YAP Sədərək rayon təşkilatında görülən işlər müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatı 23 ilk partiya təşkilatını əhatə edir və ümumilikdə 1541 üzvü var. Partiya üzvlərinin 308-i qadın, 400-ü isə gəncdir. Hesabat dövründə təşkilatın sıralarına 14 üzv qəbul edilib. SİA xəbər verir ki, bu faktlar YAP Sədərək rayon təşkilatında 2019-cu ilin birinci rübündə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, rayon təşkilatı fəaliyyətini təsdiq olunmuş iş planı əsasında qurub. Vaxtlı-vaxtında keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib.

Vurğulanıb ki, 2019-cu ilin birinci rübündə təşkilatın 1 şura iclası, 3 İdarə Heyəti yığıncağı keçirilib.

Arif Qasımov deyib ki, 2019-cu ildə partiya üzvlərinin qarşısında duran əsas vəzifə əhali arasında ideya-siyasi işi gücləndirməkdən ibarət olmalıdır. Partiyanın hər bir üzvü Proqram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıq göstərməlidir.

Tədbirdə YAP Sədərək rayon təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Heydərabad qəsəbə ərazi ilk partiya təşkilatının sədri Vüqar Qasımzadə, Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Əjdər Məmmədhəsənov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu da Azərbaycanın yeni müstəvidə inkişafını təmin edib. Bu gün Naxçıvan Muxtar Respublikası da bütün sahələrdə böyük nailiyyətlər qazanır. Qədim diyarımız başdan-başa gözəlləşir, quruculuq işləri hər il daha da geniş vüsət alır. Bu prosesdə YAP üzvləri də fəaldırlar.

Şura iclasında cari ildə görüləcək işlərlə bağlı qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə