Türkiyə bir daha böyük gücə və qüdrətə malik dövlət olduğunu dünyaya nümayiş etdirdi
Tarixi reallıq ondan ibarətdir ki, dünyada sülhə və təhlükəsizliyə, insanların dinc yaşamasına ən böyük əngəl beynəlxalq terrorizmdir. Beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıq bəşəriyyətin sakit, rəvan, insanların sülh şəraitində yaşamasına ciddi problemlər yaradır. Təbii ki, terrorizm təsadüfən, həm də fərdlərin, eləcə də qrupların istəyi ilə yaradılmır. Beynəlxalq terrorizmin arxasında böyük güclər dayanır. Hansı ki, onlar öz güc və qüdrətlərini başqalarına diktə etmək üçün terrorizmdən istifadə edirlər. Hətta beynəlxalq terrorizmin arxasında dayanan dövlətlər terrora və terrorun maliyyələşməsinə milyardlarla dollar maliyyə vəsaitləri xərcləyirlər. Dünyada mövcud olmuş və hələ də bəzilərinin fəaliyyət göstərdikləri terror təşkilatları arasında ən amansızları "ASALA", "PKK", "Daşnakstyun", İrland "İRA-sı, bask ETA-sı və "Əl Qaida"dir. Görünən ondan ibarətdir ki, tərəqqipərvər dövlətlərin, sülhsevər xalqların dəstəyi, bəzən isə ölkələrin sərt antiterror əməliyyatları ilə terror təşkilatların bir qismini sıradan çıxarmaq mümkün olur. 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan işğal olunmuş ərazilərində fəaliyyət göstərmiş "ASALA" və "Daşnakstyun" terror təşkilatlarını tamamilə məhv etdi. İndi isə növbə "PKK"nındır. Daha doğrusu, artıq Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi sərrast əməliyyatlar nəticəsində sonuncu terrorçuya qədər məhv ediləcəklərini anlayan "PKK" terror təşkilatı ağ bayraq qaldıraraq təslim olmağa məcbur olub. "PKK" 1978-ci ildə Türkiyəni zəiflətmək, hətta bölünməsinə nail olmaq məqsədi ilə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən yaradılsa da, sonradan onun idarə edilməsini və maliyyələşməsini Qərbin və ABŞ-ın bir sıra dairələri həyata keçirib. 1984-cü ildə qurulduğu gündən bu yana on minlərlə insanın həyatını itirməsinə səbəb olan "PKK" hər kəsi, o cümlədən əsgər, polis, qadın, uşaq ayrı-seçkiliyi etmədən öldürür.
Baş terrorçunun ölüm cəzası sonradan ömürlük həbs cəzası ilə əvəzləndi
"PKK" terror təşkilatı qəsb, silah və narkotik ticarəti kimi fəaliyyətlərlə də məşğuldur. "PKK"-nın uşaqların qaçırılması və zorla orduya cəlb edilməsi ilə bağlı da uzun müddətdir ki, cinayət keçmişi var. "PKK" terror təşkilatı Türkiyənin turizm sənayesini, iqtisadi infrastrukturu, təhsil müəssisələrini, səhiyyə ocaqlarını, dövlət və özəl müəssisələr hədəfə alır. Bu kontekstdə təşkilat infrastrukturlara, obyektlərə, məktəblərə və təcili yardım maşınlarına hücum, səhiyyə işçilərini və gömrük işçilərini qaçırmaq kimi bir çox üsuldan istifadə edir. "PKK" bu üsullarla yanaşı, pusqu və sui-qəsdlər təşkil edir, təşkilatla əməkdaşlıq etməyən mülki şəxsləri edam edir, adam oğurluğu həyata keçirir, şəhər mərkəzlərində kamikadzelərdən istifadə edərək terror aktlarını davam etdirir. Terror təşkilat 1998-ci ilə qədər Suriyada sığınacaq tapıb. Daha sonra təşkilatın lideri Abdullah Öcalan Suriyadan qaçıb, Keniyada gizləndi. Lakin o, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılaraq Türkiyəyə gətirilərək istintaqa təhvil verildi. Baş terrorçu məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
2003-cü il Körfəz Müharibəsindən sonra Şimali İraqda yaranan hakimiyyət boşluğundan istifadə edən "PKK" terror təşkilatı Qəndil dağı ətrafında müxtəlif terror düşərgələri qurub, burada silahlılarına təlim keçib və Türkiyənin şəhər və kəndlərinə, qəsəbələrinə hücumlar təşkil edib. 14 oktyabr 2009-cu ildə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi təşkilatın yüksək səviyyəli rəhbərləri Murat Karayılan, Əli Rıza Altun və Zübeyir Aydarı əhəmiyyətli xarici narkotik tacirləri olmasına dair qətnamə qəbul edib. 20 aprel 2011-ci ildə terror təşkilatının qurucuları Cəmil Bayık və Duran Kalkanı, bəzi digər yüksək rütbəli üzvləri ilə birlikdə Xarici Narkotik Dəstələrinin Təyinatı Qanunu çərçivəsində Xüsusi Təyin olunmuş Narkotik Tacirləri elan olunublar. Hazırkı fars-molla rejiminin ərazilərində, Ermənistanda, Suriya və İraqda "PKK"-nın dayaq dəstələri fəaliyyət göstərirlər. İmralı adasında ömürlük həbs cəzasını çəkən Abdullah Öcalanın rəhbərlik etdiyi "KCK" "PKK" ilə eyni təşkilatdır. "KCK" fars-molla rejimin ərazilərində "PJAK", İraqda "Tavqari Azadi", Suriyada "PYD"/"YPG" adlanır. "PYD"/"YPG"-nin "PKK" ilə əlaqəsi aydındır. "PYD"/"YPG" 2003-cü ildə "PKK" terror təşkilatının nəzarətində yaradılıb və hər iki terror təşkilatı eyni rəhbərlik heyətini, təşkilati quruluşunu, strategiyasını, taktikasını, hərbi quruluşunu, təbliğat vasitələrini, maliyyə imkanlarını və təlim düşərgələrini bölüşür.
Terrorçular silahı yerə qoyub təslim oldular
Türkiyə "PKK" terrorçu təşkilatına qarşı əhəmiyyətli əməliyyatlar aparıb. Bu əməliyyatlar nəticəsində çoxsaylı terrorçu, o cümlədən də onların rəhbərləri öldürülüblər. 2019-cu ildə Türkiyə təhlükəsizlik qüvvələri bir çox "PKK" yaraqlısını ölkədən sıxışdırıb çıxarmağa nail olmuşdur. Bundan sonra döyüşlər əsasən terrorçuların yerləşdikləri İraqın şimalında yerləşən Kürdüstan bölgəsini və Suriyanın şimalını əhatə etmişdir. 2024-cü ilin oktyabr ayında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında "PKK" terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək burada qruplaşmanın buraxılmasını elan etməsini təklif etmişdir. Abdullah Öcalan terrorla nəticə əldə edə bilməyəcəklərini anlayaraq D.Baxçalının təklifini dəstəklədiyini bəyan etdi. Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub. Öcalanın adından yayılan yazılı müraciətdə "silahı buraxın" çağırışı yer alıb: "Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm". Nəhayət, 40 ildən sonra "PKK" silahı yerə qoyduğunu bəyan etdi. "PKK" mayın 9-da verdiyi açıqlamada İmralı F Tipi Yüksək Mühafizəli Qapalı Həbsxanada saxlanılan Abdullah Öcalanın fevralın 27-də etdiyi "Sülh və Demokratik Cəmiyyətə Çağırış"la bağlı 12-ci Qurultayını keçirdiyini açıqlayıb. "PKK"-nın açıqlamasında 12-ci Qurultayın 5-7 may tarixləri arasında keçirildiyi, qurultayın nəticələri və alınan qərarlarla bağlı geniş və təfərrüatlı məlumat və sənədlərin tezliklə ictimaiyyətlə paylaşılacağı bildirilib."PKK"-nın yekun bəyannaməsində "Abdullah Öcalanın 27 fevral bəyanatı ilə başlayan proses, 5-7 may tarixləri arasında toplanan 12-ci Partiya Qurultayının həyata keçirdiyi çoxşaxəli işlər və fərqli üslublarda təqdim etdiyi perespektivlər işığında uğurla tamamlandı" ifadəsi yer alıb. Bəyannamədə, "Toqquşmaların davam etdiyi, havadan və qurudan hücumların davam etdiyi, həmçinin bölgələrimizdəki mühasirə və KDP embarqosunun davam etdiyi çətin şərtlərə baxmayaraq, qurultayın təhlükəsiz şəkildə keçirildi bildirilir. Təhlükəsizlik baxımından qurultay iki fərqli sahədə eyni vaxtda keçirildi. Ümumilikdə 232 nümayəndənin iştirakı ilə keçirilən PKK-nın 12-ci Konqresi müvafiq qərar qəbul etdi.
Bəyannamədə, "PKK-nın Fövqəladə 12-ci Konqresi kürd problemini demokratik siyasət yolu ilə həll etmək həddinə çatdığı və "PKK"-nın bu yöndə tarixi missiyasını artıq başa vurduğu bildirilir. Bu əsasda "PKK"-nın 12-ci Konqresi PKK-nın silahlı təşkilatlanma metodu adı altında aparılan mübarizəni ləğv etməyə qərar verdi və bununla da "PKK" silahlı mübarizəni sonlandırdı", - deyə bəyan edilir.
Türkiyə hər bir pozucu, terrorçu şəbəkəni əzib keçməyə hazırdır
"PKK" terror təşkilatının silahı yerə qoyması və təslim olması Türkiyənin gücünün və qüdrətinin göstəricisidir. Bununla sübuta yetirildi ki, Türkiyə ilə heç bir halda zor müstəvisində, hətta terror əməlləri ilə danışmaq mümkün deyil. İstənilən halda Türkiyə hər bir pozucu, terrorçu şəbəkəni əzib keçməyə hazırdır və bunu əməli fəaliyyəti ilə sübuta yetirib. Türkiyənin xarici işlər naziri Hakan Fidan PKK terror təşkilatının ləğvi və tərksilah edilməsi qərarı ilə bağlı açıqlamasında bildirib ki, bu qərar verildikdən sonra atılacaq əməli addımlar var. Onları yaxından izləyəcəyik. Nazir Hakan Fidan " PKK"-nın fəaliyyətini dayandırmaq və tərksilah etmək qərarının tarixi və əhəmiyyətli bir qərar olduğunu bildirib: "Bu qərarı xüsusilə bölgəmizdə hökm sürən daimi sülh və sabitlik baxımından çox əhəmiyyətli görürəm. Bu qərarın qəbulundan sonra atılacaq əməli addımlar var. Onları yaxından izləyəcəyik.Ən böyük arzumuz Türkiyədə son 20 ildə inkişaf etdirdiyimiz demokratiya, azadlıq, rifah və təhlükəsizlik sahələrinin daha da genişlənməsi və Türkiyədən sıçrayaraq bölgəmizdəki digər dövlətlərə və xalqlara müsbət təsir göstərməsidir. İnanıram ki, bu qərar səmimi və digər narahatlıqları aradan qaldıracaq şəkildə həyata keçirilərsə, gələcəyimiz üçün, vətəndaşlarımız üçün, hər kəs üçün çox faydalı bir qərar olar".
Hakan Fidan bu barədə MHP sədri Dövlət Baxçalının çıxışını da xatırladıb: "Hörmətli Baxçalı bu mövzuda tarixi bir çağırış etdi. Prezidentimizin çox güclü iradəsi var. Hazırda qurumun bu məsələyə də müsbət reaksiyası var. Təbii ki, bu tarixi məsuliyyətdə biz bu ölkənin övladları olaraq öz müdrikliyimizlə, öz sağlam düşüncəmizlə, öz ağlımızla, öz iradəmizlə öz problemlərimizi həll edə biləcəyimizi göstəririk. Düşünürəm ki, bu, millət, bölgəmiz və mənsub olduğumuz sivilizasiya üçün son dərəcə vacib bir addımdır. Praktikada görüləsi işlər çoxdur, təfərrüatlı məsələlər çoxdur. Amma bu gün bu ümumi müsbət atmosferdən başqa heç nə demək istəmirəm. Bu gün Nazirlər Kabinetinin iclası var. Biz orada prezidentimizin sədrliyi ilə toplanacağıq. Əminəm ki, bu məsələ gündəmə gətiriləcək və möhtərəm Prezidentimiz bu məsələ ilə bağlı yekun qiymətləndirmələrini millətimizlə bölüşəcək".
Prezident İlham Əliyev "PKK" terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "PKK" terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib. Azərbaycan Prezidenti İlham Əliyev X sosial şəbəkə hesabında bununla bağlı etdiyi paylaşımda bildirib: "Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi "Terrorsuz Türkiyə" hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram".
Azərbaycan Xarici İşlər Nazirliyi "PKK" terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb. Bu barədə XİN-nin "X" hesabında paylaşım edilib. "Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq", - paylaşımda deyilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən də "PKK"nı özünü buraxmasına xüsusi önəm verilib. Prezident İlham Əliyev "PKK" terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb. "PKK" terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Dövlətimizin başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.
Bir sözlə, Türkiyə hərbi, siyasi, diplomatik gücü ilə terrorçuları təslim olmağa məcbur etdi. Söz yox ki, dünyanın ən amansız terror təşkilatı olan "PKK"nın zərərsizləşdirilməsi təkcə Türkiyəyə sakitlik, sabitlik gətirməyəcək, həm də yaxın Şərqdə sülhün və təhlükəsizliyin təmin olunmasına imkanlar yaradacaq. Buna görə, Türkiyə dövlətinə, onun rəhbərliyinə və xalqına təşəkkürlər.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə