dəyanət Abdullayev iştirak edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...